"Mədəniyyətimizin və
mədəni incilərimizin hamisi" kitabının ingilis və
ərəb dillərində variantlarının təqdimatı
keçirilmişdir
Dünən M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyət sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətini əks etdirən "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş variantlarının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Mədəniyyətinin Dostları Fondu yarandığı gündən xalqımızın mədəniyyəti və incəsənətinin təbliği kimi mənəvi missiyanı şərəflə daşıyır. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində mədəniyyətə, mədəni irsimizin qorunub saxlanmasına, incəsənətə, tarixi və maddi-mədəniyyət abidələrinin dünyanın mədəni irs siyahısına salınması istiqamətində göstərdiyi vətənpərvərlik fəaliyyəti isə xüsusi nümunəyə çevrilib. Azərbaycanın birinci xanımının YUNESKO və İSESKO-dakı fəaliyyəti xüsusilə təqdirəlayiqdir və beynəlxalq birlik tərəfindən də yüksək dəyərləndirilir. 1995-1996-cı illərdə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri kimi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizə dünyanın və Avropanın, eləcə də Şərqin populyar incəsənət kollektivləri dəvət edilib və onlar respublikamızın ən möhtəşəm konsert saraylarında çıxış etməklə yanaşı, xalqımızın mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi 7 il ərzində həyata keçirdiyi layihələr təkcə mədəni irsimizin qorunması deyil, onun daha geniş arenada təbliği məqsədi daşıyır. Belə ümummilli və beynəlxalq əhəmiyyətli layihələrdən biri də bu günlərdə gerçəkləşdirilib.
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyət və incəsənətə qayğısı Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında 2007-ci ildə çapdan çıxmış "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabında öz əksini tapıb. Kitab 2009-cu ildə rus, bu il isə ingilis və ərəb dillərində nəşr olunmuşdur.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı gördüyü böyük işlərdən söz açaraq demişdir ki, bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiq Mehriban xanım Əliyevanın milli mədəniyyətin inkişafı, qeyri-maddi mədəni irsin, o cümlədən muğamın qorunması, təbliği, onun bəşəriyyətin inciləri siyahısına daxil edilməsi sahəsində böyük işlər gördüyü xüsusi vurğulanmışdır. O əlavə etmişdir ki, Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalçasının
YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü işlər sayəsində reallığa çevrilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, xalq yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü genişmiqyaslı işlərdən danışmışlar.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-23 iyun.- S. 3.