BMT-yə üzv ölkələr
Azərbaycanın mövqeyini dəstəkləmişlər
BMT Baş Məclisinin 65-ci sessiyasının plenar iclasında Azərbaycanın həmmüəllifi olduğu qətnamə qəbul edilmişdir. Ermənistan tərəfinin qətnaməyə etirazlarına baxmayaraq, BMT-yə üzv ölkələr rəsmi Bakının haqlı mövqeyini dəstəkləmişlər.
AzərTAc xəbər verir ki, BMT Baş Məclisinin qəbul etdiyi qətnamədə deyilir ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətlə yanaşılır. Qətnamədə vasitəçilik prosesində etimad və məsuliyyətin təmin olunması üçün xüsusi ilə milli suverenliyə hörmət və dövlətlərin beynəlxalq hüquq qarşısında öhdəliklərinə riayət etməsi tələb olunur.
65-ci sessiyada Azərbaycanın "Münaqişələrin həlli yolları və qarşısının alınması, mübahisəli məsələlərin dinc yolla nizamlanmasında vasitəçiliyin rolunun möhkəmləndirilməsi" adlı qətnaməsi ilə bağlı konsensusa qoşulmaqdan imtina edən yeganə ölkə Ermənistan olmuşdur. Bu mövqeyə səbəb erməni diplomatlarının bir neçə ay davam edən danışıqlar zamanı qətnamə layihəsinə dövlətlərin ərazi bütövlüyü prinsipinin daxil edilməməsi üçün etdiyi cəhdlərin uğursuzluğa düçar olmasıdır. Buna nail olmayan ermənilər xalqların öz müqəddəratını təyin etmək hüququnun mahiyyətinə dəyişiklik etməklə ərazi bütövlüyü prinsipinin prioritetini şübhə altına almaq istəmişlər.
BMT-yə üzv ölkələr xalqların öz müqəddəratını təyin etmək hüququna dair Ermənistan nümayəndə heyətinin əsassız arqumentlərini rədd etmişlər. Bununla da, milli müqəddəratını təyin etmək hüququnun subyektləri, həmçinin ərazi iddialarına, suveren ölkələrə qarşı qanunsuz güc tətbiq etməyə haqq qazandırmaq üçün bu hüquqa əsaslanmağın yolverilməzliyinə dair Azərbaycanın mövqeyi böyük dəstək qazanmışdır.
Beləliklə, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı bir daha beynəlxalq səviyyədə tanınmışdır.
Azərbaycan.- 2011.-25 iyun.- S.1.