Qax turizm imkanlarını səfərbər edir

 

İlisu Dövlət Təbiət Qoruğu Böyük Qafqazın cənub yamacları üçün xarakterik olan təbiət komplekslərinin öyrənilməsi, təbiət hadisələrinin izlənilməsi, həm Böyük Qafqaz, həm də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən nadir flora və fauna nümunələrinin qorunub saxlanması üçün bənzərsiz imkanları ilə səciyyəvidir. Bu qoruq həm də İsmayıllı və Zaqatala qoruqları arasında bufer rolunu oynayır. Böyük bir ərazidə heyvanat aləminin miqrasiya prosesinə şərait yaradır. Ətrafdakı qoruqlar üçün mərkəz sayılır. Bu baxımdan qoruğun ekoloji və biosfer əhəmiyyəti xüsusi qeyd edilməlidir.

Nazirlər Kabinetinin 16 iyun 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə İlisu Dövlət Təbiət Qoruğu nəzdində Qax Dövlət Təbiət Yasaqlığı yaradılıb. Yasaqlıqla birlikdə qoruğun sahəsi 54217,6 hektardır. Qoruq dəniz səviyyəsindən 174-3485 metrədək yüksəklikdə yerləşir və ərazisini çox mürəkkəb relyefə malik dağ silsilələri, dağlararası çökəkliklər, sərt qayalar, alp və subalp çəmənlikləri, yüksək maililikdə birinci dərəcəli torpaq və suqoruyucu meşə qurşağı, böyük düşməyə və mailə malik dağ çayları, çaylaqlar, həmçinin Alazan (Qanıx) vadisi - Tuğay meşəlikləri, çöl və yarımsəhra ərazilər təşkil edir. Burada beş iqlim tipi formalaşıb.

Xüsusi mühafizə olunan təbiət ərazisində iki yüksək dağ gölü - dəniz səviyyəsindən 2800 metr hündürlükdə Murana, 3100 metr hündürlükdə Novur gölləri, dağ şəlalələri, təbii müalicəvi mineral suları, coşqun çayları yaxın gələcəkdə regionda ekoturizmin inkişafına güclü zəmin yaradır.

Qax rayonu geniş imkanlara malik flora və faunası ilə yanaşı, qədim yaşayış məskənləri, tarixi abidələri ilə də zəngindir. Turistlərin əsas maraq obyekti gəldikləri ölkənin tarixi, məişəti, adət-ənənələri, gəzməli və görməli yerləri olur. Abidələr bu baxımdan önəmli əhəmiyyət kəsb edir. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, Qax rayonunda 68 tarix və mədəniyyət abidəsi qeydiyyata götürülüb. Bunlardan 2-si dünya əhəmiyyətli, 18-i ölkə əhəmiyyətli, 48-i isə yerli əhəmiyyətlidir. Qaxda 48 memarlıq, 18 arxeoloji, 2 monumental-xatirə abidəsi var. Mövcud tarix və mədəniyyət abidələrinin yenidən siyahıya alınması ilə əlaqədar rayonda aşkar edilmiş tarixi abidələr haqqında məlumatlar hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.

"Azərbaycanın təbiətinin, həmçinin Qax rayonunun füsunkar gözəlliklərinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Sadəcə olaraq, biz gərək bu gözəllikləri dünyaya təqdim etməyi bacaraq, mehmanxanalar və aeroportlar yaradaq. Gözəl təbiətə malik olan bölgədə prioritet istiqamətlərdən birini məhz turizmin inkişafı təşkil edir" deyən ölkə Prezidenti İlham Əliyev Qaxda turizmin inkişafı üçün hər cür resursun olduğunu bir daha vurğulamışdır.

Rayonda turizm sənayesinin inkişafına maraq və diqqət getdikcə artır. Hələ ki 9 turizm obyekti turistlərə xidmət edir və yeni turizm mərkəzləri tikilməkdədir. Hər il Qaxdakı turizm mərkəzlərində minlərlə yerli və xarici turist istirahət edir, müalicə olunur. Turizm mərkəzlərində xidmətlə bağlı qiymətlərə ucuz demək olmaz - 27-30-55-80 manat aralarında dəyişir. Obyektlərdə yerlərin sayı 600-ə çatdırılıb. Rayona gələn turistlərin sayı ildən-ilə artır.

Rayonda "Turizm ili" ilə bağlı xüsusi tədbirlər planı tutulub, görüləcək işlər müəyyənləşdirilib. İl ərzində yeni turizm obyektlərinin açılması, yeni turizm növlərinin yaradılması və xidmətin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulub.

"Turizm ili" ilə əlaqədar rayonun Zəyəm kəndində atçılıq turizm mərkəzinin yaradılması da nəzərdə tutulub. Mərkəzin açılmasında əsas məqsəd atçılıq turizmini, qədim milli atüstü oyunları inkişaf etdirməkdir.

Qax şəhərinin mərkəzində yerləşən "Qala qapısı və qala divarları" memarlıq abidəsində restavrasiya işləri tamamlanıb, yaxın vaxtlarda orada "İçəri bazar" turizm ticarət mərkəzinin açılışı gözlənilir. Turizm ticarət mərkəzində turistlərə xidmət üçün müxtəlif ictimai-iaşə obyektləri, turistlərin asudə vaxtlarının təşkili məqsədilə "Yaşıl teatr" fəaliyyət göstərəcəkdir. Mərkəzdə rayonun ictimai-siyasi həyatını, məişətini, keçmiş adət-ənənələrini əks etdirən sərgi təşkil ediləcəkdir. Turizm ticarət mərkəzinə gələn hər bir turist Qaxın keçmişi, əhalinin yaşam tərzi, adət-ənənələri, məişəti, kulinariyası haqqında müfəssəl məlumat ala biləcək, bu obyektlərin xidmətlərindən yararlanacaqlar. Qaxın turizm imkanlarını əks etdirən bələdçi kitabı da hazırlanır.

"Turizm ili"ni yüksək səviyyədə başa vurmaq üçün rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə turizm obyektlərinin rəhbərləri və aidiyyəti orqanlarla birgə "Uludağ" turizm və istirahət mərkəzində görüş keçirilib. Görüşdə yeni turizm mövsümünə hazırlıq işlərinin vəziyyəti, obyektlərdə bu məqsədlə görülmüş işlərin yekunları, qarşıda duran vəzifələr, problemlər və onların həlli yolları barədə danışılıb.

Bənzərsiz təbiət gözəllikləri, qonaqpərvər qaxlılar turistlərin yolunu gözləyirlər. O da həqiqətdir ki, Qax rayonunun kurort və turizm resurslarından hələ kifayət qədər istifadə olunmur.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.-22 iyun.- S.4.