"Müasirlərlə
dialoq" layihəsi çərçivəsində daha bir
görüş reallaşmışdır
İyunun 21-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda "Müasirlərlə dialoq" layihəsi çərçivəsində əməkdar elm xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovla görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, görüşdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) istehsalı olan "Tarixin izi ilə... Yaqub Mahmudov" sənədli televiziya filmi nümayiş olunmuşdur.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Y.Mahmudovun alim, ziyalı, siyasi xadim kimi çoxşaxəli fəaliyyətindən danışmışdır.
Bildirmişdir ki, Yaqub Mahmudovun rəhbərlik etdiyi AMEA-nın Tarix İnstitutunda son zamanlar böyük işlər görülmüş, tariximizin daha dəqiq araşdırılması və təbliği istiqamətində mühüm addımlar atılmışdır.
Tədbirdə çıxış edən Yaqub Mahmudov siyasi portret janrında ekranlaşdırılmış "Tarixin izi ilə... Yaqub Mahmudov" sənədli televiziya filminin çəkilmə səbəblərindən və ekran əsərində cərəyan edən hadisələrdən söz açmışdır.
Ekran əsərinin yaranması ideyasından söz açan alim demişdir ki, xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş "...yaşıl atlas, ömürdən səhifələr" bədii-sənədli filminə baxdıqdan sonra özüm haqqında filmin çəkilməsinə razılıq verdim. Ona görə ki, böyük şairin həyat yolundan, yaradıcılığından bəhs edən bu ekran əsərində onun uzun illər çalışdığı, zəhmət çəkdiyi "Azərbaycan Ensiklopediyası"ndakı fəaliyyəti əks olunmamışdır. "Tarixin izi ilə... Yaqub Mahmudov" sənədli televiziya filmində mən o boşluğu doldurmaqla mənən rahatlıq tapdım.
Diqqətə çatdırılmışdır ki, 45 dəqiqəlik bu filmin çəkilişləri Şəki, Balakən və Bakıda aparılmışdır. Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan söhbət açılmışdır.
Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Muradov, operatoru Mətləb Yaqubovdur.
"Tarixin
izi ilə... Yaqub Mahmudov" sənədli televiziya filmi
nümayiş olunduqdan sonra Y.Mahmudov
iştirakçıların suallarını
cavablandırmışdır.
Azərbaycan.- 2011.-22 iyun.- S. 6.