Bakıda "Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir" mövzusunda konfrans keçirilmişdir

 

İyunun 22-də "Hyatt Regency" hotelində 26 İyun - Dünya Narkotiklər Əleyhinə Mübarizə Gününə həsr olunmuş "Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Narkotiklərə Qarşı Təbliğat Ofisi (İB) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkil etdiyi konfransda nazirlik, komitə və şirkətlərin səlahiyyətli şəxsləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Narkotiklərə Qarşı Təbliğat Ofisinin (İB) rəhbəri Məzahir Əfəndiyev Dünya Narkotiklər Əleyhinə Mübarizə Gününün 1987-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis olunduğunu, bununla əlaqədar 1996-cı ildə ölkəmizdə dövlət komissiyasının yaradıldığını, Azərbaycan hökumətinin narkotika ilə mübarizədə uğurlar əldə etdiyini, bu sahədə 3 dövlət proqramının həyata keçirildiyini bildirmişdir. Azərbaycanda 27 min narkotik istifadəçisinin qeydə alındığını bildirən M.Əfəndiyev problemin aktuallığından da danışmışdır.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov narkomaniyanı demokratiyaya və iqtisadi inkişafa ən çox ziyan vuran amillərdən biri kimi qiymətləndirmiş, müharibədən də təhlükəli olan narkotika istehsalının son 12 ildə 78 faiz artdığını demişdir. Bunu dünya dövlətlərinin narkomaniyanın artmasına laqeydliyi ilə izah edən baş nazirin müavini bildirmişdir ki, BMT-nin hesabatlarında son 2-3 ildə narkotikanın növləri üzrə azalmaların olduğu göstərilir. Ancaq bu, statistikadır, hazırda narkotika istifadəçilərinin sayı 300 milyondur. Bu isə o deməkdir ki, heç bir xalq, dövlət bununla təkbaşına mübarizə apara bilməz. Donor təşkilatlar və beynəlxalq qurumlar bu problemin həllinə vəsait ayırmalıdırlar. Dünyanın bu problemlə mübarizə metodları köhnəlmişdir. Yeni üsullar hazırlanmalı və qaydalar sərtləşdirilməlidir. Ə.Həsənov vurğulamışdır ki, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və 132 kilometrlik dövlət sərhədinin nəzarətdən kənarda qalması da narkotik cinayətkarlığı artıran səbəblərdəndir. Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında işğal altındakı Qarabağ ərazisindən tranzit kimi istifadə olunur. Təəssüf ki, bu barədə beynəlxalq tədbirlərdə məsələ qaldırılsa da, nəticə yoxdur. Ermənilər Azərbaycanın işğal olunmuş ərazisində yetişdirdikləri narkotik maddələri sataraq yüksək qazanc götürür və bunu Azərbaycanın əleyhinə yönəldir, 100 minlərlə gəncin həyatını zəhərləyirlər. Ancaq bu barədə BMT-nin hesabatlarında heç nə yazılmır.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş və 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın icrası ilə bağlı dövlət komissiyası, müvafiq nazirlik, komitə və təşkilatların gördükləri işlər haqqında məlumat vermişdir.

ATGTİ-nin sədri Şahin İsmayılov gələcəyimizi və bəşəriyyətin sağlamlığını qorumaq naminə birgə mübarizə aparmağın vacibliyini diqqətə çatdırmışdır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri əvəzi Con MakKessik, "Vesti" informasiya agentliyinin müxbiri Ramella İbrahimxəlilova, Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Turan İsmayılov çıxışlarında bu sahədə mübarizənin səmərəsini artırmaq üçün dövlət, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin birgə fəaliyyət göstərməsinin zəruriliyini qeyd etmişlər.

Konfrans iştirakçılarına Azərbaycanda 2010-cu il üçün narkotiklərə dair Milli Hesabat təqdim olunmuşdur.

Narkotika ilə mübarizədə geniş təbliğat və informasiya mübadiləsi həyata keçirən KİV nümayəndələri mükafatlandırılmışlar. Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc "Ən dəqiq statistik məlumatlar" nominasiyası üzrə "Fəxri fərman"la təltif edilmişdir.

 

 

Azərbaycan.- 2011.-23 iyun.- S. 7.