Milli ideya: müstəqillik simvolundan dövlətçiliyin gələcək inkişaf modelinə doğru gerçəkləşən yolda

 

Etnik və siyasi millətçilik arasındakı fərqə gəldikdə isə etnik millətçilik xalqların inkişafının erkən çağlarında gərəkli olursa, siyasi millətçilik dünyanın Yeni və Ən yeni tarixi üçün səciyyəvi olmuşdur. Bu həm də xalqların ictimai-siyasi şüurunda baş verən keyfiyyət dəyişikliklərindən, rasional seçimin inkişaf etməsindən irəli gəlir.

Beləliklə, etnik millətçilik nisbətən aşağı səviyyə hesab edilən primitiv millətçilik hesab edilir. Bu, sadəcə, yaxşı və ya pis deyil, keçilməsi labüd olan təbii-obyektiv bir mərhələdir. Zamanı gələndə öz yerini daha yüksək səviyyəli millətçiliyə verir. Hakimiyyətin mənbəyi başqa qüvvə deyil, xalq olur. Son 400 ildə Avropa məkanında, hazırda isə ərəb ölkələrində baş verən dəyişikliklərin mahiyyəti bununla izah olunur.

Dünya təcrübəsi sübut edir ki, vətəndaş millətçiliyi kimi formalaşan və ya ən azı buna can atan dövlətlər daha uğurlu inkişaf edirlər. Siyasi millətçilik əsasında təşkilatlanan dövlətlərdə etnik-milli enerjinin əhəmiyyətli hissəsi ölkədaxili münaqişələrin həllinə sərf edilir. Yalnız vətəndaş identikliyi, həmrəyliyi, ümumi dövlətçilik mənafeyinə üstünlük verən forma kimi milli və mədəni müxtəlifliyin tükənməz enerjisini dövlətin inkişafına yönəltməyə imkan verir.

Labüd proses olan qloballaşmada xalqlar unifikasiya cəhdlərində öz milli identikliyi üçün təhlükə görür və daha sərt müqavimət göstərirlər. Bəşəriyyətin vahid, standart model üzrə inkişafına aid fikirlərin perspektivsizliyi sübut olunmuşdur. Bununla belə, qlobalizm, mondializm, vesternizasiya ideyaları hələ öz səylərini davam etdirməkdədir.

İnformasiya cəmiyyətində ənənəvi sosial identiklik institutlarını virtual sosial şəbəkə məkanı, identikliyin formalaşmasında mühüm rol oynayan insanlararası canlı ünsiyyəti surroqat ünsiyyət forması əvəzləyir, alternativ qrup identikliyi formaları yaranır. İnkişaf etmiş ölkələrdə iş vaxtı ilə asudə vaxtın nisbəti sonuncunun xeyrinə təkamül etməyə başlayır. Bütövlükdə həyat tərzinin və davranış modellərinin radikal transformasiyası adekvat identiklik mexanizmlərinin zəifləməsini şərtləndirən risk kimi çıxış edir. Digər tərəfdən, planet əhalisinin rəqəmsal asimmetriya nəticəsində qütbləşmiş vəziyyəti də dünyagörüş və identiklik formalarının toqquşmasını labüd edir.

Bu gün dünyada identiklik böhranı normaya çevrilir, Avropa identiklik böhranını yaşayır. Avropa Birliyi bir-birinə rəqib olan siyasi və dini dəyərlərin, layihələrin mübarizə meydanına çevrilir. Bu məkanda üç əsas: sekulyar-liberal, konservativ və panislamist layihə yarışır. Bu, Avropa dövlətlərinin müstəqilliyini və onun xalqlarını çətin vəziyyət qarşısında qoyur. Hətta Avropanı "Böyük Venetsiyaya" - tənəzzül edən şəhər-muzeyə bənzədənlər də var. Multikulturalizmin sonunu bəyan edən mövqelər narahatlıq doğurur. Multikulturalizm etnik özəlliyi qabartdığı, etnosun ölkə daxilində xüsusi diqqətlə möhkəmlənməsinə rəğbət bəslədiyi və vətəndaş millətçiliyini, dövlətçiliyi arxa plana çəkdiyi üçün ziyanlıdır. Səbəb kimi, "aqressiv azlıqların" azadlıq və hüquqlardan istifadə edərək mühüm mövqeləri ələ keçirməsi və sonra öz məqsədləri üçün bundan sui-istifadə etməsi, yaşadıqları dövlətə şərtlərini diktə etməsi göstərilir.

İdentikliyin ənənəvi meyarlarının hüdudları sezilməz olur. Bir qütbdə kosmopolitik dünya vətəndaşlığı, digər qütbdə alternativ qismində fundamentalist etnik-dini, konfessional, sivilizasion identiklik seçimləri üz-üzə gəlir.

Müasir dövlətin öz vətəndaşları üçün təmin etdiyi identiklik məkanı iki tərəfdən - mədəni hegemoniya və informasiya qlobalizminin unifikasiya meyillərinə, digər tərəfdən, etnik-dini və s. birliklərin təzyiqinə məruz qalır.

"Neqativ (mənfi) identiklik" nisbətən az təhlil olunan sahədir. Neqativ identiklik "biz onlar kimi deyilik", "biz-onlar" məntiqinin total qarşıdurmasına əsaslanır. Neqativ identikliyin müəyyən hədləri aşmaması üçün onun elementlərinin pozitiv məzmunla tamamlanması vacibdir. Əks təqdirdə, qrup həmrəyliyindən başlayaraq, şovinist separatizmə, vətəndaş cəmiyyətinin böhranına qədər yol aça bilən təhdidə çevrilir. Azərbaycan bu proseslərin nəticələrini hələ də yaşamaqdadır. Bütövlükdə tarixi yaddaşı neqativ identikliklə zəhərlənən erməni identikliyi milli quruculuğu mütləq başqa xalqın təmsilçilərinin qaralanması və pislənməsi, düşmən obrazının yaradılması üzərində qurmağa cəhd edir. Siyasi məqsədlərə nail olmaq üçün səfərbəredici məqam kimi erməni elitası "düşmən ölkə" ritorikasından sui-istifadə edir. Lakin yanlış bir yol olduğu üçün onun gələcəyi yoxdur. İdentikliyin inkişafın fundamental resursu ola bilməsi məhz bu məqamlarda özünü daha aydın büruzə verir.

Müasir etnopolitoloji elm birmənalı şəkildə sübut edir: şovinizm, milli müstəsnalıq, separatizm meyilləri arxaik düşüncənin, mili inkişafın primitiv səviyyələrinə müvafiq olan etnopsixoloji fenomendir. Bu elmi qənaət Ermənistan və bunabənzər dövlətlərin ideoloji dayaqlarının hansı səviyyədə olmasının bariz sübutudur. Universalizm, bəşəri humanizm, sülh prinsiplərinə zidd olan, başqa dövlətlərə qəsd edən faşizm və s. kimi insanlıq əleyhinə olan ideoloji mövqedir. Üstəlik də hər hansı dövlətin ideya tarixində ənənəyə çevriləndə onun nəticələri bütün dünya üçün təhlükə və gərginlik mənbəyi olur. Məsələn, alman xalqının faşizm ideyasından qurtularaq öz milli amalını dəyişməyə, daha ülvi məqsədlərə qadir bir xalq olduğunu dünyaya alman möcüzəsinin arxitektoru K.Adenauer sübut edə bildi. Bu, XXI əsrdə Ermənistanın hələ də şovinizm və işğal siyasətinin əsasında duran arxaik milli ideyadan nə vaxt qurtulacağı barədə düşüncələri yada salır. Ermənistanı qlobal inteqrasiya dövrünün layihələrindən kənarda, özünütəcrid kimi ağır duruma düşməsinə gətirib çıxaran bu ideyadan xilas olmasına tarix son imkan vermişdir.

İdentikliklərin hökmən dixotomik - məntiqi üzərində, neqativ təməllər üzərində qurulması bütün fundamentalizmlərə xasdır. Məsələn, "Şərq-Qərb", "ənənəvi-müasir" və s. "toqquşma" konsepsiyalarının kökündə bu durur. Dünya qədər qədim olan bu yanaşmada yeni heç nə yoxdur. Sadəcə, dərk edilmir ki, identikliyin ilkin formalaşmasında səmərəli rol oynayan "biz-onlar" fərqi, müxtəlifliyin dərki uzunmüddətli perspektivdə artıq ümumbəşəri dəyərlər və pozitiv identiklik elementləri ilə tamamlanmalıdır.

 

Azərbaycançılıq - vətəndaş millətçiliyinin özünəməxsus modelidir

 

Azərbaycan tarix boyu həmişə bölgədə, həm də qlobal miqyasda baş verən hadisələrin gedişatına təsir edə bilən ölkələr sırasında olmuşdur. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın demək olar bütün qitələrinə yayılmışdır. Bəşəriyyətin mədəni-mənəvi irsinə olan töhfələri ölkəmizi xüsusilə dünyada tanınan dövlətə çevirmişdir. Təbii ki, belə bir ölkədə milli ideyaya dair düşüncələrin tarixi də çox qədimdir. Üstəlik də xüsusi olaraq vurğulanmalıdır ki, tarixi-obyektiv şərtlər üzündən həmişə çoxmilli, çoxkonfessiyalı birgəyaşayış ənənəsinə malik olan bu məmləkətdə milli ideya həmişə qüsurlu məzmundan uzaq olmuşdur.

Bu gün milli ideyanın məzmununda dinamizmi əks etdirən tezis - inkişaf etmiş müasir dövlətlər səviyyəsinə çatmağı mümkün edən güclü dövlət, yüksək rifah yaratmaqdır. Həm də uzaq gələcəkdə deyil, artıq indiki nəslin əksəriyyətinin görə biləcəyi səviyyənin əldə edilməsidir.

Akademik Ramiz Mehdiyev məqaləsində yazır: "Prezident İlham Əliyevin siyasi fəlsəfəsi bundan ibarətdir ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx ünsiyyət saxlasınlar, problemləri açıq müzakirə etsinlər, öz fikirlərini sərbəst bildirsinlər. İndi Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair bu cür sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilmişdir. Bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır, çünki Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamışlar. Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir".

Qloballaşan dünyada yeni birgəyaşayış və eyni zamanda, ümumbəşəri sivilizasion identiklik formalarının təzahürü intensivləşmişdir. Şərqin və Qərbin qovşağında yerləşən ölkəmizdə insanların da həyat tərzi bu dəyişikliklərin təsirinə məruz qalır. Yeni üslub və modellər ortaya çıxır. Məhz belə bir zamanda azərbaycançılıq ideologiyası milli və bəşəri dəyərlərin ahəngdarlığını təşkil edən fundamental resursa çevrilir. Hər bir xalq dünya birliyi ailəsinə öz töhfəsini verir. Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərin azərbaycançılıq modeli bu töhfələrdən ən böyüyüdür.

Bu gün geosiyasətlə identiklik arasında da sıx bağlılığın olduğu geniş tədqiq edilir. Etnopolitologiya sahəsində məşhur amerikalı alim R.Kollinz, etnomilli məsələlərin geosiyasi nəzəriyyəsinin müəllifidir. Onun fikrincə, dövlətin siyasi uğurları və geosiyasi nüfuzu etnomilli birliyin, identikliyin formalaşmasına bilavasitə təsir göstərir. Geosiyasi nüfuz ölkənin etnomilli vəhdətini, vətəndaş identikliyini təmin edir və əksinə, geosiyasi zəiflik bu birliyi zəiflədir. Geosiyasi ziddiyyətlər çox ciddi olarsa, dövlətin tənəzzülü və identikliyin heçə çevrilməsi baş verər. Bu nəzəri müddəaları nəzərdən keçirəndə Ermənistanın təcavüzü nəticəsində ərazi bütövlüyümüzün pozulması, Qarabağ münaqişəsinin həlli ilə bağlı baş verən proseslərin azərbaycanlıların identikliyinin formalaşmasına bilavasitə təsirini qeyd etməliyik. Ümummilli problem kimi onun həlli, ərazi bütövlüyümüzün təmin olunması milli birliyin daha da qorunmasını və möhkəmlənməsini şərtləndirir.

R.Kollinzə görə, öz növbəsində, geosiyasi qüvvələrin tarazlıq vəziyyətinin mövcudluğu transmilli kosmopolitizm identikliyinin formalaşmasını şərtləndirir. Orta əsrlərin sonunda latın kosmopolitizmi məhz belə geosiyasi tarazlıq şəraitində formalaşmışdı. Bu gün transmilli şəbəkələr də yeni kosmopolitizmi yaratmaqda iddialıdırlar.

Modernləşmə prosesləri eyni zamanda modernləşən cəmiyyətin vətəndaşlarının identiklik xüsusiyyətlərinin də dəyişməsini, yeniləşməsini tələb edən yeni institut və münasibətlərin yaranmasını tələb edir və haradasa həmin identikliyin dəyişməsi ilə yekunlaşır. Bu gün yenidən inkişaf etmiş ölkələr öz identikliyini aktuallaşdırmaq çağırışı ilə qarşılaşmışlar. Təsadüfi deyil ki, 2009-cu və 2010-cu illərdə milli identikliyin formalaşması sahəsində zəngin təcrübəyə malik olan, Milli İdentiklik İnstitutu adlı dövlət qurumunun olduğu Fransada identikliyə dair "Böyük Milli Debatların" keçirilməsinin təşəbbüskarı dövlət olmuşdur. Burada qeyd edilmişdir ki, cəmiyyətin yeni-yeni qlobal və sosial çağırışlara adaptasiyası prosesində Fransa hələ dönə-dönə Böyük Debatlara qayıtmalı olacaq.

Milli ideya, identiklik ilk baxışda nəzərə çarpmayan fundamental resursdur. Milli inkişafın müsbət xüsusiyyətlərinin inkişafın resurslarına transformasiyası dünya təcrübəsində olduqca nikbin nümunələr gətirməyə imkan verir. Məhz bu resurs "Asiya möcüzəsi" adında məlum olan Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya kimi dövlətlərə qabaqcıl ölkələrin innovasiya praktikalarından bəhrələnməyi, sözün əsl mənasında, modernləşmədə inqilabi nailiyyətlər qazanmağı mümkün etmişdir. Bu milli identiklik resursunun effektiv istifadəsinin əyani modeli olub, bu bölgədə modernləşmə proseslərinin kor-koranə təqlid və qərbləşmədən fərqli olan model-nümunəsini vermişdir.

Bu modelin ən mühüm tərkib hissələrindən biri kimi diqqəti cəlb edən, hər şeydən əvvəl, son dövrlərədək inkişaf etmiş dünyanın əyaləti hesab edilən bölgənin məhz (milli-sivilizasion) identiklik potensialı əsasında yeni mədəniyyətə yiyələnməsi, eyni zamanda, öz identikliyinə xələl gətirmədən buna nail olmasıdır.

Hazırda milli və fövqəlmilli identikliyin inkişafın əvəzsiz resursu kimi anlamı geniş müzakirələrin mövzusudur. Artıq bəlli olan multikulturalizm praktikalarının böhran yaşaması Qərbdə milli dövlətin fraqmentasiya risklərini yaradır, yalnız formal hüquqi əsaslar üzərində qurulan vətəndaş identikliyi sosial birlik üçün səthi və natamam konstruksiya qismində mövcud olur.

Təbii ki, Qərb identikliyi özü də yekcins anlayış deyil. "Köhnə dünya" (Avropa) sosial dövlət və sosial həmrəylik dəyərlərinə yönəldiyi halda, "Yeni Dünya" - ABŞ fərdi uğur (Amerika arzusu) hədəfinə yönəlmişdir. Qloballaşma və miqrasiya prosesləri Qərb və qeyri-Qərb tiplərinin yaxınlaşmasını şərtləndirərək ənənə və müasirliyin unikal dəyərlər sintezini formalaşdıra bilər. Lakin buna nail olmaq üçün mədəniyyətlərin dialoqu arzu və nəzəriyyədən gerçək fəaliyyət üçün rəhbər prinsipə çevrilməlidir.

Azərbaycanda identikliyin təməl dəyərlərinin yeniləşməsini həm dövlətin köklü islahatlar kursu, həm də siyasi və sosial-mədəni qloballaşmanın çağırışları aktual edir. Müasir dövrə və tarixi təcrübəyə uyğun milli-sivilizasion identiklik modellərinin formalaşması prosesi hələ deyə bilərik ki, başlanğıc mərhələdədir. Qərbin və Şərqin qovşağında yerləşən sivilizasiya kimi Azərbaycanda identikliyin tərkibində hər iki geosiyasi və mədəni bölgənin elementləri əksini tapmışdır. Dövlətçiliyin gələcəyi üçün xüsusilə də gənclərdə milli və bəşəri dəyərlərin sintezini özündə ehtiva edən identikliyin formalaşması dövlətin məqsədyönlü siyasətinin əsasını təşkil edir. Dünyanın bir çox ölkələrində (ABŞ, Kanada, Çin) bu praktika uğurla tətbiq edilir. Hazırda əminliklə demək olar ki, ölkəmizdə yeni identikliyin bərqərar olması prosesləri gedir və burada dünyəvi dövlətin inkişaf xüsusiyyətlərinə uyğun olaraq, fövqəlmilli aspektdə (sivilizasion müstəvi kimi) Avropa identikliyinin oriyentir kimi seçilməsi təbii qəbul edilir. Burada yeni yüzillikdə həm də Avropa ailəsinin üzvü kimi mövcud olan dövlətimizin bu qitə ilə bütün (iqtisadi, siyasi, mədəni-elmi, informasiya və s.) səviyyələrdə intensiv inkişaf edən əlaqələrlə izah edilə bilər. Bütövlükdə isə hazırkı mərhələdə azərbaycanlıların yeni identiklik xüsusiyyətlərinin formalaşmasında ənənəvi və modern dəyər və davranış stereotiplərinin çuğlaşması səciyyəvidir.

XXI əsrin əvvəllərində dünya inkişafının meyilləri liberalizmin mümkün tənəzzülə uğramasından xəbər verir. 2009-cu ilin iqtisadiyyat üzrə Nobelçi alimi E.Ostrom yazır ki, "demokratik despotizm" kölgəsi Amerika cəmiyyəti üzərinə kölgə salmağa başlayıb. Bir dövlət quruculuğu modelinin mütləq olaraq bütün dövlətlərə qəbul etdirilməsi nəticəsində liberalizm demokratiya ilə antaqonizmə girəcəkdir. Qlobalizm məntiqi gec ya tez liberal diktatura - yeni tipli totalitarizmi" gündəmə gətirəcəkdir. (Ostrom V. Smısl amerikanskoqo federalizma. Çto takoe samoupra-vləöheesə obhestvo. M., 1993 S.300) Bu baxımdan bir daha aydın dərk etmək olar ki, milli ideyaya dair baxışlarda praqmatizm, reallıq hissi çox önəmlidir. E.Ostrom bunu "ictimai resursların idarə edilməsində kollektiv iştirak", sosial kapital adlandırır.

Dövlət başçısı İlham Əliyev tərəfindən milli ideyanın gerçəkləşməsinin yeni üsul və vasitələri, yeni məzmunu irəli sürülmüşdür: inkişaf etmiş ölkələr səviyyəsinə çatmaq, insan kapitalını inkişaf etdirmək, güclü dövlət yaratmaq, yüksək rifahı təmin etmək. Müasir dünyada dövlətin rəqabətə dayanıqlı, keyfiyyətə əsaslanan inkişafını insan amili, insan kapitalı, xalqın kreativ potensialı təşkil edir. Modernləşmənin yeni subyektinin, yeni azərbaycanlılar nəslinin formalaşdırılması da yeni identikliyə dair aydın təsəvvürlərdən başlayır. İdentikliyin formalaşması ardıcıl hüquqi və institusional təminat, müvafiq sosiallaşma institutlarının təşəkkülünü tələb edir.

Qabaqcıl ölkələrdə innovasiyalı inkişaf prinsipi institutsional, mədəni, iqtisadi və siyasi sistemin təməl elementi kimi qəbul edilmişdir. Kreativ inkişafın məqsəd kimi seçildiyi cəmiyyətlərdə innovasiyalar milli birliyin obrazı kimi seçilir və müsbət sosial identikliyi şərtləndirir. Kreativ sinif anlayışının müəllifi, ABŞ tədqiqatçısı R.Floridaya görə, "Cari əsrin 3-cü onilliyinin gənc nəsli" ("2030-ların nəsli") kreativ sinfi təşkil edəcəkdir. (Florida R. 2007. Kreativnıy klass. M.: "Klassika-XXI").

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra məlum oldu ki, "monolit sovet xalqı" gerçəklikdə çoxçalarlı etnik-milli tərkibə malikdir. Azərbaycan yalnız türkdilli və çoxsaylı azərbaycanlıların deyil, həm də müxtəlif dil ailələrinə və dinə mənsub olan xalqların da vətənidir.

Azərbaycançılıq vətəndaş cəmiyyətinin, müasir milli dövlətin qlobal konteksti və miqyas tutumunu da əhatə edən ideoloji konsepsiyasının əsas müddəalarındandır.

Postsovet məkanında, bütün dünyada milli ideologiyanın formalaşmasına 1) milli-etnik; 2) vətəndaş cəmiyyəti, demokratik vətəndaş millətçiliyi kimi metodoloji yanaşmalar iyirmi ilə yaxındır ki, davam edir. Milli sözünün artıq "dəbdə" olmadığı, Avropada qəbul edilmədiyi vurğulanaraq "avromillət " və s. konsepsiyalar nümunəsində ideologiyanın müəyyənləşdirilməsindən geniş bəhs olunmaqdadır. Vətəndaş cəmiyyətinin, demokratik dövlətin qurulması da milli ideya kimi təklif olunur. Geosiyasi, etno-psixoloji, mədəni-sivilizasion faktorları qabardaraq milli ideyanın kökünə onlardan birini qoymağı təklif edən saysız - hesabsız tədqiqatlar da işıq üzü görür. Bütün bu modellərdə universalist və milli aspektlərin ahəngdar sintezini tapmaq qeyri-mümkündür. Azərbaycan tarixində belə fikir müxtəlifliyi müşahidə olunmuşdur.

Ulu öndər Heydər Əliyev milli ideologiyanın təməl prinsiplərindən biri kimi azərbaycançılıq fəlsəfəsini bütün bu mübahisələrdən əvvəl qeyri-adi uzaqgörənliklə, yeni tarixin postmilli identiklik prizmasından yanaşmaqla, reallıq, obyektivlik və elmiliyin ən optimal meyarları əsasında irəli sürdü. İnkişafın milli və qlobal paradiqmalarının ahəngdar sintezinə nail oldu.

Azərbaycan dövləti onların qarantı olmaqla yanaşı, dünyanın etnik xəritəsində yalnız Azərbaycan adlı məmləkətdə rast gəlinən etnik birliklərin dil və mədəniyyətini mühafizə edərək gələcək üçün dünya sivilizasiyasının nadir etnik "bankının" yaradılmasına töhfə vermişdir. Bunu təmin edən Azərbaycançılıq ideologiyası qarşıda duran vəzifələr və gələcək oriyentirlər baxımından çağırış və şüar deyil, hərtərəfli dərin elmi-nəzəri məfkurə kimi həyata vəsiqə aldı. Azərbaycançılığın əsas qayəsini müstəqillik, dövlətçilik, millilik, dünyəvilik, ədalət, demokratiya, milli tərəqqi və s. kimi anlayışlar təşkil edir. Azərbaycançılıq xalqımızın çətinliklə əldə etdiyi, ölkəmizdə yaşayan bütün millətlərin və etnik qrupların qarşılıqlı ünsiyyət və münasibətini, ümumi taleyini əks etdirən əvəzsiz tarixi sərvətdir.

Azərbaycançılıq, vətəndaş millətçiliyi öz dövləti ilə qürur duymaq hissidir. Dövlətin uğurlarının dünyada təbliği və təsdiqi deməkdir. Məlumdur ki, ABŞ Konqresi və Dövlət Departamenti hər il öz ölkəsinin reklamına 1 milyard dollar maliyyə vəsaiti ayırır. Bu baxımdan azərbaycançılıq öz dövlətinin pozitiv imicinin formalaşması yönündə hər bir azərbaycanlının səy göstərməsi deməkdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması deməkdir. Bu isə yenə də vətəndaşların öz dövlətçiliyimə hörməti, beynəlxalq birliyin sayğısı, böyük həcmli investisiyalar və inkişaf deməkdir.

Bu baxımdan azərbaycançılıq inkişafımızın fundamental resursu deməkdir. Bu, özünəməxsus humanitar texnologiyadır. Ölkənin xaricdə imicinin müsbət yöndə artması bilavasitə onun ölkə daxilində, hər bir vətəndaşın nəzərində olan imicindən asılıdır. Buna görə də müsbət meyillərin və təcrübənin sistemli və daimi olaraq işıqlandırılması bu imicin artmasına işləyir.

Bu fəaliyyətin arxasında isə konkret işlər durur. Müasir informasiya cəmiyyətində gerçəkliyi adekvat əks etdirməyən imicin formalaşması həm asandır, həm də çətin. Azərbaycan dövlətçiliyimizə qərəzli yanaşan məqamlara məhz bu real işlərlə, nəticələrlə cavab verir. Bu gün yalnız yüksək mədəniyyətimiz deyil, həm də polietnik dövlətdə xalqlararası münasibətlərdə hökm sürən tolerantlıq modeli də bizim resursumuz kimi çıxış edir.

Yalnız torpağımızda yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz vətəndaş millətçiliyinin "Azərbaycançılıq ideologiyası"dır. "Azərbaycançılıq" - cəmiyyətimizin sosial-mədəni və siyasi nizamlanmasının, insanların mənəvi səfərbərliyi və vəhdətinin başlıca amilidir.

"Azərbaycançılığın" məfkurəvi dəyəri bundadır ki, onun ətrafında ölkəmizdə yaşayan bütün xalqlar, milli-etnik qrup və azlıqlar birləşir, "azərbaycanlı" adlanırlar. Azərbaycan dövlətinə, tarixinə və coğrafiyasına onların sürəkli sadiqliyi və mənsubluğu, bünövrədən bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən intişar tapmışdır. Azərbaycanın və "azərbaycançılığın" əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən "Azərbaycançılığın" ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da olmuşdur.

Xalqımız coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olmuş, ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşımışdır. Şərq mədəniyyətini dünya və Avropa mədəniyyətinə və əksinə, keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, coxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır.

"Azərbaycançılıq" ideyası etnik-milli və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Müstəqilliyimizə döndüyümüz vaxtdan tarixi-milli, mədəni yaddaş və genimizdə qoruyub saxladığımız, Azərbaycan adlı məkana Vətən deyən bütün xalqların mədəniyyətlərinin bariz simvolu, nümunəsi olan üçrəngli bayrağımız bütün dünya ölkələrində, Avropa Şurasında dalğalandı. Ümumi tarixi tale və yaddaşımızın bütün qatları yalnız bayrağımızda deyil, ölkəmizdə yaşayan bütün xalqların münasibət və fəaliyyətlərində də vəhdət təşkil edərək bu təməllə də ümumbəşəri xalqlar ailəsinə inteqrasiyaya yön alır.

Azərbaycan XXI əsrə özünün etnik zənginliyi ilə daxil olaraq polietnik dövlət olduğunu, istər çoxsaylı, istərsə də azsaylı bütün etnoslara eyni dövlət qayğısı ilə yanaşdığını beynəlxalq aləmə sübut edir. Azərbaycan reallığında etnik varlıqlar özlərinəməxsus adət-ənənələrin, din və dillərin, etnik psixologiyanın, maddi və mənəvi mədəniyyətlərin lokal səciyyəvi xüsusiyyətlərini qorumaqla yanaşı, Azərbaycan dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərinə yiyələnmişlər. Bu etnik qruplar nə qədər etnikdirlərsə, o qədər də azərbaycanlıdırlar.

Bu gün ölkəmizdə çoxsaylı millətlərin nümayəndələri yaşayır və onların sosial-mədəni problemlərinin həlli həmişə dövlətin diqqət mərkəzindədir. Azərbaycan tarixinin bütün səhifələrində bu ərazidə yaşayan insanların qarşılıqlı hörmət, dostluq əlaqələrini əks etdirən nə qədər çox faktlar varsa, bunun əksini sübut edən sənədlər yox səviyyəsindədir. Müxtəlifliyin vəhdətindən yaranan bu tarixi birliyin əsl dəyəri açıqlanmalıdır. Bu, Azərbaycançılığın yaratdığı fenomendir.

Ölkəmizdə bir ailə kimi vahid tarixi tale, genetik-etnik yaddaş və münasibətlərin daşıyıcısı olan xalqlar özlərini azərbaycanlı adlandırırlar. Bu xalqların mənəvi yaddaşı tarix boyu zərdüştlükdən başlamış dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə daim zənginləşmişdir. Mədəniyyət və ünsiyyət tariximiz bizə ruhi-mənəvi böyüklüyün və əzəmətin çoxsaylı nümunələrini miras qoymuşdur. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Diyarımızda yaşayan onlarca etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.

 

Milli dövlətçilik məsələlərinin tədqiqi və həllinə azərbaycanlı alimin töhfəsi

 

Akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" adlı məqaləsində XXI əsr Azərbaycanının yeni nəslinin, yeni mədəni - tarixi tipinin formalaşdığı hazırkı dövrün çağırışlarına dövlətimizin həssas münasibəti, gənclər siyasətinə önəm verilməsi, xüsusi dövlət proqramlarını qəbul etməsindən, onun ümummilli məsələ kimi əhəmiyyətli məsələlərinə də ətraflı təhlil verilmişdir. Xüsusi vurğulanmışdır ki, yeni nəslin möhkəm təməli, ilk növbədə, Azərbaycan dövlətinin milli sərvəti olan gənclərimizdir.

Akademik Ramiz Mehdiyev milli ideya və ideologiya məsələlərinə dərin təhlil verilən çoxsaylı əsərlərin müəllifidir. Hələ ötən əsrin 90-cı illərində milli dövlətçiliyin missiyası və məramı barədə dünya mütəfəkkirlərini əsrlərlə məşğul edən mürəkkəb məsələlərin tədqiqini elmi maraq predmeti seçmişdir. Çoxsaylı təhlillərinin cəmləşdirilmiş ideyasını qısa ifadə etmək istəsək, müəllifin başlıca qənaəti belədir: Azərbaycan xalqının yaratdığı və yaşatdığı dövlətin öz məqsədi və missiyasını ifadə edən milli ideyanın, vahid konsepsiyanın olması zəruridir.

Məqalədə müəllif tarixdə ilk dəfə gerçək olaraq qət etdiyimiz 20 illik zaman kəsimində milli ideyanın milli gerçəkliyə çevrilməsini təmin edən fövqəladə dərəcədə çətin, lakin şərəfli missiyanın, onun fəlsəfi, hüquqi, siyasi, iqtisadi təminatlarına nail olmağın yolları barədə baxışını ortaya qoyaraq Azərbaycan aliminin problemə yeni yanaşması kimi töhfəsini vermişdir. Bu məsələlərin təhlili nəticəsində XXI əsrdə milli ideyanın daha miqyaslı üfüqlərə qədər reallaşması yönündə görüləcək işlərin miqyasını göz önündə canlandırmışdır.

Son məqalə milli ideyaya dair mühakimələrin və fikirlərin təhrif edilmiş, yanlış təsəvvür və məzmundan təmizlənməsinə, millətçilik və ideokratizm qalıqlarından uzaqlaşaraq saflaşmasına böyük töhfədir. Əminliklə deyə bilərik ki, Azərbaycan tarixi reallığının güzgüsü kimi məhz bu çoxsaylı əsərlərdə verilən dərin təhlillər nəticəsində milli ideya və ideologiyanın mükəmməl konsepsiyası formalaşmışdır. Məqalədə milli ideya siyasi, fəlsəfi, ideoloji anlayışdır, reallıqdır, yoxsa simvoldur kimi sualların bütün cavablarını tapmaq mümkündür. Akademik Ramiz Mehdiyevin məqaləsi həqiqətən də milli ideya fenomenini mistik və mücərrəd simvollar aləminə bağlayan baxışlardan tamamilə fərqli olaraq, problemə elmi-rasional, XXI əsrin müstəqil Azərbaycan reallığından təhlilini verən fəlsəfi, real siyasi-hüquqi, praqmatik yanaşmadır. Bu əsər nəinki milli ideyanın, ümumiyyətlə, millilik və müstəqil dövlətçilik fenomeninə dair mövcud olan elmi təsəvvürlər məkanının genişlənməsində və onun zənginləşməsində həlledici rol oynayacaqdır. Buna görədir ki, məqalə Azərbaycan elmi ictimaiyyətinin milli müzakirə mövzusunu zəruri edən ilk təcrübə kimi də diqqəti cəlb etdi.

Bu gün milli ideyaya dair baxışlarda mütləq yekdilliyin mövcud olduğuna iddia etməyə ehtiyac yoxdur. Mövzuya münasibətdə müxtəlif mövqelər ola bilər və bu təbiidir. Əsas olan odur ki, milli ideyanın mili varlığın şərti olduğuna dair müddəanı hamı qəbul edir.

Ümumilikdə tarix, xüsusilə də cəmiyyət tarixi əlamətdar tarixi günlərə, yubileylərə qeyri-adi həssaslıq, bağlılıq hissi ilə səciyyələnir. Bu mərhələlər qət edilən yolun yekunu olmaqla yanaşı, tamamilə yeni bir səhifənin, yeni nəfəsin, yeni ideyaların da başlanğıcından xəbər verir.

Ötən yüzillik dünyaya çoxsaylı-müdrik, eyni zamanda, müdhiş ideyalar nümunəsini, insan iradəsinin bəzən sərsəm ideyalara da necə tabe olmasının canlı tarixini qoymuşdur. Milli ideyaya dair yeni təhlillər yeni yüzillikdə belə acı təcrübənin təkrar olmaması üçündür.

Müasir bəşər düşüncəsinin başlıca qənaətlərindən biri də - insan amilinin, insan meyarının bütün səylərin mərkəzinə gətirilməsidir. Bu baxımdan yalnız o ideyalar həyatın sınağından çıxa və əbədiyaşar ola bilirlər ki, insan-vətəndaş meyarından çıxış edirlər, insanı mənsub olduğu milli-mənəvi köklərlə bağlılıqda təsəvvür edirlər.

Akademik Ramiz Mehdiyevin məqaləsi nəinki müasir Azərbaycan aliminin, ictimai elminin milli ideyaya dair yeni fikirlərini, həm də bütövlükdə XXI əsrin reallığı işığında milli ideyanın dərk edilməsinə nəzəri oriyentir kimi çıxış edir.

Açıq etiraf edək ki, məqalə bu günümüzdə çoxsaylı rəsmi siyasi ideologiyaların böhran yaşadığı bir vaxtda cavabı axtarılan bir çox suallara aydınlıq gətirir. Məqalə milli ideyaya dair Yeni dövrdən üzü bəri deyilən fikirlərə yeni keyfiyyət və məna gətirir.

XXI əsrdə Azərbaycanda milli ideya dərin elmi-fəlsəfi əsaslarla yanaşı, həm də gerçəkliyin sınağından çıxan real həqiqətlər üzərində durması çox önəmlidir və artıq bu əsaslar müəyyən edilmişdir. Məqalədə milli ideyanın məhz real zamanda dinamikasının izlənilməsi, milli ideyanın dövlətçiliyin ayrılmaz atributlarından biri kimi gerçək tarixi dinamikada qoyuluşu yenidir.

Şübhəsiz ki, məqalə nəinki Azərbaycanda milli ideyanın, ümumiyyətlə, milli dövlətçilik fəlsəfəsinin dünya miqyasında yeni təhlilinə əvəzsiz töhfədir.

 

 

Rəbiyyət ASLANOVA,

Milli Məclisin İnsan hüquqları

komitəsinin sədri,

fəlsəfə elmləri doktoru, professor,

BDU-nun "Fəlsəfə tarixi və mədəniyyətşünaslıq"

kafedrasının müdiri

 

Azərbaycan.- 2011.- 23 iyun.- S. 4.