Lənkəran Dövlət
Universitetinin beynəlxalq əlaqələri genişlənir
Rusiyanın Orlov Dövlət Universitetinin və Moldova Beynəlxalq Universitetinin nümayəndələri Lənkəran Dövlət Universitetində (LDU) olmuşlar. Universitetdə keçirilən görüşdə fikir mübadiləsi aparılmışdır.
Lənkəran Dövlət Universitetinin rektoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov ali təhsil ocağında aparılan islahatlardan, elm və təhsilin inkişafı istiqamətində əldə edilən uğurlardan, beynəlxalq əlaqələrdən danışmış, qonaqları maraqlandıran suallara cavab vermişdir. Qeyd olunmuşdur ki, LDU-da beynəlxalq əlaqələr ildən-ilə genişlənir. Universitet bir neçə xarici ölkələrin ali məktəbləri - Mark Blok adına Strasburq Universiteti (Fransa), M.Lomonosov adına Moskva Dövlət Universiteti (Rusiya), Ankara Universiteti (Türkiyə), Gilan Universiteti (İran) və digər təhsil ocaqları ilə əməkdaşlıq edir. LDU bir sıra beynəlxalq təşkilatların, o cümlədən UNESCO, Beynəlxalq Universitetlər Assosiasiyası və Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının üzvüdür. Universitet həmçinin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (ABŞ-ın Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, ABŞ-ın Dövlət Departamentinin Beynəlxalq Tədqiqat və Mübadilə Şurası (İREX), Avrasiya Fondu, DAAD mərkəzi (Almaniya), TEMPUS (Avropa İttifaqı) ilə əməkdaşlıq edir.
LDU-nun beynəlxalq əlaqələrdə uğuru kimi onu da qeyd etmək olar ki, universiteti 30 əcnəbi tələbə bitirmişdir. Fransa, Almaniya, Rusiya, Türkiyə kimi ölkələrin tanınmış ali məktəblərdə təcrübə mübadiləsində olanlar arasında Lənkəran Dövlət Universitetinin müəllimləri də var. Fransa, Almaniya və digər xarici ölkə ali məktəblərinin müəllimləri LDU-da təcrübədə olmuşlar.
Orlov Dövlət Universitetinin koordinatoru, dosent L.Kolesnikova, Moldova Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru G.Ohrband səmimi görüş üçün minnətdarlıq etmiş, LDU ilə əməkdaşlığın daha da genişləndiriləcəyini bildirmişlər.
Sonda elm və təhsil istiqamətində görüləcək işlərlə əlaqədar Lənkəran Dövlət Universiteti Orlov Dövlət Universiteti və Moldova Beynəlxalq Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti
mətbuat və informasiya
xidmətinin rəhbəri
Azərbaycan.- 2011.-24 iyun.- S. 6.