Qürurumuz, güvənc
yerimiz
XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir. Azərbaycan rəhbərliyinin iradəsi, xalqımızın vətənpərvərliyi və dönməzliyi sayəsində 1993-cü ilin noyabrından başlayaraq yenidən qurulmuş və mətinləşmiş Silahlı Qüvvələrimiz tariximizin şərəfli səhifələrinə, xalqımızın ona göstərdiyi ümid və etimada layiq olduğunu sübut etmişdir.
Heydər ƏLİYEV
93 il əvvəl - iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Məhz həmin günün ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr Günü elan olunması tarixi varislik baxımından da çox təqdirəlayiq və qürurvericidir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən qüdrətli ordudur. Vahid komandanlıq altında etibarla idarə olunan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti dövlətimizi və xalqımızı təhdid edən hər bir təcavüzkara yetərincə cavab vermək gücündədir. Onun sıralarında xidmət edən hər bir azərbaycanlı bu xidmət müddətini həyatının ən şərəfli dövrü sayır, geydiyi hərbi paltarın, tutduğu silahın, öpüb and içdiyi bayrağın qürurunu yaşayır. Ulu öndər Heydər Əliyev ordunun şəxsi heyəti qarşısındakı çıxışlarının birində deyirdi: "Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır. Azərbaycan ordusu Azərbaycan xalqının, bütün dövlət orqanlarının, vətəndaşların diqqəti və qayğısı ilə əhatə olunmalıdır".
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində, bütün strukturlarında maddi-texniki təchizatın, sosial məsələlərin həllinin, o cümlədən hərbi bilik və bacarıqların, döyüş qabiliyyətinin artırılması üçün yaradılan şəraitin yüksək səviyyədə olması artıq hər kəsə bəllidir. Bu gün dost da, düşmən də yaxşı bilir ki, müasir hərb elminin tələblərinə, fundamental ordu quruculuğu prinsiplərinə uyğun formalaşmış Azərbaycan Silahlı Qüvvələri möhtəşəm bir inkişaf yolu keçmişdir. Bu gün erməni təcavüzü nəticəsində yurdundan-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimiz birmənalı şəkildə əmindirlər ki, Azərbaycan ordusu onların düşmən tapdağı altında inləyən ocaqlarına qayıdış arzusunu gerçəkləşdirmək iqtidarındadır. Azərbaycan ordusunun sıralarında qəlbi vətən sevgisi ilə, qisas, intiqam hissi ilə alışıb yanan oğullar xidmət edir. Düşmənlə təmas xəttində gecə-gündüz ayıq-sayıq dayanan bu oğullar Ali Baş Komandanın hər bir əmrinə daim hazırdırlar. Bu gün ordunun mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Komandir-əsgər münasibətləri hərbi nizamnamənin tələblərinə uyğun qurulur. Əsgər də, komandir də yaxşı dərk edir ki, müharibə illərində bu torpaq uğrunda canlarını fəda edənlərin intiqamını da onlar almalıdırlar. Bu intiqam, şübhəsiz ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə şərtlənir.
Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi möhtəşəm yolda ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri, bənzərsiz fədakarlığı heç zaman unudulmayacaqdır.
Bu gün onun şərəfli missiyasını Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Birmənalı həqiqətdir ki, dövlət başçısının komandanlığı altında Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı müharibə yolu ilə düşməndən azad etməyə qadirdir. Bu faktla düşmən və onun himayədarları da artıq hesablaşmaq zorundadırlar. Ancaq münaqişənin sülh yolu ilə həlli variantı hələlik tükənmədiyinə görə Azərbaycan dövləti müharibə variantını ikinci planda saxlayır. Vaxtilə ulu öndər Heydər Əliyev də uca kürsülərdən bildirmişdi, Prezident İlham Əliyev də dəfələrlə birmənalı şəkildə bəyan edib ki, Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur, Azərbaycan dövləti çalışır ki, yenidən qanlar axmasın, münaqişə sülh yolu ilə həll olunsun, erməni işğalçıları torpaqlarımızdan çəkilib getsinlər. Sülhpərvər Azərbaycan xalqının, onun dövlət və başçısının bugünkü mövqeyi belədir - sülh yolu ilə! İkinci varianta isə xalqımız və ordumuz hər an hazırdır. Çünki bu, onun şərəf işidir!
Vaxtilə böyük türk mütəfəkkiri Ziya Göyalp yazırdı: "Dövləti olmayan millətin adı, dövlət qurub sonradan bu milli neməti itirən insanların isə yaşamaq haqqı yoxdur". Bu haqqı qazanmaq üçün güclü ordu qurulmalı, vətənpərvər övladlar böyüdülməlidir. Əsgəri vətənpərvər olmayan ordunun öz dövlətini, məmləkətini qoruması üçün gücü yetərli sayıla bilməz. Ümumiyyətlə, təkcə ordu üçün deyil, bütün cəmiyyət üçün vətənpərvərlik amili önə çəkilməlidir. Cəmiyyətin vətənpərvərlik göstəricisi yüksək olarsa, vətən torpaqlarının düşmən işğalına məruz qalmaq ehtimalı aradan qalxar.
Azərbaycanımızın başını uca etmiş və uca edəcək oğullarla həmişə fəxr etmişik, qürur duymuşuq. Bu gün - Azərbaycan Silahlı Qüvvələrinin 93-cü ildönümü ərəfəsində vətən fədailərini də böyük ehtiramla xatırlayır və elə hesab edirik ki, Silahlı Qüvvələrin möhtəşəm paradını qəbul edən Ali Baş Komandanın qarşısından mətin addımlarla keçən əsgər və zabitlərin sırasında Şirin Mirzəyev, Əlif Hacıyev, Elman Məmmədov... Mübariz İbrahimov və digərləri də addımlayır. Başımız üstündəki aydın səmada Azərbaycan bayrağının rəsmini "çəkən" qəhrəman şahinlərimizin sırasında isə hərbi təyyarəçi, polkovnik-leytenant Famil Məmmədlini də təsəvvür edir və görürük. Bayrağımızın mavi rəngini göy üzünə öz qırıcı təyyarəsi ilə ilk dəfə Famil "çəkmişdi"...
Bəli, qəhrəman oğulların qürurunu yaşamaq, onlarla fəxr etmək olduqca xoşdur. Məhz belə oğullar - Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən vətən övladları bu gün böyük sevgi ilə göy üzünə "çəkdiyimiz" bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə... dalğalandıracaqlar.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2011.-25 iyun.- S. 6.