Zamanı keçmiş çağırışlar

 

Mən bu məqaləni mart ayının ikinci yarısında yazmışdım. Elə o zaman da "Yeni Müsavat" qəzetində xalq şairi Zəlimxan Yaqubla müsahibəni oxudum. Xoşum gəldi. Hətta "Ədəbiyyat qəzeti"nin redaktoru Ayaz Vəfalıya müsahibəni "Yeni Müsavat" qəzetindən götürüb bizim oxucular üçün dərc etməsini məsləhət bildim. Müsahibə təkrar dərc edildi. Ona görə öz yazımı çapa vermədim. Dedim, qoy bir az vaxt keçsin. Hörmətli redaktor, güman edirəm, indi münasib vaxtdır və bu yazını qəzetinizə təqdim edirəm.

Son zamanlar müxalifət və müxalifətyönlü qəzetlərdə nümayişə çağırışlar oxuyuram. Bu çağırışlar bir müxalifət partiyası üzvlərinə və yaxud müxalifət partiyaları üzvlərinə deyil, ümumən xalqımıza yönəlmiş olur. Bu zaman özüm özümdən soruşuram, sən nümayişə çıxacaqsanmı? "Yox" - deyirəm. Yox! - deməyə mənim doxsan doqquz səbəbim var. Niyə "yox!" Mən Azərbaycanın xalq şairiyəm, nümayişə çıxanlar da Azərbaycan xalqıdırsa, niyə mən onların cərgəsində deyiləm! Xoşbəxtlikdən Azərbaycan xalqı milyonlarladır. Azərbaycan xalqı nümayişə çıxanda - 1989-1990-cı illərdə, habelə qanlı Yanvarda və şəhidlərin qırxı çıxınca mən də, balalarım da, beş qardaşım, üç bacım ailəsi ilə, qoca anam da o insanların arasında idik. O günlər bütün xalqımız bir ailə idi. Hamı ev-eşiyini qoyub nümayişə çıxmışdı. Əslində, bütün xalq bir ailə idi. Hamı küçələrdə, evlər başlı-başına qalmışdı. O günlər ərzində ölkədə bir oğurluq hadisəsi qeydə alınmamışdı. Bu, Azərbaycan xalqı idi! Heç kəsi bu nümayişə çağırmamışdılar. Hər kəs ürəyinin çağırışı ilə meydana gəlmişdi. Şüarlar minlərlə idi. Amma hər kəsin qəlbində əsas bir arzu "sovet imperiyası köləliyindən xilas olmaq, müstəqil dövlət qurmaq, azadlıq arzusu vardı". Bəli, dediyim kimi, o zaman mən də nümayişə çıxmışdım. Özü də daş atıb şüşə qırmırdıq, zopa ilə maşınları əzmirdik, zibil yeşiklərini küçələrə aşırmırdıq. Nümayişə çıxmışdıq. O zaman azadlıq uğrunda hər həs canının verməyə hazır idi, verdilər də, iyirmisi yanvarda sinəsini gülləyə verənlər də, özünü tankların tırtılı altına atanlar da oldu. Bu gün də onların yeri millətin başının üstündədir, yəqin ki, şəhidlərimizin yeri orda da Allah məqamındadır. O zaman biz azadlıq, müstəqillik istəyirdik. Aldıq da! İnsanlar küll halında bir şeyi istərkən mütləq alır. Yəhudilərin müqəddəs kitabında yazılır ki, onlar bir qalanı ala bilmirlər, haqdan səs gəlir ki, yeddi gün eyni vaxtda hamılıqla qalanın üstünə qışqırın, yeddinci gün qala dözməyib uçacaq. Elə də olur. Qoşun hissələri körpüdən əsgəri marşla keçməməlidir. Eyni anda atılan addımlar körpüyə ağır zərbələr kimi dəyib onu uçura bilər. Yəni, istədik, hamılıqla istədik, qurbanlar da verdik, azad olduq, müstəqil ölkəyik. İmzalar arasında imzamız, bayraqlar arasında bayrağımız var. Ölkəmizi iqtisadi cəhətdən anbaan gücləndirməyə çalışırıq. Çünki düşmənə qarşı ən müasir, ən güclü silah iqtisadi durumdur. İndi ona da nail oluruq. İndi üçüncü minilliyin birinci yüz ilini yaşayırıq. İndi yenidən 1989-1990-nı xatırlayıb o hava ilə dəstə toplayıb küçələrə çıxmaq, cəngavərlik eşqinə düşmüş Don Kixot kimi yazıq və gülünc vəziyyətə düşməkdir. Qardaşım, oğlum, biz bu mərhələni keçmişik. O yol o biri minillikdə qalıb. Əlbətt ki, deyə bilərsiniz: "Demokratiya, söz azadlığı, insan hüquqları bəyəm köhnəlib, keçən əsrdə qalıb?" Xeyr! Xeyr!!! Bu bəşəri dəyərlər də inkişaf edib. Onların müdafiəsi, həyata tətbiqi forması dəyişib. Küçəyə, meydana çıxıb qışqırmaqla, polisə hücum etməklə, daş atmaqla, pəncərə qırmaqla, maşın əzməklə "istənilən şeyin" adı niyə demokratiya olur? O necə demokratiyadır ki, sən onu zor gücünə almaq istəyirsən. Səndən daha güclü, daha həyasız bir dəstə gəlib o demokratiya dediyin şeyi səndən alacaq (həyasız sözünə görə oxucudan üzr istəyirəm, amma harda güc var, harda zor var, orada həyasızlıq meydan sulayır). Belə bir ölkə inkişaf edə bilərmi? Xeyr! Elə ölkə heç müstəqilliyini də qoruyub saxlaya bilməz. Biz bunu da görmüşük, axı. Vətəndaş müharibəsi artıq başlamışdı. Ölkə parçalanırdı. Girəvə güdən ermənilər Qarabağda etnik təmizləmə, soyqırımı həyata keçirdiyi vaxtda dövlət quruculuğunun dahi ustadı Heydər Əliyev imdada yetişdi. Qızmış ayğıra bənzər idarə olunmaz xaosun cilovunu əlinə keçirdi, səbirlə, təmkinlə yüyənini yığışdırdı. Yanğın ocaqlarını bir-bir söndürdü. İndi mən bunları sadalayıram adama asan gəlir. Bu vəziyyəti, əslində, ən müasir silahlarla silahlanmış güclü ordu belə ram edə bilməzdi. Heydər Əliyev bu işin öhdəsindən gəldi. Əvvəla, bu ölkədə hamı Heydər Əliyevi yaxşı tanıyırdı. Məsələ onda idi ki, Heydər Əliyev də bu ölkədə hamını dərindən tanıyırdı. Hətta hər kəsin nəinki özünü, arxasında duranları da, dəstələrin tapşırıq aldığı, güvəndiyi ölkələri də yaxşı tanıyırdı. O ölkələrdə böyük siyasət ustası Heydər Əliyevin nəyə qadir olduğunu yaxşı bilirdilər. Elə ona görə də olan-qalan münasibətləri gələcək üçün qoruyub, əyləci basa-basa adamlarının arxasından geri çəkilirdilər. Bu yerdə bir rəvayəti danışmaya bilmərəm:

Soltan Səlim sarayın qarşısında bir dəstə adamın əl-qol atıb danışdığını görür. Soruşur:

- Kimdir onlar? Nə istəyirlər?

- Soltanım, bir dəstə qiyamçıdır, sizin qaranızca danışırlar. Əmr edin boyunlarını vurduraq.

- Lazım deyil.

- Zindana atdıraq?

- Xeyr. Yalnız orda durub qışqırırlar?

- Bəli, soltanım. Hər səhər sakitcə gəlib o yerdə dayanıb qışqırışırlar. Axşam yorulub gedirlər evə.

- Onlar gedəndən sonra həmin yeri qazın.

Gecə xəbər gəldi:

- Sultanım, həmin yeri qazdılar. Yeddi küp qızıl çıxdı.

- Onların ayağları altındakı qızıl idi onları qışqırdan.

Səhər açılanda gördülər ki, həmin insanlar həmin yerdə diz çöküb sultana dua edirlər.

Sultan Səlim üzünü əyyanlarına tutub dedi:

- İnsanları susdurmaq yox, onları qışqırdanı tapmaq lazımdır!

Heydər Əliyev çox gözəl bilirdi kimi hardan, hansı vədlə, hansı sərvətlə qışqırdırlar.

Ulu öndər ölkəni, gələcək strategiyanı, ölkənin inkişaf perspektivini elə qurdu ki, qışqırdan və qışqıranlara imkan yeri qalmadı. Dünyadakı ağıllı siyasətçilər geri çəkilib dost əli uzatmağa məcbur oldular. Doğrudur, indi də keçənlər, keçmişlər xülyası ilə cəngavərlik eşqinə düşənlər olur. Belə Don Kixotlar burda olmayan Dursineyaları xilas etməyə cəhd göstərir. Bildiyiniz kimi, sonu zibil yeşiklərini küçəyə aşırmaqla, vitrinləri qırmaqla nəticələnir. Evdən çıxanda hər kəs bir dəfə güzgüyə baxır. Özünü görmək istədiyi boyda görür. Heydər Əliyev varkən başında prezidentlik havası olan hər kəs baxdığı güzgüdə nəhəng şəxsiyyət ulu öndəri görüb onunla müqayisədə kiçilib öz boyuna, öz imkanına qədər enirdi. Reallığa təslim olub öz bacardığı işin qulpundan yapışırdı. Ulu öndərdən sonra yenə iştahalar açıldı, onlarca adam evində güzgü qarşısında dayanıb prezidentlik iddiasına düşdü. Özündən ağıllı, yaraşıqlısını görmədi. Yarımçıq insanlar adətən, başqalarını olduğundan kiçik, özünü isə olduğundan ağıllı, yaraşıqlı, güclü görürlər. Elə ona görə seçkidə İlham Əliyevin qalib gəlməsi onları qəzəbləndirdi. Sivil qaydalar yaddan çıxdı. Çomağa əl atdılar. Amma hər bir quruluşda çomağa qarşı çomaq var.

İlham Əliyev Mərdəkanda seçicilərlə görüşdə: "Mən sizə yaxşı prezident olacağam" - demişdi. Prezident olandan sonra hər saat, hər gün İlham Əliyev verdiyi sözə əməl etdi. Prezidentliyinin beşinci ilində, yeni seçkilər yaxınlaşanda prezidentlik eşqi ilə bəzənib-düzənib güzgüyə baxanlar həmin güzgüdə özlərindən bacarıqlı, özlərindən yaraşıqlı, özlərindən ucaboy İlham Əliyevi gördülər. Əslində, İlham Əliyevin apardığı düzgün siyasət, quruculuq işləri, danılmaz inkişaf tempi hər kəsi düşünməyə, onun obrazını görməyə məcbur edirdi. İkinci dəfə seçicilərə: "Mən sizə yaxşı prezident olacağam" - deməyə ehtiyac yox idi. Seçicilər görülən işlərə, yaxşı prezidentə səs verdilər. Mübahisələr dəhliz giley-güzarı səviyyəsinə endi. Şərait və zaman ən yaxşı müəllimdir. Biz bu dərsləri, bu yolu artıq keçmişik, indi tamam başqa bir mərhələni yaşayırıq. Relsə düşmüşük, sürət yığırıq. İnkişaf edən bizim kimi ölkələrdə iqtidarın yaxın köməkçisi müxalifətdir. Güclü müxalifət. Sıralarında dərin zəkalı, vətənpərvər insanlar olan müxalifət Güclü müxalifət iqtidarın güzgüsüdür (güclü deyəndə - onların daş atıb pəncərə qırmağını, polis vurmağını nəzərdə tutmuram), həm də elə-belə güzgü yox, danışan güzgüdür. Əyrini əyri, düzü düz deyən güzgüdür. Şübhəsiz ki, vətəninin inkişafını, xalqının rifahını iqtidardan az düşünməyən müxalifətdən söhbət gedir. Belə müxalifət təkliflərini verir, hətta onların həyata keçirilməsində iqtidara kömək edir. Belə müxalifət iqtidarın uğurunu azaltmır, nöqsanlarını şişirtmir. Müxalifət xalqı aldatmaq istəyəndə, iqtidarın əməllərinin çəkisinə haram qatanda həm xalqın yanında, həm də iqtidarın yanında uduzur. Onsuz da xalqın gözü tərəzidir, hər şeyi yaxşı görür. Dinləyib dinmirsə, elə bilmə ki, səninlə razıdır. Susmaq həmişə razılıq əlaməti olmur! O səni yaxşı tanıyır, öz övladısan. Danışanda nə istədiyini, nəyi yalan, nəyi doğru dediyini yaxşı bilir! Dinmirsə sən bunu xalqının müdrikliyi kimi qəbul elə! Ağıllı müxalifət iqtidar olmağa alnı açıq, üzü ağ, sivil yolla gedir. Debatlarda, seçkilərdə səs çoxluğu qazanıb qalib gəlir, iqtidar olur. Şübhəsiz ki, iqtidar da dönüb müxalifət olanda iqtidara gəlmiş müxalifətin qoyub getdiyi gözəl ənənəni davam etdirəcək. Belə sivil münasibətdən xalqımız, ölkəmiz qazanacaq! İqtidar, müxalifət ölkəmizin iki qanadı kimi yurdumuzun şərəfini yüksəklərə qaldıracaq. Belə olanda xalq hakim rolunda olur. Əsl yerini tutur, hər kəsdən, hər şeydən yuxarıda dayanır. Deyə bilərsiniz ki, səslərin sayılmasında əliəyrilik ola bilər, insanlar aldana bilər. Dünyanın indiki zamanında insanları kütləvi halda aldatmaq mümkün deyil! Bu vəziyyət ağıllı iqtidara sərf etməz. Çünki sivil ölkələr qarşısında belə iqtidar özünü gözükölgəli hiss edəcək. Bundan ötəri də qara-qışqırıq qoparıb küçələrə tökülmək, zərrə-zərrə topladıqlarımızı töküb, dağıdıb məhv etmək, ölkəni bir neçə il geri atmaq qaş düzəltdiyin yerdə göz çıxarmaqdır. Səbirlə, təmkinlə danışıb anlaşmağa çalışmaq lazımdır. İrəliləmək lazımdır. Bu, yolu biz keçməliyik. Nöqsanları redaktə edəcəyik, yaraları zaman sağaldacaq. Vacib olan ölkəni qorumaq, inkişaf etdirmək, yaşatmaqdır! Biz də onun tarixində özümüz olduğumuz kimi qalacağıq. Bu, utopiya deyil! Bu, yaxın gələcəyin reallığıdır. Biz o gözəl gələcəyin astanasına addımlayırıq. Təki iqtidarlı, müxalifətli öz ambisiyalarımızdan əl çəkə bilək! Təki bir-birimizə uğur arzulayaq. Təki biz buna özümüzü məcbur edə bilək. Vətənimizin, xalqımızın rifahı, inkişafı naminə öz hikkəmizi, yalançı mənəmliyimizi tapdayıb keçə bilək. Bir-birimizin qolundan yapışaq, başından basmayaq.

Böyük Mövlanə eşidəndə ki, aqillər, alimlər arasında çəkişmə, ikitirəlik yaranıb onları qonaq çağırır, uzun bir süfrə arxasında üz-üzə əyləşdirir. Süfrəyə ləziz yeməklər gəlir. Hərəyə sapı çox uzun qaşıqlar verirlər. Əyləşənlərdən biri:

- Ya Mövlanə, bu qaşıqlarla necə yemək olar?

- Olar, olar, - deyir Mövlanə. Hər kəs özü yeməsin, bir-birinizi yedizdirin. Hamınız yeyərsiniz, hamınız da mehriban olarsınız.

Biz o müdrik babaların övladlarıyıq. Gəlin şüurumuzla, əməlimizlə bunu dünyaya nümayiş etdirək!

İnanıram edəcəyik də!

 

 

Hörmətlə Fikrət QOCA

 

Azərbaycan.- 2011.- 23 iyun.- S. 5.