Elmi əməkdaşlıq
haqqında saziş imzalanmışdır
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) arasında elmi əməkdaşlıq haqqında saziş imzalanmışdır.
AzərTAc xəbər verir ki, sazişi EİF-in icraçı direktoru Elçin Babayev və CNRS-in Rusiya və MDB ölkələri üzrə Regional Bürosunun direktoru Vladimir Mayer imzalamışlar. Sazişin əsas məqsədi Azərbaycan və Fransa arasında ənənəvi dostluq, əməkdaşlıq münasibətləri çərçivəsində elmi tədqiqatlar sahəsində qarşılıqlı əlaqələri gücləndirməkdən və hər iki ölkədə elmin inkişafına yeni imkanlar yaratmaqdan ibarətdir. Həmçinin sazişdə Azərbaycan və Fransada fəaliyyət göstərən elmi tədqiqatçılar arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi, dərinləşdirilməsi, mövcud elmi-texniki potensialdan birgə istifadəyə imkan yaradılması nəzərdə tutulur.
E.Babayev fond haqqında məlumat
vermişdir. Bildirmişdir ki, EİF 2009-cu ildə Prezident
İlham Əliyevin sərəncamı ilə
yaradılmışdır. Fond ötən il iki qrant
müsabiqəsi təşkil etmiş və hazırda elmi-tədqiqat
layihələrinin icrasına başlanılmışdır.
EİF-in məqsədi ölkəmizdə elmi-texniki
potensialı qorumaq, inkişaf etdirmək, mühüm sosial
problemlərin həllində elm və texnikanın rolunu
yüksəltməkdir.
V.Mayer sazişin iki ölkə
arasında elm sahəsində əməkdaşlığın
genişləndirilməsi baxımdan əhəmiyyət kəsb
etdiyini vurğulamışdır. CNRS haqqında məlumat verən
V.Mayer bildirmişdir ki, təşkilat 1939-cu ildə
yaradılmışdır. Təşkilatın tərkibində
10 institut və 200 laboratoriya fəaliyyət göstərir.
CNRS Fransanın fundamental-tətbiqi tədqiqatlar sahəsində
ixtisaslaşmış dövlət orqanlarını
özündə birləşdirir.
AMEA-nın prezidenti, akademik
Mahmud Kərimov CNRS kimi nüfuzlu təşkilatla əməkdaşlıq
etməyi böyük nailiyyət hesab etmişdir. Sazişin hər
iki tərəfin alimləri üçün faydalı
olacağına ümidvar olduğunu bildirmişdir.
Sonda qarşılıqlı
xatirə hədiyyələri təqdim olunmuşdur.
Azərbaycan.- 2011.-25 iyun.- S.5.