Azərbaycan Cənubi Qafqazda ən
güclü orduya malik dövlətdir
Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan hər zaman özünün görkəmli sərkərdələri, hərbi xadimləri ilə seçilib, tanınıb. Bu anlamda Azərbaycan özünün tarixi hərbi uğurları ilə fəxr edə bilər. Əlbəttə, bu, təkzibedilməz faktdır ki, mərkəzləşdirilmiş ordunun yaradılması, nizami hissələrin ixtisaslaşdırılması və dövrün tələblərinə cavab verən silah-sursatla təmin edilməsi ölkənin müstəqilliyinin verdiyi və iqtisadi qüdrətindən doğan imkanlara söykənməlidir. Bu mənada Azərbaycanın XX əsrdə ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, ulu öndər, görkəmli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Milli Ordusunun yaradılması hələ ötən əsrin əvvəllərində əldə olunan ilk müstəqillik dönəminə təsadüf edir. O dövrün çar Rusiyasında genetik olaraq ən döyüşkən xalqlardan sayılan türkləri öz şanlı tarixinə qarşı yadlaşdırmağa, onları döyüşlərdən kənarlaşdırmaq, yalnız işçi qüvvəsi və istismar olunan xalq təfəkkürü formalaşdırmağa cəhd göstərilirdi. Məntiqi nəticə olaraq da bu ögey münasibət Azərbaycan oğullarını hərbi işlərdən kənarda saxlayırdı. 1918-ci ildə Cənubi Qafqazda azərbaycanlılara qarşı erməni təcavüzünün güclənməsi yeni yaranmış milli dövləti - Azərbaycan Xalq Cümhuriyyətini təhlükə qarşısında qoymuşdu. Yenicə müstəqillik əldə edən bir xalqın təcavüz qarşısında dirəniş göstərməsi özü böyük bir qəhrəmanlıq idi. Mərkəzləşdirilmiş ordu sisteminin olmaması isə Azərbaycan Xalq Cümhuriyyətinin işini çətinə salmışdı. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. Elan edilməsindən cəmisi bir ay sonra - 1918-ci il 26 iyun tarixli fərmanla Milli Ordunun yaradılması prosesinə başlanıldı, avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi quruldu. Hələ çar Rusiyası dövründə yaponlarla müharibədə ad-san qazanan istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, çar Rusiyasında "Artilleriya Allahı" adı ilə tanınan general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
Məhz Milli Ordunun yaradılması gənc Azərbaycan dövlətinə düşmənlərə qarşı mübarizə aparmağa kömək etdi. Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakı və ətraf qəzalar erməni-bolşevik işğalından xilas edildi. Milli Ordu hissələri hökumətə qarşı qaldırılan qiyamların yatırılmasında xüsusi səy göstərdi, Qazaxda Azərbaycan sərhədini pozan erməni qoşunları darmadağın edildi. Həmin dövrdə Azərbaycan ordusunun ayrı-ayrı hissələrinə rəhbərlik edən Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi.
Təəssüf ki, 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə müstəqil ordumuzun da varlığına son qoyuldu. 1918-ci ildə müstəqillik əldə edən Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya tərəfindən işğalı və Sovet İttifaqına ilhaqı ordu quruculuğu prosesini yarıda qoydu.
II dünya müharibəsindən sonrakı dövrdə də azərbaycanlılara qarşı çar Rusiyasındakı münasibət davam etdirildi. Azərbaycan oğulları əksər hallarda sovet ordusunda ikinci dərəcəli - qeyri-peşəkar işlərdə işlədilirdilər. Bu proses ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinə qədər davam etdi.
1967-ci ildə
Azərbaycan təhlükəsizlik orqanlarına rəhbər
təyin olunan ulu öndər Heydər Əliyev hansısa bir
şəkildə ölkənin ordu potensialını
qaldırmağın vacibliyini bilirdi. Amma dövr, sovet
nomenklaturası bu addımların atılmasına, ölkə
hüdudlarında hərbi məktəblərin
açılmasına və azərbaycanlıların peşəkar
səviyyədə ordu sıralarına qatılmasına imkan
vermirdi. 1969-cu ildə Azərbaycanın rəhbəri
seçilən ulu öndər Heydər Əliyev nə qədər
çətin də olsa, bu prosesin əsasını qoydu.
* * *
Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbər seçilməsi milli hərbi kadr hazırlığı sahəsində vəziyyəti yaxşılığa doğru dəyişməyə başladı. Zəngin siyasi və ictimai fəaliyyətinin əsas qayəsi Azərbaycan xalqının daha yaxşı yaşamasını təmin etmək, vətənini inkişaf etdirmək olan ulu öndər Heydər Əliyevi sovetlər dönəmində düşündürən əsas məsələlərdən biri bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə azərbaycanlı kadrların yetişdirilməsi idi. Məlum olduğu kimi, Azərbaycan SSRİ-nin tərkibində olduğu illərdə azərbaycanlıların hərbi məktəblərə daxil olmasına və ya orduda xidmət edən azərbaycanlı zabitlərin vəzifələrə irəli çəkilməsinə də süni maneələr yaradılırdı. İstisnasız demək olar ki, sovet ordusunda azərbaycanlı zabit kadrlarının sayının artmasında Heydər Əliyevin böyük rolu oldu. Ulu öndərin o zaman uzaqgörənliklə həyata keçirdiyi tədbir - Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin yaradılması ölkəmizin hərbi təhsil tarixində yeni bir səhifə açdı. Hazırda hərbi lisey kimi fəaliyyət göstərən bu məktəbin təsis edilməsi respublikamızda milli zabit kadr hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb sənətinə marağının artmasına təkan verdi. Böyük şəxsiyyət Heydər Əliyev bilirdi ki, gün gələcək Azərbaycan dövlət müstəqilliyinə yenidən qovuşacaq və müstəqil dövlət üçün peşəkar hərbi kadrlar lazım olacaq. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə olundu. Ümummilli lider bu günləri hər zaman xatırlayırdı və necə çətin bir dövrdə Azərbaycan ordusunun inkişafı uğrunda hansı əziyyətlərə qatlaşdığını belə ifadə edirdi: "Biz 1970-ci illərin əvvəllərində azərbaycanlılardan ibarət peşəkar hərbi kadrlar hazırlanması məsələsini xalqımızın əsas vəzifələrindən biri kimi ortaya atdıq. Nə üçün? Birincisi, mən bu gün açıq deməliyəm ki, bizim, xalqımızın şərəfinə toxunurdu ki, orduda azərbaycanlı zabit, general ya yoxdur, ya da azdır. İkinci tərəfdən, bu, bizə ona görə toxunurdu ki, səfərbər olunanların əksəriyyəti ikinci-üçüncü dərəcəli hissələrə, inşaat batalyonlarına göndərilirdi. Əgər XIX əsrdə millətimizin orduda xidmət etməsinə məhdudiyyət qoyulduğu halda, Azərbaycan xanları generallar hazırlanmasına xüsusi diqqət verirdilərsə, bəs XX əsrin ikinci yarısında nə üçün biz azərbaycanlılardan generallar, yüksək rütbəli zabitlər hazırlamamalıyıq? Ona görə də biz bu işlə çox ciddi məşğul olduq və 1972-ci ildə Cəmşid Naxçıvanski adına orta hərbi məktəb yarandı. Ancaq biz təkcə bununla kifayətlənmədik".
Bəli, bu uğurlu
addımlar artıq proses halını aldı. Həmin
dövrdə ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi
ilə keçmiş İttifaqın ayrı-ayrı hərbi
məktəblərinə oxumaq üçün azərbaycanlı
gənclərin göndərilməsinə
başlanıldı. 1972-ci ildən etibarən hər il
300-400, 1970-ci illərin axırlarına doğru isə hər
il İttifaqın müxtəlif şəhərlərində
yerləşən təxminən 45-dən artıq hərbi məktəbə
təhsil almaq üçün ümumən 800-900 gənc kadr
göndərilirdi.
1978-ci ildən başlayaraq
azərbaycanlı kursantların sayı ilbəil daha da
artmağa başladı. Ulu öndər həmin illəri belə
xatırlayırdı: "Azərbaycanda 1939-cu ildə sovet
ordusunun iki hərbi məktəbi yaranıbdır. Ancaq mən
1970-ci ildə bu məktəblərin işi ilə
tanış olarkən gördüm ki, hər bir məktəb
ildə 300 müdavim qəbul etdiyi halda, Bakı Ali
Ümumqoşun Komandirləri Məktəbində cəmi 10-15
nəfər azərbaycanlı təhsil alır, hərbi dəniz
donanması məktəbində isə 1-2 nəfər azərbaycanlı
oxuyur. Bu, bir tərəfdən o vaxt aparılan siyasət -
sovet hakimiyyətinin siyasəti idi. Onlar o vaxt orduda yüksək
vəzifələrdə başqa millətlərdən və
xüsusən, Azərbaycan millətindən olan insanları
görmək istəmirdilər. İkinci tərəfdən də,
Azərbaycanda hərbi peşəyə soyuq münasibət
var idi. Biz bunların aradan qaldırılması
üçün tədbirlər gördük. Biz
Naxçıvanski adına hərbi məktəbi yaratmaqla
yanaşı, Azərbaycanda yerləşən iki ali hərbi
məktəbə - baxmayaraq ki, onlar birbaşa Moskvaya, Sovet
İttifaqı Müdafiə Nazirliyinə tabe idilər - hər
il azərbaycanlıların qəbul edilməsinə nail
olduq".
* * *
Ağır sovet rejimi
dövründə milli maraqlarımızın qorunması,
onun inkişaf etdirilməsi istiqamətində bu cür vacib,
tarixi addımların atılması ulu öndər Heydər Əliyevin
xalq qarşısında xidmətlərinin bəlkə də
ön sıralarında dayanır. Çünki əsası məhz
həmin illərdə qoyulan ordu quruculuğu siyasəti
sonradan müstəqil Azərbaycanın mərkəzləşdirilmiş
nizami ordusunun yaranmasına yardım etdi.
1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu siyasəti səriştəsiz insanların "səyi" nəticəsində səhv istiqamətə yönləndirildi. Ordu daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrildi. Bunun nəticəsində də böyük hərbi potensialı olan, amma hakimiyyətdə oturaraq yalnız şəxsi mənfəət güdənlərin, səriştəsizlərin kreslo savaşının qurbanına çevrilən Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işgal edildi, 1 milyona yaxın soydaşımız qaçqın vəziyyətinə düşdü. Həmin vaxt ordu deyiləndə yalnız başıpozuq hərbi dəstələr göz önündə canlanırdı. Ermənistan birbaşa sovet ordu hissələrinin yardımı və iştirakı ilə torpaqlarımızı işğal etdiyi bir zamanda Azərbaycanın Müdafiə Nazirliyinə təsadüfi, hərb sənətindən konkret anlayışı olmayan insanlar başçılıq edirdi.
Təsadüfən hakimiyyətə gələn insanların tez bir zamanda siyasi səhnəni tərk etməsi zərurəti aksiomdur. Bu mənada 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı məhz sovet illərində aparılan quruculuq siyasətinin davam etdirilməsinə şərait yaratdı. Ordu quruculuğu siyasəti banisi tərəfindən daha şövqlə inkişaf etdirilməyə başladı. Ulu öndər Heydər Əliyevin səyi ilə qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı.
Möhkəm nizam-intizama malik ordunun yaradılması, Silahlı Qüvvələrdə vahid komandanlığın təmin edilməsi sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində 1994-cü ilin may ayında Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 1993-cü ilin iyun ayınadək ordudan fərarilik edən 47 mindən çox hərbi qulluqçu ümummilli liderin bir çağırışı ilə Milli Ordunun sıralarına qayıtdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrin ehtiyaclarının təminatı istiqamətində Azərbaycanın müxtəlif müəssisələrində məqsədyönlü iş aparıldı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.
Ulu öndər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Bu məqsədlə 1999-cu il fevralın 20-də hərbi akademiyanın yaradılması barədə Prezident fərmanı imzalandı. Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli fərmanı ilə müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci ildə imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu yaradıldı. Silahlı Qüvvələrimizin müasir texnika ilə təmin edilməsi, maddi-texniki bazanın yeniləşdirilməsi, hərbi qulluqçuların məişət problemlərinin həlli işinə müsbət təsir göstərdi.
* * *
2003-cü ildə ulu öndər Heydər Əliyevin dövlətçilik və idarəçilik məktəbinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbər seçilməsi aparılan quruculuq siyasətinin davamlı şəkil almasına stimul verdi, onun modern və müasir şəkildə tənzimlənərək inkişaf etdirilməsinə zəmin yaratdı. İşğal olunan Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü daxili və xarici siyasət kursunu layiqli bir şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəyə rəhbərlik etdliyi illər ərzində həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də digər sahələrdə böyük nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin səyi nəticəsində ölkənin dövlət büdcəsindən ən böyük maliyyə müdafiə xərclərimizə yönəldilir. Müharibə vəziyyətində, torpaqları işğal altında olan bir dövlət kimi Azərbaycan öz ordusunu günün nəbzinə uyğun şəkildə inkişaf etdirir. Artıq ölkəmizin hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən çoxdur. Cənab İlham Əliyev bundan sonra da ölkənin müdafiə potensialının artırılacağına, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin davam etdiriləcəyinə əminliyini hər zaman ifadə edib.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Milli Ordumuzun yaranmasının 93-cü ildönümündə - bu gündə də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan ordusu hər an düşmən işğalında olan ərazilərimizi azad etmək qüdrətindədir. Ölkənin güclənən iqtisadiyyatı ordu sistemində müasirləşməyə, yeniləşməyə yol açıb. İstər hərbi sahədə çalışan insanların sosial problemləri, istərsə də texniki təchizatın inkişaf etdirilməsi dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev tərəfindən hər zaman diqqətdə saxlanılır. Son beş ildə ölkə büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcminin dəfələrlə artırılması ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, işğal altında olan ərazilərimizin azad olunması istiqamətində hər an qətiyyətli addım atmağa hazır olduğunu deməyə imkan verir.
Azər BADAMOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.- 26
iyun.- S. 2.