Ermənistan nümayəndə heyəti AŞPA-da növbəti dəfə siyasi məğlubiyyətə uğramışdır

 

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti növbəti dəfə siyasi məğlubiyyətə uğramışdır.

Ermənistan deputatlarının cidd-cəhdinə baxmayaraq, AŞPA-nın yay sessiyasının ilk günündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin yığıncağı keçirilmişdir. Ermənistan nümayəndə heyəti isə komitənin iclasında iştirakdan imtina etmişdir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə bildirmişdir ki, iclasda Azərbaycan nümayəndə heyətinin üzvləri, müxtəlif siyasi partiyaların təmsilçiləri, o cümlədən Ermənistan üzrə həmməruzəçilər və AŞPA katibliyinin nümayəndələri iştirak etmişlər.

Komitədə Ermənistan nümayəndə heyətinin iclasda mütləq iştirakı barədə fikirlər səslənmiş və ermənilərin bundan imtina etməsinin xoşagəlməz nəticələrə səbəb olacağı bildirilmişdir.

S.Seyidov bildirmişdir ki, Avropa Şurası istər assambleya, istərsə də komitə səviyyəsində konkret və əyani olaraq bir daha sübut etdi ki, Azərbaycan tərəfi münaqişə ilə bağlı danışıqlar prosesində həddən artıq konstruktiv, başa düşülən və Avropa dəyərlərinə uyğun olan beynəlxalq qanun çərçivəsində hərəkət etmiş, edir və bundan sonra da edəcəkdir. Ermənistan isə müxtəlif bəhanələrlə Avropa, dünya və beynəlxalq ictimaiyyət tərəfindən təklif olunan normalara və davranış qaydalarına riayət etmək fikrində deyil. Bu, həm bizim, həm də beynəlxalq qurumlar üçün əlavə sübutdur ki, danışıqlar prosesində kim hansı mövqeyə malikdir.

S.Seyidov qeyd etmişdir ki, iyunun 22-də Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-nın sessiyasında çıxışı gözlənilir. Artıq onun sessiyada münaqişə ilə bağlı deyəcəyi fikirlər heç nəyi dəyişməyəcək. Çünki erməni deputatlar əyani şəkildə göstərdilər ki, onlar AŞPA-nın yaratdığı alt komitənin işindən imtina edirlər.

Qeyd edək ki, cari il yanvarın 25-də AŞPA-nın bürosu alt komitənin fəaliyyətinin bərpa edilməsi barədə yekdilliklə qərar qəbul etmişdir. Komitənin tərkibi də müəyyən olunmuşdur. Ermənistan tərəfi o zaman da komitənin yaradılmasına və onun fəaliyyətinə hər vəchlə maneçilik törətməyə çalışırdı. Amma onlar heç nəyə nail ola bilməmişdilər.

 

 

Azərbaycan.- 2011.-22 iyun.- S. 6.