Parlamentin növbədənkənar sessiyası başa çatdı

 

İyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə iclas iştirakçılarını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi, ordumuza uğurlar arzuladı.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Konstitusiya qanunu barədə məlumat verdi. Bildirdi ki, 6 ay əvvəl Konstitusiya qanununa dəyişikliklər edilib. Qanuna edilən dəyişikliklərdən biri Azərbaycan Respublikasının iştirakçısı olduğu BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültətiv Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) verilməsidir. Digər dəyişiklik "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) həvalə olunmasıdır.

Konstitusiya qanununun təkrar səsverməsi keçirildi və təsdiq olundu.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat verdi. Bildirdi ki, əvvəlki müzakirələr zamanı deputatlar layihə ilə bağlı bir sıra təkliflərlə çıxış ediblər. Həmin təkliflər nəzərə alınmaqla layihə üçüncü oxunuşa mükəmməl səviyyədə hazırlanıb. Layihə ölkəmizin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verir. Deputatlar qanun layihəsini təsdiq etdilər.

İclasda "İcbari sığortalar haqqında" qanun layihəsi də üçüncü oxunuşda müzakirəyə çıxarıldı. İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev bildirdi ki, ikinci oxunuşda müzakirələrdən sonra yaradılan işçi qrup tərəfindən layihə üçüncü oxunuş üçün əsaslı şəkildə təkmilləşdirilib. Deputatların əvvəlki müzakirələrdə irəli sürdükləri bir çox təkliflər layihədə öz əksini tapıb. Layihəyə 4 yeni maddə əlavə edilib, həmçinin 20 maddəyə redaktə xarakterli dəyişikliklər olunub. Bu qanun layihəsi də səsə qoyulub təsdiq olundu.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verdi. Avropa Şurasının üzvü olan ölkələr tərəfindən 2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanan Konvensiya Milli Məclisə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Konvensiyaya qoşulan hər bir ölkə onun həyata keçirilməsini öz siyasətinə uyğunlaşdırmalıdır. Eyni zamanda, Konvensiyaya qoşulan ölkələr qanunvericilikdə landşaftları insanların ətraf mühitinin mühüm komponenti kimi tanımaq, landşaftın mühafizəsi, idarə olunması və planlaşdırılmasına yönəlmiş siyasəti həyata keçirmək və s. öhdəliklər götürürlər. Deputatlar layihəni təsdiq etdilər.

İclasda "Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" müqavilənin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" müqavilənin təsdiq edilməsi barədə və "Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslim etmə haqqında" müqavilənin təsdiq edilməsi barədə məsələlərə də müsbət münasibət bildirildi.

Sonra iclasda "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı deputat Gülər Əhmədova məlumat verdi. Layihənin 2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bağlanan beynəlxalq müqavilələrin də hökumətlərarası müqavilə sayılması nəzərdə tutulur. Qanun layihəsi təsdiq olundu.

"Nəqliyyat haqqında", "Prokurorluq haqqında" və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunlara nəzərdə tutulan dəyişikliklər də təsdiq olundu.

Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırdı. Bildirdi ki, layihəyə əsasən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "Şabran rayonu" bölməsinin 20.14-cü sırasından "Təzəkənd" sözünün hər iki halda "Dəvəçi" sözü ilə əvəzlənməsi nəzərdə tutulur. Qanun layihəsi təsdiq olundu.

İclasda "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" "İnformasiya əldə etmək haqqında" "İcra haqqında" qanunlara, İnzibati Xətalar, Mülki Prosessual və Ailə məcəllələrinə nəzərdə tutulan dəyişikliklər də təsdiq olundu.

Daha sonra iclasda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si Petroleum Limited, Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den norske stats olyeselskap a.s., LUKoyl Səhmdar Cəmiyyəti, MakDermott Azərbaycan İnk., Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiye Petrolleri A.O., Yunokal Xəzər, Ltd arasında Saziş"ə Birinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı. Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun ətraflı məlumatından sonra qanun layihəsi təsdiq olundu.

İclasda son olaraq "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edildi. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli geniş məlumat verdi. Müzakirə zamanı deputatlar layihəni yüksək qiymətləndirdilər. Yekunda qanun layihəsi təsdiq olundu.

Gündəlikdəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasının başa çatdığını bildirdi. Milli Məclisin həm 2011-ci ilin yaz, həm də növbədənkənar sessiyalarında məhsuldar işlədiyini qeyd edən spiker buna görə deputatlara minnətdarlığını bildirdi. Oqtay Əsədov Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və növbədənkənar sessiya başa çatdı.

 

 

Azərbaycan.- 2011.-25 iyun.- S. 3.