Brüsseldə Azərbaycan
Respublikası adından Krans Montana Forumunun rəsmi naharı
olmuşdur
İyunun 23-də axşam Brüsseldə Azərbaycan Respublikası adından Krans Montana Forumunun rəsmi naharı olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Mehriban xanım Əliyevanı
Krans Montana Forumunun prezidenti Jan Pol Karteron qarşıladı.
Rəsmi naharı açan
Jan Pol Karteron Azərbaycanın birinci xanımını mərasimdə
görməkdən məmnun olduğunu dedi. "Artıq iki
gündür ki, Brüsseldə Azərbaycanı kəşf
edirik", - deyən Krans Montana Forumunun prezidenti ölkəmiz
ilə əməkdaşlığın bundan sonra da uğurla
davam edəcəyinə əminliyini bildirdi.
Azərbaycanın birinci
xanımı Mehriban ƏLİYEVA mərasimdə
çıxış edərək dedi:
- Xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Əvvəlcə mən bu
axşam bizimlə olduğunuza görə sizə təşəkkürümü
bildirmək istərdim.
Bu iki gün ərzində Azərbaycan
Krans Montana Forumunda təmsil olundu. Mən forumun prezidenti cənab
Karterona bu tədbiri təşkil etdiyinə görə
xüsusi təşəkkürümü bildirmək istərdim.
Bu il Azərbaycan müstəqilliyinin
bərpa olunmasının 20-ci ildönümünü qeyd
edir. Qısa zaman kəsiyində Azərbaycan müasir və
sürətlə inkişaf edən ölkəyə
çevrilmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun
aparıcı ölkəsidir və sürətli inkişaf
bütün sahələrdə - siyasi, iqtisadi, sosial və mədəni
sahələrdə hiss olunur. Bu gün səhər Prezident
İlham Əliyev öz çıxışında son illərdə
Azərbaycanın əldə etdiyi nailiyyətlər
haqqında danışdı. Ölkəmizdə siyasi və
iqtisadi islahatlar demokratiya və dünyəvilik ənənələrinə
əsaslanır. Bu, əslində 1918-ci ildə Azərbaycan
Demokratik Respublikasının elan edildiyi vaxtdan etibarən olan ənənədir.
Həmin dövrdə Azərbaycan dünyanın bu hissəsində
bir çox sahələrdə birinci olmuşdur. İlk
dünyəvi qadın məktəbi Azərbaycanda
yaradılmış, qadınlara səsvermə hüququ
verilmiş, ilk opera və balet səhnəyə qoyulmuşdur.
Əfsuslar olsun ki, Azərbaycan Demokratik Respublikası cəmi
23 ay yaşadı və uzun illər ərzində Azərbaycan
xalqı müstəqilliyini arzulayırdı. Müxtəlif
dövrlərdə imperiyaların bir hissəsi
olmağımıza baxmayaraq, biz dilimizi, mədəniyyətimizi,
adət-ənənəmizi, özünəməxsusluğumuzu
qoruyub saxladıq və 1991-ci ildə müstəqilliyimizi bərpa
etdik.
Müstəqil ölkə
kimi Azərbaycan bazar iqtisadiyyatı, modernləşmə siyasətini
həyata keçirir, qanunun aliliyini təmin edir. Bir neçə
ildir ki, Azərbaycan dünyanın ən sürətli iqtisadi
inkişaf tempinə malik ölkədir. Bu, bizə ölkəmizi
inkişaf etdirməyə, səhiyyə, təhsil və mədəniyyət
sahələrinə xüsusi diqqət yetirməklə
çox vacib sosial proqramları həyata keçirməyə
imkan yaradır. Bütün bunlar həm də Heydər Əliyev
Fondunun fəaliyyətinin prioritet sahələridir.
Azərbaycanın Avropa ilə
çox güclü münasibətləri vardır. Avropa
İttifaqına üzv dövlətlər ilə Azərbaycan
arasında ikitərəfli münasibətlər
qarşılıqlı fayda və hörmətə əsaslanır.
Artıq on ildir ki, Azərbaycan Avropa Şurasının
üzvüdür. Bizim münasibətlərimiz uğurla
inkişaf edir və yeni mərhələyə qədəm
qoyur.
Ümidvaram ki, "Şərq
tərəfdaşlığı" Proqramı Azərbaycan
ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlığa
gətirib çıxaracaqdır. Ümid edirəm ki, ölkəmizin
dostları kimi sizin hamınız bu əməkdaşlığı
dəstəkləyəcəksiniz.
Sonda fürsətdən
istifadə edərək sizin hamınızı ölkəmizə
dəvət edirəm. Bir daha bu axşam bizimlə
olduğunuza görə təşəkkürümü
bildirirəm, sizə və ailələrinizə uğurlar
arzulayıram.
***
Rəsmi nahardan sonra mərasimdə
iştirak edən qonaqlar Azərbaycanın birinci xanımı
ilə söhbətlərində Krans Montana Forumunda ölkəmizə
kifayət qədər marağın olduğunu söylədilər.
Onlar Azərbaycanın bu forumda iştirakından məmnunluqlarını
bildirdilər.
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.-25 iyun.- S.4.