"Beynəlxalq kimya ili"nə
həsr olunmuş sağlamlıq spartakiadasına yekun
vurulmuşdur
YUNESKO tərəfindən 2011-ci ilin "Beynəlxalq kimya ili" elan olunması ilə əlaqədar ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin müəssisə və idarələri arasında 3 aya qədər davam etmiş sağlamlıq spartakiadasına yekun vurulmuşdur.
Spartakiadanın yekunu ilə bağlı "Azərikimya" İB-də keçirilən tədbirdə birliyin icraçı direktoru Xəqani Babayev, Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov, yarışların hakimi Eldar Məmmədov və digərləri çıxış edərək sağlamlıq spartakiadasının kimyaçılar üçün əsl idman bayramına çevrildiyini bildirmişlər. Qeyd olunmuşdur ki, "Beynəlxalq kimya ili"ndə kimyaçılar arasında idmanın kütləviliyini daha da genişləndirmək, onların fiziki sağlamlığına nail olmaq məqsədi daşıyan spartakiadanın start mərhələsi müəssisələr və idarələrdaxili yarışlarla başlanmış, nəticədə hər bir müəssisənin bacarıqlı idmançılardan ibarət yığma komandası təşkil edilmişdir.
Spartakiada zamanı voleybol, mini futbol, şahmat, dama, nərd, stolüstü tennis və yüngül atletika üzrə müəssisədaxili yarışlar keçirilmişdir. Spartakiadada iştirak edən 8 komandanın hər biri idmanın bütün növləri üzrə yarışlarda fəallıq nümayiş etdirmişdir. Etilen-polietilen zavodunun idmançıları futbol, voleybol, dama yarışlarında yüksək fiziki hazırlıq və peşəkarlıq nümayiş etdirməklə əksər idman növləri üzrə I-II yerləri tutmuş və ümumi xal hesabında spartakiadanın qalibi olmuşlar. Yüksək idmançı əzmkarlığı ilə çıxış edən səthi aktiv maddələr zavodunun komandası stolüstü tennis, şahmat və yüngül atletika üzrə ikinci mükafata, "Üzvi sintez" zavodunun komandası isə üçüncü mükafata layiq görülmüşlər.
Qalib
komandalara spartakiadanın kubokları və xüsusi diplomlar təqdim
edilmişdir. Yarışlarda fəallıq göstərən
digər komandalar, həmçinin şəxsi birincilikdə fərqlənən
idmançılar İB-nin fəxri fərmanları və qiymətli
hədiyyələrlə təltif olunmuşlar.
Azərbaycan.- 2011.-23 iyun.- S. 7.