Hər bir məmurun ümdə vəzifəsi
xalqa layiqli xidmətdir
Hər bir dövlətin demokratik inkişafının əsas şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Dövlət qulluğunun bir sistem kimi səmərəli təşkili, dövlət qulluqçularının peşəkarlığı, səriştəliliyi dövlət quruculuğu prosesinin başlıca şərtlərindəndir. Ümummilli lider Heydər Əliyev bu zərurəti düzgün qiymətləndirərək respublikaya rəhbərliyinin bütün dövrlərində ixtisaslı kadrların hazırlanması, o cümlədən idarəçilikdə yüksək ixtisaslı, vicdanlı kadrların önə çəkilməsi məsələlərinə xüsusi diqqətlə yanaşmışdır.
Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıtdıqdan dərhal sonra dövlət qulluğu üçün milli kadrların hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə davam etdirmişdir. Şübhəsiz, idarəçilikdə rəhbərin davranışları, idarəçilik metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar komandadakı əhval-ruhiyyəyə də müsbət və ya mənfi anlamda təsir göstərir. Bu mənada ulu öndərin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, entuziazmı onun rəhbərlik etdiyi komandanın çevikliyinə və işləkliyinə təkan vermiş, məmurlarda məsuliyyət hissini daha da gücləndirmişdir. Heydər Əliyev yaxşı işləyən dövlət qulluqçularını mükafatlandırmaqla yanaşı, verilmiş göstərişləri lazımi səviyyədə yerinə yetirə bilməyən, qulluq səlahiyyətlərini aşan, xalq kütlələrində haqlı narazılıq doğuran hərəkətlərə yol verən məmurları müşavirələrdə açıqca ifşa etmiş, bu isə digərlərinə görk olmuşdur.
Ümummilli lider Heydər Əliyevin idarəçilik sistemində islahatların həyata keçirilməsi istiqamətində ilk uğurlu addımlarından biri 29 dekabr 1998-ci il tarixli "Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatların aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında" fərmanı olmuşdur. Fərmanda göstərilirdi ki, cəmiyyətin demokratikləşməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəetməsində köklü islahatların aparılması prinsipial əhəmiyyət kəsb edir. Sənəddə qeyd olunurdu ki, bu sahədə aparılan islahatlar idarəetmənin səmərəliliyini artırmalı, iqtisadiyyatın tarazlaşdırılmış tənzimlənməsi məqsədilə zəruri təsisatların formalaşdırılmasını, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiya olunmasını sürətləndirmək məqsədilə iqtisadi fəaliyyət üçün beynəlxalq standartlara cavab verən idarəetmə sistemi və hüquqi bazanın yaradılmasını təmin etməlidir.
Ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi işinin təkmilləşdirilməsi, bu sahədə yüksək səviyyəli mütəxəssislərin hazırlanması işinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, idarəçiliyin elmi əsaslarla təşkilinin möhkəmləndirilməsi məqsədilə 3 yanvar 1999-cu ildə "Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında" fərman imzalanmışdır. Ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış akademiyanın fəaliyyəti də məhz bu məqsədlərin gerçəkləşdirilməsinə yönəlmişdir. Akademiya bü günün vəzifələrini həll etməyə qabil müasir, yeni təhsil və elm mərkəzi olmaqla, dövlət quruculuğu prosesinə mühüm töhfə verir.
Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyinin hüquqi əsaslarının formalaşdırılması istiqamətindəki mühüm addımlarından biri də bu sahədə qanunverici bazanın yaradılmasıdır. Ümummilli liderin 21 iyul 2000-ci il tarixdə imzaladığı "Dövlət qulluğu haqqında" qanunun əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Avropa standartları səviyyəsində hazırlanmış bu qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanunda göstərilir ki, dövlət qulluğu Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Qanun icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.
Qanunun dövlət qulluğuna qəbulun müsabiqə və şaffaflıq əsasında həyata keçirilməsinə dair müddəaları prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğu keçən şəxslərə də şamil olunur. Hərbi qulluqçular, o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçiləri isə qanunla dövlət qulluqçusu sayılmır.
İdarəçilikdə siyasi varislik ənənəsi həm də kadrların seçilməsi və dəyərləndirilməsi ilə bağlı mütərəqqi ənənələrin qorunub saxlanılmasını və inkişaf etdirilməsini nəzərdə tutur. 2003-cü ilin oktyabrında xalqın böyük etimadını qazanaraq Prezident seçilmiş cənab İlham Əliyev ulu öndərin kadr siyasətini də uğurla davam etdirir. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən cənab İlham Əliyev dövlət qulluqçularını daim xalqın maraq və mənafeyini uca tutmağa, tutduqları vəzifələri şərəflə daşımağa çağırır. Cənab İlham Əliyevin prezidentlik dövründə dövlət qulluğunun həyata keçirilməsi mexanizmləri təkmilləşdirilmiş, kadrların yenilənməsi prosesi mühüm mərhələyə daxil olmuş, fəaliyyətində yüksək intellektə, praqmatizmə, sivil dəyərlərə istinad edən gənc nəslin nümayəndələrinin Azərbaycanda gedən proseslərin hərəkətverici qüvvəsinə çevrilmişlər.
Cənab İlham Əliyevin liberal baxışlar sistemi, xarakterinə xas olan humanistlik və xeyirxahlıq elementləri, bununla yanaşı, zəruri anda yüksək qətiyyət, prinsipiallıq göstərmək məharəti onun qısa müddətdə cəmiyyətdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi dəstəklənməsini təmin etmişdir. Azərbaycan Prezidenti hələ 24 noyabr 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" ilk iqtisadi fərmanında dövlət məmurları qarşısında vətəndaşların qəbulu, habelə ərizə və şikayətlərinə baxılması ilə bağlı mühüm vəzifələr müəyyənləşdirmişdir.
Qloballaşma dövrü ümumən dünyada olduğu kimi, Azərbaycanda da bir çox dəyişikliklərlə xarakterikdir. Bütün bunlar ölkə daxilində, bölgədə və daha geniş miqyasda baş verən proseslərə yeni, müasir, islahatçı baxış və idarəetmə formalarının tətbiqi tələbini aktuallaşdırır. Məhz bu səbəbdəndir ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prinsipini əhalinin gündəlik həyatının yaxşılaşdırılması, Azərbaycanın sosial-iqtisadi cəhətdən qüdrətlənməsinə yönəlmiş praktiki addımların atılması ilə bərabər, ümumilikdə idarəçilik fəlsəfəsinin dəyişdirilməsi, yeniləşdirilməsi və müasirləşdirilməsi təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin idarəetmə fəlsəfəsi yeni təfəkkür və müasir yanaşmadan ibarətdir.
Bu gün iftixar hissi ilə demək olar ki, Azərbaycanın bütün sahələr üzrə mütəxəssisləri, peşəkar kadrları, dövlət qulluqçuları var və onlar özlərini işlərində tam doğruldurlar. Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli "Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında" sərəncamı ilə 23 iyunun respublikamızda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır. Bu əlamətdar tarix dövlət qulluqçularının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, onları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
Samir ELMANOĞLU
Azərbaycan.- 2011.-23 iyun.- S. 5.