Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun
Qızıl medalı təqdim olunmuşdur
İyunun 24-də Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunmuşdur.
Bu münasibətlə təşkil olunan mərasimə gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Krans Montana Forumunun prezidenti Jan Pol Karteron qarşıladı. Mehriban xanım Əliyeva mərasimə dəvət olunan qonaqlarla görüşdü.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından nahar verildi.
Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.
Mərasimi Krans Montana
Forumunun prezidenti Jan Pol Karteron açdı. "Biz bu
mükafatı Mehriban xanım Əliyevaya daha yaxşı
dünya qurmaq üçün göstərdiyi dəyərli
fəaliyyətinə görə veririk", - deyən Jan Pol
Karteron Qızıl medalı qəbul etdiyinə görə Azərbaycanın
birinci xanımına minnətdarlığını bildirdi.
İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri də mərasimdə iştirak etməkdən
şərəf hissi duyduğunu bildirdi. O, təhsil, səhiyyə,
mədəniyyət və sosial sahələrdə həyata
keçirdiyi layihələrlə tanınan Heydər Əliyev
Fondunun Azərbaycanda gənc nəslin yetişməsində
yaxından iştirak etdiyini dedi. Bildirdi ki, Mehriban xanım Əliyeva
Milli Məclisin deputatı kimi fəal siyasətlə məşğul
olur və Bakıda İSESKO-nun tədbirlərinin
keçirilməsinə yüksək diqqət və qayğı
ilə yanaşır. Bu baxımdan Mehriban xanım Əliyevanın
fəaliyyətinə beynəlxalq aləmdə böyük
diqqət vardır. Mehriban xanım Əliyevanın mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun əldə olunmasına da
töhfə verdiyini vurğulayan İSESKO-nun baş direktoru
Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi
münasibətilə bir daha xoşməramlı səfiri təbrik
etdi.
İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri Krans
Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA
mərasimdə çıxış edərək dedi:
- Hörmətli xanımlar və
cənablar!
Hörmətli qonaqlar!
Hörmətli cənab Jan
Pol Karteron!
Hörmətli cənab Əbdüləziz
bin Osman əl-Tüveycri!
Krans Montana Forumunun
Qızıl medalı kimi yüksək mükafatla məni təltif
etdiyinizə görə sizə səmimi minnətdarlığımı
bildirirəm. Ölkəmiz haqqında söylədiyiniz
xoş sözlərə və Heydər Əliyev Fondunun fəaliyyətinə
verdiyiniz bu qiymətə görə təşəkkürümü
bildirirəm.
Dünyamızı daha
humanist etmək kimi ali məqsəd ətrafında toplaşan
şəxslərin arasında bu salonda olmaqdan böyük
şərəf hissi duyuram. Bu il Azərbaycanın da təmsil
olunduğu Krans Montana Forumunda iştirak etməkdən olduqca məmnunam.
Bu il biz müstəqilliyimizin bərpa olunmasının 20-ci
ildönümünü qeyd edirik.
Müstəqil ölkə
kimi Azərbaycan gəncdir, lakin ölkəmizin qədim tarixi
vardır. Cənubi Qafqazda Xəzər dənizinin sahilində
ilk dövlətlər eramızdan əvvəl II-I minillikdə
mövcud idi. Tarixi İpək Yolu ölkəmizin ərazisindən
keçmiş və Azərbaycan uzun əsrlər boyu sivilizasiyalar
və mədəniyyətlərin qovuşduğu məkanda
yerləşmişdir. Müxtəlif dövrlərdə
ölkəmiz müxtəlif imperiyaların hissəsi
olmuş, lakin xalqımız öz tarixini, dilini, mədəniyyətini
və milli özünəməxsusluğunu qoruyub saxlaya
bilmişdir.
1918-ci ildə qurulan Azərbaycan
Demokratik Respublikası müsəlman aləmində ilk
parlament respublikası oldu. Həmin vaxt müsəlman
qızları üçün ilk dünyəvi məktəb
açıldı. Azərbaycan qadınları səs vermək
hüququ əldə etdilər, ölkədə ilk opera və
balet yaradıldı.
Əfsuslar olsun ki, respublika
ciddi geosiyasi problemlərlə və amillərlə üzləşdi
və ilk Azərbaycan Demokratik Respublikası cəmi 23 ay
yaşadı. Yetmiş ildən sonra Azərbaycan öz
müstəqilliyini 1991-ci ildə bərpa etdi. İlk illərdə
biz bir çox problemlər və çətinliklərlə
üzləşdik. Çünki Azərbaycan öz siyasi
sistemini və milli iqtisadiyyatını sıfırdan
qurmalı idi. Bundan əlavə, Ermənistanın Azərbaycana
etdiyi təcavüz nəticəsində vəziyyət daha da
ağır idi. Bu təcavüz nəticəsində ərazimizin
20 faizi hələ də işğal altındadır və
bir milyon azərbaycanlı qaçqın və məcburi
köçkün kimi yaşayır. Bütün həmin
çətinliklərə baxmayaraq, bu gün Azərbaycan
sürətlə inkişaf edən ölkədir. Uğurlu
iqtisadi islahatlar Azərbaycanı regionda güclü və
aparıcı ölkəyə çevirmişdir və biz
açıq siyasət, Avratlantik məkana inteqrasiya siyasətini
yürüdürük. Bu gün Azərbaycan enerji təhlükəsizliyi
sahəsində Avropa İttifaqının strateji tərəfdaşı
hesab edilir və Azərbaycan Avropanın qaz təchizatında
öz rolunu oynamağa hazırdır.
Azərbaycanın siyasi və
iqtisadi inkişafı nəinki strateji rəqəmlərdə
və faiz nisbətində, o cümlədən yoxsulluğun
aradan qaldırılması, yeni iş yerlərinin
açılması, yolların çəkilməsi, məktəb,
xəstəxana, muzey, idman və mədəniyyət mərkəzlərinin
tikintisində görünür.
Hörmətli dostlar!
2004-cü ildə yaradıldığı
vaxtdan etibarən Heydər ƏIiyev Fondu bir çox sahələrdə
böyük nailiyyətlər əldə etmişdir. Fondun
prioritetləri təhsil, səhiyyə və mədəniyyətə
dəstək vermək, o cümlədən Azərbaycan və
onun xalqının mədəni irsinin qorunması və
inkişaf etdirilməsidir.
Heydər Əliyev Fondu təhsil
sahəsində çoxlu layihələr həyata
keçirmişdir. Bakıda və Azərbaycanın
rayonlarında yüzlərlə məktəb tikilmiş və
bərpa olunmuşdur. Hazırda fond uşaq evlərindəki
uşaqlara, o cümlədən sosial baxımdan zəif təbəqələrin,
əsasən qaçqın və məcburi
köçkün ailələrindən olan, xüsusi
qayğıya ehtiyacı olan uşaqlara böyük dəstək
verir.
"Azərbaycan -
tolerantlıq məkanı" layihəsi Heydər Əliyev
Fondunun fəaliyyətində xüsusi yer tutur. Tolerantlıq ənənələri
və mədəni müxtəliflik əsrlər boyu Azərbaycanda
mövcud olmuşdur. Bu ənənələr məscid, sinaqoq
və pravoslav kilsələrinin bərpasına dəstək
verən fondun fəaliyyətində xüsusi əhəmiyyət
kəsb edir.
Yəhudi uşaqları
üçün təhsil mərkəzi Azərbaycanda
açılmışdır. Fond Pakistanda zəlzələ nəticəsində
dağılan qızlar məktəbini yenidən tikmişdir.
Heydər Əliyev Fondu, həmçinin Strasburq kilsəsinin rəngli
şüşələrdən ibarət pəncərələrinin,
Versalda memarlıq abidələrinin bərpasına töhfə
vermişdir.
Mədəniyyətə dəstəyin
verilməsi, mədəni irsin qorunması və inkişaf
etdirilməsi fondun fəaliyyətinin digər prioritetləridir.
Beynəlxalq muğam festivalı ənənəvi olaraq
Bakıda keçirilir. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs
Siyahısına daxil edilən muğam qədim Azərbaycan
musiqisidir. Qəbələdəki Beynəlxalq musiqi
festivalı və Bakıdakı Rostropoviç adına Beynəlxalq
festival Azərbaycanda mühüm tədbirlərə
çevrilmişdir. Bu tədbirlərdə klassik musiqini ifa edən
dünyanın aparıcı orkestr və ifaçıları
iştirak edir. Heydər Əliyev Fondunun töhfəsi ilə
yaradılan Müasir İncəsənət Muzeyində modern
Azərbaycan rəssamlarının əsərləri sərgilənir.
Bu yaxınlarda Parisdə muzeyin əsərlərindən ibarət
sərgi böyük uğur qazanmışdır.
Heydər Əliyev Fondu bir
sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən
YUNESKO, İSESKO, BMT-nin İnkişaf Proqramı (UNDP) və
YUNİSEF ilə sıx işləyir. Biz YUNESKO-nun
aşağıdakı ideallarının qorunmasına
çalışırıq: ümumdünya irsinin və mədəni
müxtəlifliyin qorunması, savadsızlığa
qarşı mübarizənin aparılması və
sivilizasiyalar və mədəniyyətlər arasında
dialoqun qurulması.
Heydər Əliyev Fondunun dəstəyi
ilə Bakıda bir sıra mühüm beynəlxalq forumlar
keçirilmişdir. Xüsusi olaraq qeyd etmək
lazımdır ki, 2009-cu ildə "Gənclər
sivilizasiyaların alyansı naminə" adlı Beynəlxalq
konfrans keçirilmişdir. Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumu bu konfransda
iştirak etmişdir. "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun gücləndirilməsi"
adlı digər forum da YUNESKO və İSESKO ilə birgə
Bakıda keçirilmiş, nəticədə Bakı bəyannaməsi
qəbul edilmişdir.
2011-ci ilin yazında ölkəmiz
mədəniyyətlərarası dialoq mövzusunda
Ümumdünya Forumunu təşkil etməkdən şərəf
hissi duydu.
Heydər Əliyev Fondu Azərbaycanın
"Evrovision" mahnı müsabiqəsində
iştirakının təşəbbüskarı olmuşdur.
Biz bu müsabiqədə yalnız dörd dəfə
iştirak etmişik, buna baxmayaraq, Azərbaycan hər zaman
müsabiqə liderləri arasında olmuşdur.
Böyük fərəh
hissi ilə qeyd edirik ki, gənc müğənnilərimiz
"Evrovision-2011"in qalibləri oldular. Mən bizi dəstəkləyən
bütün avropalılara təşəkkürümü
bildirmək istəyirəm.
Xanımlar və cənablar!
Hörmətli dostlar və həmkarlar!
Heydər Əliyev Fondu
müxtəlif sahələrdə bir sıra layihələr həyata
keçirir. Fondun məqsədi tarixi irsin qorunması, təhsilə
dəstəyin verilməsi, səhiyyənin inkişafı və
cəmiyyət daxilində tolerantlıq və dialoq
mühitinin gücləndirilməsindən ibarətdir. Bu məqsədlərin
ümumi idealı vardır - xeyirxah işlərin
görülməsi. Fikrimcə, bu, Krans Montana Forumunun "Daha
humanist dünyaya sadiq olaq" devizi ilə üst-üstə
düşür. Elm, texnologiya və iqtisadiyyat sahəsində
əldə edilən nailiyyətlərlə yanaşı,
insanlara ilk öncə xeyirxahlıq və mərhəmət
lazımdır.
Sonda mən bu cür
mühüm mükafata görə sizə bir daha öz təşəkkürümü
bildirirəm. Mükafatı qəbul etməkdən
böyük şərəf hissi duyuram. Əminəm ki, biz
birgə səylərimiz nəticəsində daha böyük
nailiyyətlər əldə edə bilərik. Gələn il
ölkəmizdə, Bakıda növbəti Krans Montana Forumunda
sizin hamınızı görməyi arzulayıram.
Diqqətinizə görə
minnətdaram.
***
Mərasim
iştirakçıları bir daha Azərbaycanın birinci
xanımını bu yüksək mükafata layiq
görülməsi münasibətilə təbrik etdilər,
ona fəaliyyətində uğurlar arzuladılar.
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.-25 iyun.- S.4.