RF XİN: "Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynamalıdır"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın iyunun 24-də Kazanda, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin iştirakı ilə keçiriləcək görüşü ilə əlaqədar Rusiya XİN-i xüsusi bəyanatla çıxış etmişdir.

Bəyanatda deyilir: "Bu görüş Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynamalıdır. Biz gözləyirik ki, Bakı və Yerevan bu il mayın 26-da ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin - Rusiya Federasiyasının, Amerika Birləşmiş Ştatlarının və Fransa Respublikasının prezidentlərinin birgə bəyanatına konstruktiv münasibət bildirəcəklər. Həmin sənəddə Azərbaycan və Ermənistan liderləri siyasi əzmkarlıq nümayiş etdirməyə və Dağlıq Qarabağ Münaqişəsinin Tənzimlənməsinin Əsas Prinsiplərinin layihəsinin müzakirəsini Kazan Sammitində başa çatdırmağa dəvət edilirlər.

Kazanda nəzərdən keçiriləcək sənəd münaqişə tərəflərinin və həmsədr ölkələrin birgə işinin mühüm dövrünün nəticəsi, bu sahədə gələcək irəliləyiş üçün və sonradan geniş əhatəli Sülh Sazişinin hazırlanması üçün real əsasdır.

Ümid edirik ki, tərəflər bu əsasda bütün regionda sülh, tərəqqi və inkişaf naminə razılığa gələcəklər".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-24 iyun.- S. 5.