Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri

 

 İyunun 23-də Brüsseldə Krans Montana Forumunun rəsmi açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun "Azərbaycan: Şərqə doğru Avropanın qabaqcıl mayakı" sessiyasında iştirak etmişlər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə ölkəmizlə bağlı təqdim edilən sərgi ilə tanış oldular.

Sərgidə Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri barədə ətraflı məlumat verildi. Burada ölkəmizdə enerji, turizm, mədəniyyət, infrastruktur sahələri barədə Forum iştirakçılarının diqqətinə zəngin məlumat çatdırılmaqla Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf dinamikası barədə də informasiyalar yer almışdır. Bu da Azərbaycan ilə tanışlıq, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə məlumat almaq üçün Forum iştirakçılarına geniş imkanlar yaratdı. Bir sözlə, Forumda Azərbaycana maraq kifayət qədər böyük oldu.

Bu il 22-ci dəfə keçirilən Krans Montana Forumunda dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, nazirlər, iri biznes sahibləri iştirak edir. Qeyd edək ki, Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan etmişdir. Builki Forum işini iyunun 25-də başa çatdıracaqdır.

Gələn ilin iyununda isə Krans Montana Forumu Bakıda keçiriləcəkdir.

Forum iştirakçıları salona daxil olan Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşıladılar.

Sonra Forum öz işinə başladı.

Mərasimi açan Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, o cümlədən digər qonaqları salamladı, tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verdi.

Belçika Krallığı Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, enerji sektorunda əldə olunan uğurlar, sərmayə mühiti barədə danışdı. Bu sahədə Prezident İlham Əliyevin xidmətlərini xatırladı və Avropa üçün Azərbaycanın Asiyaya açılan qapı olduğunu diqqətə çatdırdı.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxışında diqqəti Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlara yönəltdi. Dedi ki, indi enerji təhlükəsizliyi Avropa üçün bir nömrəli məsələdir və neft-qaz hasilatında əldə edilən nailiyyətlər Azərbaycanı daha da gücləndirir. Komissar Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri zamanı enerji sahəsində əməkdaşlığa dair imzalanan birgə bəyannamənin əhəmiyyətinə də toxundu.

Albaniyanın Baş naziri Sali Berişa da neft-qaz sektorunda əldə olunan uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Əlcəzairin planlaşdırma naziri Həmid Temmar və İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də mərasimdə çıxış etdilər. İSESKO-nun baş direktoru rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında yaranan səmərəli əməkdaşlıqdan danışdı. Vurğuladı ki, Azərbaycan həm İSESKO, həm də YUNESKO və digər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən tədbirləri təşkil etməklə özünün mədəni dəyərlərə sadiqliyini təsdiq edib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini vurğuladı və onun xoşməramlı səfir kimi mədəniyyət, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı Forumda nitq söylədi.

 

 

Azərbaycan.- 2011.-24 iyun.- S. 1.