Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıq göstərirlər

 

AŞ PA-nın yay sessiyasının dördüncü iş günündə "Sosial və iqtisadi sahələrdə qadınların rəhbər vəzifələrdə çalışması" məsələsi müzakirə edilmişdir.

Bu mövzu ətrafında AŞ PA-nın Avropa Demokratik Qrupu adından çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova bildirmişdir ki, bu gün müxtəlif dövlətlərdə qadınların demokratik hüquqlarının pozulması dünyada insan hüquqlarının qorunmasını və demokratik dəyərlərin təşviq edilməsini özünün fəaliyyət prioriteti elan edən təşkilatları, o cümlədən Avropa Şurasını narahat edir. Təbiidir ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Bizlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyərlərin praktikada tətbiqi üçün səylərimizi birləşdirməli, birgə hərəkət etməliyik. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir.

Mən fürsətdən istifadə edib Azərbaycanda qadınların ictimai, siyasi, iqtisadi həyatda fəallığının artırılması yönündə görülən tədbirlər haqqında qısa məlumat vermək istərdim. Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini 20 ildir ki, əldə edib. Buna baxmayaraq, bu dövlətçilik tarixi baxımından o qədər də çox olmayan bir dövrdə bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər əldə edibdir. Ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını da təmin edib. Bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir.

Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ən ön sıralardadır. Həmçinin səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qadınlar təşkil edir. Hazırda ölkəmizdə AMEA-nın 3 həqiqi üzvü, 12 müxbir üzvü qadındır. Bu məqamlar Azərbaycan hökuməti üçün imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərəçarpacaq dərəcədə artmışdır. Təbii ki, görülən işlərin nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə, bir neçəsidir. Eyni zamanda, kəndlərdə yaşayan qadınlarımızın özəl biznes və aqrar təsərrüfatını yaratması üçün də dövlət mühüm tədbirlər reallaşdırmışdır. Hesab edirəm ki, bu kimi tədbirlər bizim bu gün müzakirə etdiyimiz problemlərin həllində müsbət bir təcrübə kimi istifadə oluna bilər.

Sonda bir daha qeyd etmək istərdim ki, qlobal təhlükəsizliyi ciddi şəkildə kölgə altına alan terrorizmin, regional münaqişələrin yaratdığı hədələrlə yanaşı, iqtisadi cəhətdən zəif inkişaf etmiş və ya inkişaf etməmiş ölkələrdə qadınların ən ali hüquqlarının pozulması, onların insan alverinin qurbanına çevrilməsi, cəmiyyətdən təcrid olunması kimi qarşımızda duran əsaslı problemlər bizi bu kimi məsələlərin həllinə daha artıq diqqət yetirməyə sövq edir.

 

 

Azərbaycan.- 2011.-25  iyun.- S. 7.