Cənubi Amerika ölkələrindən
olan diplomatlar Azərbaycan Diplomatik Akademiyasının sertifikatlarını
almışlar
İyunun 24-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Cənubi
Amerika və Karib Adaları diplomatları üçün
keçirilən təlim
kursu başa çatmışdır.
AzərTAc xəbər
verir ki, on gün ərzində diplomatlara Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və
geosiyasəti, neft sənayesi, iqtisadiyyatı
və investisiya imkanları, bölgənin
gələcəyinə təhlükə
yarada biləcək potensial təhdidlər,
regional münaqişələrə dair məruzələr oxunmuşdur.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının
rektoru professor Hafiz Paşayev
kursların bitməsi
münasibətilə diplomatları
təbrik edərək
onlara sertifikatları təqdim etmişdir. Rektor qonaqların
dərslərlə yanaşı,
Bakı və regionlarda yerləşən
tarixi-mədəni mərkəzləri
də ziyarət etdiklərini xatırlatmışdır.
O, Azərbaycanda müşayiət
etdikləri bütün
reallıqların xarici
dinləyicilərin peşəkar
fəaliyyətində fayda
verəcəyinə ümidvar
olduğunu demişdir.
Təlimlərdə Venesuela,
Nikaraqua, Honduras, Boliviya,
Kolumbiya, Ekvador, Yamayka, Dominikan Respublikası olmaqla, ümumilikdə 14 Cənubi
Amerika və Karib Adaları ölkələrinin diplomatları
iştirak etmişlər.
Diplomatlara ADA-nın, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun nümayəndələri dərs
demişlər. Eyni zamanda,
diplomatlar üçün
Azərbaycanın müstəqilliyinin
bərpasının 20-ci ildönümü
ilə bağlı xüsusi təqdimat da keçirilmişdir.
Təlim çərçivəsində diplomatlar Qubada, Qobustanda, Atəşgahda, Bibiheybət məscidində,
müxtəlif mədəniyyət
ocaqlarında, muzeylərdə
olmuşlar. Tədbirin sonunda xalq artisti Mənsum İbrahimovun şagirdləri
muğam sənətinin
gözəl incilərini
ifa etmişlər.
Azərbaycan Diplomatik
Akademiyası bu il Xəzər
dənizi hövzəsi
ölkələrinin öyrənilməsi
istiqamətində daha
bir neçə proqram reallaşdırmaq niyyətindədir.
Azərbaycan.- 2011.-25 iyun.- S. 5.