Səmərqənddə "Medianın
iqtisadi müstəqilliyinin
möhkəmlənməsi demokratik
və liberal islahatlarda hərəkətverici
qüvvə kimi" mövzusunda Beynəlxalq Konfrans işə başlamışdır
Qədim Səmərqənd şəhərində "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" mövzusunda Beynəlxalq Konfrans öz işinə başlamışdır. Konfransda Müstəqil Dövlətlər Birliyinin, həmçinin Avropanın media sahəsində tanınmış ekspertləri iştirak edirlər.
Ölkəmizi bu tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov təmsil edirlər.
Konfransın birinci günündə "Demokratik və liberal islahatlara nail olmaq yolunda KİV-in rolu və yeri", "İnformasiya sahəsində iqtisadi mexanizmlərin inkişafı vasitəsilə KİV-in müstəqil və azad fəaliyyətinin möhkəmləndirilməsi" mövzularında sessiyalar keçirilmişdir.
Əflatun Amaşov öz çıxışında Azərbaycanda KİV-lərə dövlətin dəstəyi haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, hələ 1998-ci ildə ölkəmizdə mətbuat üzərində senzura ləğv edilmiş, 2003-2006-cı illərdə mətbuatın inkişafı ilə əlaqədar mühüm sənədlər qəbul olunmuşdur. Onun sözlərinə görə, Azərbaycanda mətbuatla bağlı qanun qəbul olunmuş, 1999-2001-ci illərdə bu sənəd daha da təkmilləşdirilmişdir.
Ə.Amaşov bildirmişdir ki, indi Azərbaycanda 400-ə yaxın qəzet nəşr olunur. Bunların bir hissəsi gündəlik və həftəlik qəzetlərdir. O qeyd etmişdir ki, bundan əlavə, ölkəmizdə 9 ümummilli, 15 regional telekanal, 15 radiostansiya fəaliyyət göstərir, 50-dən artıq jurnal çap edilir.
Konfrans öz işini davam etdirir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Səmərqənd
Azərbaycan.- 2011.-25 iyun.- S. 5.