Bakıda "Obyektiv işəqəbul
vasitəsilə dövlət qulluğunda şəffaflığın
təmini" mövzusunda beynəlxalq "dəyirmi masa"
keçirilir
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Bakıda "Obyektiv işəqəbul vasitəsilə dövlət qulluğunda şəffaflığın təmini" mövzusunda beynəlxalq "dəyirmi masa" öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, tədbir "Azərbaycanda dövlət qulluğu sektorunda islahatların dəstəklənməsi" Azərbaycan-Almaniya layihəsinin dəstəyi ilə keçirilir.
"Dəyirmi masa"da Albaniya, Estoniya, Gürcüstan, Hindistan, İrlandiya, Koreya Respublikası, Litva, Makedoniya, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Uqandanın dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin GİZ-nin, BMT-nin İnkişaf Proqramının (UNDR) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
İki gün davam edəcək tədbirin məqsədi dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini bölüşmək, dövlət qulluğuna qəbulun peşəkarlıq, şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirilməsini göstərmək, bu sahənin inkişafı istiqamətində ölkəmizdə aparılan islahatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, mövcud problemləri müzakirə etmək və müəyyən nəticələrə gəlməkdən ibarətdir.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, hüquq elmləri namizədi Bəhram Xəlilov "Obyektiv işəqəbul vasitəsilə dövlət qulluğunda şəffaflığın təmini" mövzusunda beynəlxalq "dəyirmi masa"nın əhəmiyyətindən danışmışdır. Komissiya sədri tədbirdə aparılacaq müzakirələrin gələcək əməkdaşlıq üçün böyük zəmin yaradacağını vurğulamış, Azərbaycanda dövlət qulluğunun inkişafı və bu sahədə həyata keçirilən işlərdən danışmışdır. Ölkəmizdə dövlət qulluğu sisteminin daha da təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan islahat və uğurlu işlərdən danışan B.Xəlilov bu sahəyə işçilərin qəbulunun internet vasitəsilə həyata keçirildiyini də diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycandakı ofisinin rəhbəri Henning Tvesten həyata keçirilən Azərbaycan-Almaniya layihəsindən və qazanılan uğurlardan danışmışdır. Azərbaycan hökumətinin dövlət qulluğu sahəsində apardığı islahatları yüksək qiymətləndirdiyini bildirən almaniyalı mütəxəssis, ölkəmizin qısa müddətdə bu sahədə böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov dövlət qulluğuna işçilərin qəbulunun internet vasitəsilə həyata keçirildiyini diqqətə çatdırmışdır. Elektron qəbulun uğurlarını xüsusi qeyd edən İ.Kərimov bunun şəffaflığa xidmət etdiyini, məmurlarla vətəndaşların birbaşa deyil, vizual yolla əlaqəsinin təmin olunduğunu bildirmişdir.
Tədbirdə Türkiyə Respublikası Dövlət Kadrlar İdarəsinin təşkilatların və idarəetmənin inkişafı idarəsinin əməkdaşı Mehmet Tekinarslan, Koreya Respublikasının dövlət idarəçiliyi və təhlükəsizlik nazirinin kadr işləri üzrə müavini Kim Hong-Gab və başqaları çıxış etmişlər.
"Dəyirmi masa" "Dövlət qulluğuna qəbul ilə islahatlar strategiyası üzrə islahat ölkələrinin ən yaxşı beynəlxalq təcrübəsi", "Azərbaycanda dövlət qulluğuna elektron qəbul", "Dövlət qulluğunun inkişafında təlim proqramının praktiki üstünlükləri" və digər mövzularda təqdimatlarla davam etmişdir.
Beynəlxalq "dəyirmi masa"nın birinci iş günü mövzular ətrafında müzakirələrlə yekunlaşmışdır.
Azərbaycan.- 2011.-25 iyun.- S. 3.