"Türkiyə" qəzetində "Naxçıvan türk iş adamlarını gözləyir" başlıqlı məqalə dərc olunmuşdur

 

Türkiyənin nüfuzlu "Türkiyə" qəzetində Azərbaycanın qardaş ölkədəki səfirliyinin təşəbbüsü ilə dərc olunmuş "Naxçıvan türk iş adamlarını gözləyir" başlıqlı məqalədə Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və turizm imkanlarından bəhs olunur.

Məqalədə vurğulanır ki, Türkiyəni bu ölkənin Asiyaya qapısı olan və son 15 ildə mühüm sosial və iqtisadi nailiyyətlər qazanmış muxtar respublika ilə yalnız 11 kilometrlik sərhəd deyil, habelə etnik, dini və tarixi köklərlə bağlılıq birləşdirir. Bu bərəkətli diyar qardaş Türkiyənin iş adamlarını gözləyir.

Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun "Kipr Türkiyə üçün "Yavru Vətən" olduğu kimi, Naxçıvan da belə olmalıdır" sözləri xatırladılan məqalədə daha sonra qeyd olunur ki, bu qədim diyar Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini ilk olaraq elan etmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün müstəqillik prosesini buradan başlatmışdır.

Qəzet muxtar respublikada həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində iqtisadi tərəqqiyə nail olunduğunu da vurğulayır. Bildirilir ki, muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri son 15 ildə abadlaşmış və gözəlləşmişdir. 2009-cu ildə ümumi daxili məhsulun həcmi 21 faiz, ötən il isə 17 faiz artmışdır. Adambaşına düşən milli gəlir ötən il 2008-ci ildəki 2 min 600 dollardan 3 min 592 dollara yüksəlmişdir.

Naxçıvanın sərmayə qoyulacaq sahələrindən bəhs edilən bölmədə qeyd olunur ki, burada sement, duz, şüşə, xalça, tekstil istehsalı, hidroelektrik stansiya, qida sənayesi sahələri üzrə müəssisələr fəaliyyət göstərir. Turizm sektorunda da geniş imkanlara malik olan muxtar respublikada Əshabi-Kəhf ibadət yeri və "Duz dağı" sanatoriyası minlərlə turistin gəldiyi məkanlardır.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-23 iyun.- S.6.