Qaçqınların faciəsi Avropa Şurasının gündəliyində

 

İyunun 21-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Avropa Məhkəməsinə Fransa üzrə hakimin seçkisi, Mərakeş parlamentinin AŞ PA yanında demokratiya naminə əməkdaşlıq statusu ilə iştirakı barədə xahişi, Avropa Şurası ilə ərəb dünyası arasında inkişaf etməkdə olan əməkdaşlıq, qaçqınların və sığınacaq istəyənlərin problemi və Tunisdə vəziyyət məsələləri müzakirə olunmuş, Ukrayna Prezidenti Viktor Yanukoviç deputatlar qarşısında ölkəsinin siyasi, sosial və iqtisadi durumu barədə danışmış, ona ünvanlanmış suallara cavab vermişdir.

Gündəlikdə yer almış qaçqın və sığınacaq istəyənlərin problemi məsələsi sessiyada geniş müzakirəyə səbəb olmuşdur.

Qaçqınların, məcburi köçkünlərin, sığınacaq ehtiyacı olan insanların problemləri Avropa Şurasının siyasi qruplarında, müxtəlif komitələrində, eləcə də plenar iclaslarında demək olar ki, hər sessiyada yer alır. AŞ PA-nın bu mövzu ilə bağlı indiyə qədər hazırladığı onlarca məruzə və qətnamə ortada olsa da, problem də aradan qalxmayıb və ona görə də yenə bu məsələ Parlament Assambleyasının gündəliyindədir. Həm də AŞ PA-nın yay sessiyasının gündəliyinə bu mövzuda iki məruzə daxil edilmişdir. Böyük britaniyalı deputat Kristofer Çopun və İspaniyadan olan deputat Arkadio Diaz Tejeranın təqdim etdikləri məruzə ətrafındakı müzakirələrdə 30-dan artıq çıxış olmuşdur. Elə bu rəqəm mövzunun necə həssas olduğunun və Assambleyada əksəriyyəti düşündürməsinin göstəricisidir.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq mövqeyini belə ifadə etmişdir: "Növbəti dəfə Parlament Assambleyasında XXI əsrə yaraşmayan, insanlığın ən böyük faciələrindən birindən bəhs edən və səbəbinin insan qəddarlığı olduğu məsələdən - qaçqınlardan bəhs edirik. Nə qədər ağır olsa da, deməyə məcburam ki, növbəti dəfə yaxşı mətnlərdən ibarət nəticəsiz, bəhrəsiz bir müzakirəni başlayırıq. Belə pessimist proqnozun səbəbi elə bu mövzuda elə bu zalda son 10 ildə dönə-dönə etdiyimiz müzakirələr və heç bir ciddi irəliləyişə səbəb olmadan kağız üzərində qalan sözlərdir. Mən düşündüyümü bu cür deyil, başqa şəkildə ifadə etsəm, riyakar olardım. Çünki 11 il əvvəl mənim ölkəm Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən onun elə həmin vaxt bu quruma qəbul edilən digər ölkənin - Ermənistanın təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində yaranmış 1 milyona yaxın qaçqını və məcburi köçkünü vardı. Ötən müddətdə onların problemi nəinki həll olunmayıb, əksinə sayları bir az da artıb. Müdhiş qaçqınlıq dərdinə tab gətirməyənlərin bir hissəsi vəfat etsə də, ən çətin şəraitdə belə davam edən həyat qaçqın və məcburi köçkün ailələrində yeni-yeni övladlar dünyaya gəlib.

5-6 il öncə istedadlı bir amerikalı jurnalist qadın Azərbaycan qaçqınlarına həsr edilmiş jurnal buraxmaq istərkən birdəfəlik istifadə üçün nəzərdə tutulan, içərisində müəyyən sayda kadrlar çəkmək üçün lent olan 40-50 fotoaparat alaraq qaçqın uşaqlara vermiş, xahiş etmişdi ki, onlar öz həyatlarını lentə alsınlar. Fotoaparatların verildiyi uşaqların ən böyüyünün yaşı 12-13-dən artıq deyildi. Həmin qaçqın uşaqlar müxtəlif rayonlara, müxtəlif kəndlərə səpilmişdilər, bir-birləri ilə əlaqə saxlamaq imkanları yox idi. Lakin onların çəkdikləri fotolar aşkarlanıb çap ediləndən sonra bu görüntülərə sarsılmadan, qəhərlənmədən baxmaq mümkün deyildi. Sanki bu müxtəlif yaşlı, müxtəlif ərazilərdə məskunlaşmağa vadar olmuş uşaqların hamısı bir yerdə imişlər, sanki hamısı sözü bir yerə qoyaraq təxminən oxşar kardları lentə almışdılar. Onlar bir-birlərinin şəkillərini, daha çox da iri planda sifətlərinin şəkillərini çəkmişdilər. Bu uşaqlara sadə tapşırıq verilmişdi: "Həyatınızı çəkin". Onlar da uşaqlara xas olan səmimiyyətlə bu işi vicdanla yerinə yetirmişdilər. Onların həyatı yaşlarından daha yaşlı görünən sifətləri, ümidsizlik dolu gözləri idi. Dünyada cəmi 8 il, 9 il, 10 il, 11 il, 12 il, 13 il yaşamış məsum uşaqların baxışlarına ümidsizlik damğası vurmağı Allah kimə bağışlayar?! Biz illərdir ki, bu ümidsizliyin o gözlərdən itməsinə nail ola bilməmişiksə, əksinə illər keçdikcə talelərində heç bir müsbət irəliləyiş hasil olmayan həmin uşaqların baxışlarındakı ümidsizlik, nicatsızlıq bir qədər də dərinləşibsə, bizim vicdan əzabı çəkmədən yaşamağa haqqımız varmı?

Parlament Assambleyası növbəti dəfə özündə dəyanət taparaq bu üzücü mövzunu gündəliyə gətirib. Başlanğıcda dediyim sözlərə çox da fikir verməyin, Assambleya tamamilə doğru hərəkət edib ki, növbəti dəfə müzakirə keçirir. Bu, daha bir cəhddir. Heç nə etməməkdənsə, nəsə etməyə can atmaq özü də müsbət bir irəliləyişdir. Hüquqda, cinayət məcəllələrində fəaliyyətsizlik - cinayəti görüb onun qarşısının alınmasına təşəbbüs etməmək, hərəkətsizlik də cinayət məsuliyyəti müəyyən edir. Növbəti dəfə qaçqınlar mövzusunu müzakirəyə çıxarmağımız bizi ən azı hərəkətsizlik cinayətindən azad edir. Lakin inanın ki, bu hər günü bir əsrə bərabər olan qaçqınlıq həyatını yaşamalı olan insanlardan ötrü azdır. Onlar nəticə umur, doğma evlərinə, yurdlarına qayıtmaq istəyir və əmindirlər ki, dünyanın 47 parlamentini, 800 milyondan çox insanını birləşdirən Avropa Şurası bu problemi həll etməyə bilməz.

Qaçqın ata, qaçqın ana hər səhər oyanmaq istəmədiyi yuxudan oyanır və uşağının ümidsiz baxışlarını görür. Heç kimə bu taleyi arzulamıram. Amma təsəvvür edək ki, hər səhər oyanırıq və həmin uşaqların gözləri bizim gözlərimizə baxır. Həmin ümidsiz baxışlı uşaqlar isə bizim öz balalarımızdır. Nə edərdiniz? Bir daha soruşuram - quruca sözdən əlavə öz balalarınız olan qaçqınların düyününü nəhayət ki, açmaq üçün real nə edəcəksiniz?"

Digər azərbaycanlı deputat Rövşən Rzayev bildirmişdir ki, Şimali Afrikada böhran və çoxsaylı qaçqınların Avropaya axını real demoqrafik problem yaratmışdır. Qaçqınların Avropa ölkələrinə üz tutması yalnız onların qəbulunda deyil, eyni zamanda, bu insanların yerləşdirilməsində, hüquqi statuslarının müəyyənləşdirilməsində, son nəticədə geriyə - vətənlərinə qaytarılmasında böyük çətinliklər yaradır.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində ölkəmiz 1988-ci ildən bu problemlə üzləşmişdir.

ATƏT-in Minsk qrupunun həmsədrləri ümumi vəziyyəti öyrənmək və ona qiymət vermək məqsədilə 2010-cu il oktyabrın 7-dən 12-dək cəbhə xəttində Dağlıq Qarabağa bitişik işğal olunmuş Azərbaycan ərazilərində olmuşlar. Bu, beynəlxalq təşkilatın 2005-ci ildən sonrakı dövrdə əraziyə ilk səfəri idi.

Min kilometrdən artıq ərazini gəzmiş həmsədrlər hər yerdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları ilə qarşılaşmışlar. Şəhər və kəndlər tamamilə dağıdılmış və boş səhraya çevrilmişdir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan beynəlxalq qanunlara zidd olaraq işğal etdikləri Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının ərazilərində 1400-ə yaxın ermənini yerləşdirmişdir. Onların əksəriyyətinin hətta şəxsiyyətini müəyyənləşdirən sənədi belə yoxdur. Ermənistan gələcəkdə həmin ərazilərə iddia məqsədilə belə bir prosesə əl atmışdır.

Bu fakt Azərbaycan ictimaiyyətini narahat edir. Ümid edirik ki, Ermənistan rəhbərliyi Madrid prinsiplərinə konstruktiv şəkildə yanaşmaqla tezliklə öz ordusunu işğal edilmiş ərazilərdən çıxaracaq və erməni əhalisinin həmin ərazilərdə yerləşdirilməsinə son qoyacaq.

Sonda R.Rzayev öz avropalı həmkarlarını bu məsələni diqqətdən kənarda saxlamamağa və onu hərtərəfli öyrənməyə çağırmışdır.

Müxtəlif ölkələrdə baş verən müharibə və münaqişələr nəticəsində minlərlə dinc insanın qonşu dövlətlərə pənah aparmasına toxunan deputat Qənirə Paşayeva onların vəziyyətini Avropa Şurası məkanında ən çox təxminən 1 milyona yaxın qaçqın və məcburi köçkünün yaşadığı, yəni təxminən hər 9 nəfərindən biri qaçqın və məcburi köçkün olan Azərbaycanın yaxşı anladığını diqqətə çəkmişdir. İşğal etdiyi Azərbaycan ərazisində Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkün öz ata-baba yurdlarından didərgin düşmüşlər. Biz deputatlar harada baş verməsindən asılı olmayaraq insanları qaçqın salan səbəblərə qarşı sərt mübarizə aparmalıyıq. Ümid edirik ki, deputatlar onların problemlərinə biganə qalmayacaq və sabah bu Assambleyada çıxış edəcək Ermənistan prezidentindən 100 minlərlə qaçqının öz evinə dönməsinə imkan verməsini, AŞ PA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini tələb edəcəklər.

Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməməsi, AŞ PA və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması nəticəsində 1 milyona yaxın azərbaycanlı 15 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşamaqda davam edir. Onların timsalında mən uzun müddət qaçqın həyatı yaşamağın nə qədər böyük əziyyət olduğunu bilirəm. Ona görə də biz onların problemlərinin həllinə çalışmaqla yanaşı, qaçqın düşən insanların sayının artmaması naminə Şimali Afrikada və Yaxın Şərqdə vəziyyətin düzəlməsi üçün səylərimizi ciddi şəkildə artırmalıyıq. Əks halda, hər gün onların sayı daha da artacaq və biz hamımız dəhşətli insan faciələrinin məsuliyyətini daşımalı olacağıq.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.-23 iyun.- S. 3.