Azərbaycan Diplomatik Akademiyası Türkiyənin Orta Doğu Texniki Universiteti ilə daha sıx əməkdaşlıq edəcəkdir

 

İyunun 23-də xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, professor Hafiz Paşayev Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Əhməd Açar ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə rektor Hafiz Paşayev Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətindən danışmışdır. Qeyd etmişdir ki, ADA qardaş Türkiyənin aparıcı təhsil ocaqlarından biri olan Orta Doğu Texniki Universiteti ilə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır. Hafiz Paşayev bu ali təhsil ocaqları arasında elmi, professor-müəllim və tələbələr səviyyəsində mübadilənin qurulmasının, araşdırma mərkəzlərinin birgə fəaliyyətinin böyük fayda verəcəyini demişdir.

Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Açar ADA-nın nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulamışdır. O, rəhbərlik etdiyi ali məktəbin ADA ilə beynəlxalq münasibətlər, enerji və iqtisadi araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləmişdir.

Qonaqlara ADA-nın fəaliyyəti, strukturu, yaxın illərdə həyata keçirəcəyi planlar barədə geniş məlumat verilmişdir.

Daha sonra qonaqlar ADA-nın inzibati binası ilə tanış olmuşlar.

Xatırladaq ki, ötən il rektor Hafiz Paşayevin rəhbərliyi altında ADA-nın nümayəndə heyəti Türkiyənin Orta Doğu Texniki Universitetində olmuşdur.

 

 

Azərbaycan.- 2011.-24 iyun.- S. 5.