Bakıda təhlükəsizlik məsələləri
ilə bağlı Azərbaycan-ABŞ müzakirələri
keçirilmişdir
İyunun 24-də Bakıda 12-ci Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu keçirilmişdir. AzərTAc xəbər verir ki, müzakirələrin yekununda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endrü C.Şapiro jurnalistlər qarşısında çıxış etmişlər.
A.Əzimov müzakirələrin faydalı keçdiyini bildirərək görüş zamanı təhlükəsizlik məsələləri ilə bağlı konkret təkliflərə baxıldığını söyləmişdir. Müzakirə olunan mövzuların sırasında beynəlxalq və regional təhlükəsizlik, Avratlantik, ABŞ və Azərbaycan arasında əməkdaşlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə məsələləri olmuşdur. A.Əzimov növbəti ildə belə dialoqun Vaşinqtonda keçiriləcəyini söyləmişdir.
Xarici işlər nazirinin müavini ABŞ ilə əlaqələrin strateji xarakter daşıdığını bildirərək demişdir ki, hər iki ölkə Xəzər dənizində təhlükəsizlik, terrorizmə və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması sahəsində əməkdaşlığı davam etdirəcəkdir.
Endrü Şapiro isə uğurlu dialoqun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək demişdir: "Biz iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi işinə sadiqik. Azərbaycan və ABŞ arasında bir sıra sahələrdə əməkdaşlıq üçün çox böyük potensial mövcuddur. Bugünkü müzakirələr bizim əməkdaşlığımızı daha da genişləndirmişdir".
E.Şapiro demişdir ki, ABŞ Xəzər dənizində infrastrukturun mühafizəsi, hərbi sahədə, o cümlədən Azərbaycanın terrorizmə qarşı mübarizədə Əfqanıstana sülhməramlı əməliyyatlarda iştirak etmək üçün şəxsi heyət göndərməsini, beynəlxalq koalisiyaların qüvvələri üçün nəqliyyat daşımalarında yaxından iştirakını yüksək qiymətləndirir.
Azərbaycan.- 2011.- 25 iyun.- S. 5.