Ukrayna Polesyesində əfsanəvi general Hüseyn xan Naxçıvanskinin şərəfinə xatirə lövhəsi vurulmuşdur

 

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Volın vilayətində işçi səfərdə olduğu müddətdə bu vilayətin Rojişşe şəhərində Azərbaycanın və Ukraynanın görkəmli sərkərdələri Hüseyn xan Naxçıvanski və Pavlo Skoropadskinin Ukrayna Polesyesində olması şərəfinə xatirə lövhəsinin açılışında iştirak etmişdir. Ukraynanın şimal-qərb hissəsində yerləşən bu şəhərdə xatirə lövhəsi Brusilov hücumunun 95 illiyi münasibətilə vurulmuşdur.

Məlum olduğu kimi, Hüseyn xan Naxçıvanski və Pavlo Skoropadski 1916-cı ildə Rusiya imperator ordusunda general rütbəsində xidmət etmişlər. Xatırladaq ki, Azərbaycan xalqının görkəmli oğlu, Birinci Dünya müharibəsi dövrünün əfsanəvi sərkərdəsi, imperatorun general-adyutantı, Rusiyanın Müqəddəs Georgi ordeni, Rusiya, Rumıniya, Bolqarıstan, İran, Avstriya-Macarıstan ordenləri ilə təltif edilmişdir.

Volın vilayət dövlət administrasiyasının rəhbəri Boris Klimçuk tədbirin rəsmi hissəsində nitq söyləmişdir. O demişdir: "Ukrayna müştərək tariximizin səhifələrini öyrənməkdə davam edir. Biz burada hər iki xalqın çiyin-çiyinə vuruşaraq öz hərbi vəzifələrini yerinə yetirmiş oğullarına ehtiramımızı bildiririk. Bugünkü hadisə Ukraynanın və Azərbaycanın ən yeni tarixinə bir mərhələ kimi daxil olacaqdır".

Azərbaycanın Ukraynadakı səfiri öz növbəsində vurğulamışdır ki, bu xatirə lövhəsinin açılışı təkcə Rojişşe şəhəri üçün deyil, həm də dost dövlətlərimiz üçün əlamətdar hadisədir. Bu xatirə lövhəsi iki ölkənin böyük qəhrəmanlarından söhbət açır. Səfir demişdir ki, Ukraynanın sonuncu getmanı olmuş Pavlo Skoropadski təkcə məşhur sərkərdə deyil, həm də görkəmli ictimai və siyasi xadim olmuş, Azərbaycan Xalq Cümhuriyyəti ilə diplomatik münasibətlərin nizamlanması üçün çox iş görmüşdür.

Azərbaycanlı diplomat general Naxçıvanskilərin, Kəngərlilər nəslinin Azərbaycan tarixində rolu barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, XVIII əsrdən etibarən bu hərbi sərkərdələrin şanlı bioqrafiyası, onların şücaəti və mərdliyi qədirbilən Azərbaycan xalqının xatirində yaşayır. Səfir onu da bildirmişdir ki, Hüseyn xan Naxçıvanskinin kiçik qardaşı, 1938-ci ildə Stalin rejimi tərəfindən güllələnmiş Cəmşid Naxçıvanskinin şərəfinə Naxçıvanda ev-muzey yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi bu əfsanəvi sərkərdələr nəslinin xatirəsinin qorunub saxlanması üçün gənclər arasında böyük vətənpərvərlik işi aparır.

Sonda Boris Klimçuk Ukraynanın Azərbaycandakı səfirliyinə rəhbərlik etdiyi dövrü böyük səmimiyyətlə xatırlamış, qonaqpərvər Azərbaycan xalqına rəğbətini bildirmişdir.

Volın vilayətinin qubernatoru ölkəmizin Ukraynadakı səfirinə təşəkkür edərək bildirmişdir ki, lap yaxın vaxtlarda onun başçılıq etdiyi nümayəndə heyəti Volın vilayəti ilə qardaşlaşma əlaqələri yaratmış Gəncəyə səfər edəcəkdir.

Tədbirdə Rojışşe şəhərinin meri, 2009-cu ilin avqust ayında yenidən bu vəzifəyə seçilmiş Əfqan Əliyev, habelə Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, Ukrayna ictimaiyyətinin nümayəndələri və başqaları iştirak etmişlər.

 

***

 

Sonra Azərbaycanın Ukraynadakı səfiri Volın vilayəti ilə qonşuluqda yerləşən Rovno vilayətində olmuş, orada Rovno meri Vladimir Xodko ilə, Ukrayna Azərbaycanlıları Konqresinin regional bölməsinin rəhbərliyi ilə görüşmüş, Rovno vilayətinin iqtisadi potensialı ilə tanış olmuşdur.

 

 

Zeynal Ağazadə,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2011.-23 iyun.- S. 7.