Sumqayıtda kitab bayramı
Dünən Sumqayıtda ümummilli lider Heydər Əliyevin abidəsi önündə qələbəlik vardı. Şəhər tədbirlərinin əsas ünvanı olan bu məkanda ənənəvi kitab bayramı keçirilirdi.
Ümummilli liderin həyat və yaradıcılığına həsr olunan kitabları, tariximizi özündə əks etdirən monoqrafiyaları, uşaq ədəbiyyatı nümunələrini hər kəs maraqla qarşıladı.
Sumqayıtda fəaliyyət göstərən teatr kollektivlərinin ifasında Azərbaycanın milli və tarixi qəhrəmanlarının səhnələşdirilmiş obrazları canlandırıldı. Qonaqlar şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin gənc rəssamlarının əl işlərilə tanış oldular. Simuzər Əhmədzadə, Vüsal Abbaszadə, Saməddin Orucov, Vüsal Qubadovun əl işləri oraya toplaşanların marağına səbəb oldu. Gənc rəssamların əl işlərinin ayrıca sərgisinin keçirilməsi qərara alındı.
Nəşriyyat rəhbərləri, kitab evlərinin nümayəndələri ilə görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov sumqayıtlıları bayram münasibətilə təbrik etdi. Bildirildi ki, bu gün nümayiş etdirilən kitabların çoxu Heydər Əliyev Fondunun yardımı və dəstəyi ilə nəşrə hazırlanmışdır.
E.Əzizov şəhərdə aparılan geniş quruculuq işləri barədə də məlumat verərək dedi ki, dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən həyata keçiriləcək layihələrin reallaşması üçün bu gün şəhərdə geniş tikinti-quruculuq işləri gedir. Sumqayıt Bələdiyyə və Nəsimi parklarında əsaslı təmir işləri davam etdirilir. Yaxın zamanlarda sumqayıtlıların sevimli istirahət yerləri müasir tələblər səviyyəsində təmir edilərək əhalinin istifadəsinə veriləcəkdir.
Tədbir bayram konserti ilə davam etdirildi.
Akif ƏLİYEV
Azərbaycan.- 2011.- 22 iyun.- S. 5.