Almatıdakı
"Türkel" internet qəzetində Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli
fəaliyyətindən bəhs edən məqalə
verilmişdir
Almatıdakı "Türkel" internet qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edən "Rol Mexriban Alievoy v kulturno-obrazovatelnoy jizni Azerbaydjana" sərlövhəli geniş məqaləsi verilmişdir.
Müəllif bu məqaləni Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), "Exo" qəzeti və "TREND" agentliyinin materiallarından istifadə etməklə hazırlamışdır.
Məqalədə deyilir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın birinci xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Yazıda vurğulanır ki, beynəlxalq muğam festivalları və muğam ifaçılarının müsabiqələri, M.Rastropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ musiqi festivalı, aşıqların beynəlxalq festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın təşəbbüsü və yaxından dəstəyi ilə həyata keçirilmişdir.
Məqalədə bildirilir ki, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilmiş, açıq səma altında "Qala" arxeologiya-etnoqrafiya kompleksi yaradılmışdır.
Materialda Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti "Mehriban Əliyevanın mədəniyyətimizin inkişafında əvəzsiz rolu", Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi, "Beynəlxalq fəaliyyət", "Azərbaycanın YUNESKO və İSESKO ilə əməkdaşlığının mədəni həyatın uğurlu inkişafına təsiri", "Azərbaycan qadınlarının dünya tarixində rolu" və digər yarımsərlövhələr altında verilmişdir.
Rəngli şəkillərlə müşayiət olunan materialın tam mətni ilə turkelpress.com saytında tanış olmaq olar.
Azərbaycan.- 2011.-23 iyun.- S. 3.