Cümhuriyyət dövründə hərbi quruculuq

 

Ordu ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən əsas qüvvə və dövlət quruculuğunun mühüm tərkib hissəsidir. Azərbaycanda güclü ordunun yaradılması həmişə diqqət mərkəzində olmuşdur. Elə bu səbəbdəndir ki, xalqımız bütün əsrlərdə özünün görkəmli sərkərdələri, hərbi xadimləri ilə fəxr etmiş, bu insanların qəhrəmanlıqları müasir günümüzə qədər gəlib çıxmışdır. Çar Rusiyası dövründə imperiya xalqımızın hərbi ənənələrinin unudulmasına böyük səy göstərmişdir. Yalnız çox az sayda olan yurddaşlarımız - hakim dairələrlə bağlı olan, zadəgan titullu və ayrı-ayrı varlı ailələr övladlarını hərbi məktəblərdə oxutdurmuş, onların zabit kimi yetişməsini özlərinə böyük şərəf bilmişdilər. O vaxt çar ordusunda zabit kimi xidmət edən azərbaycanlılar igidliklər göstərmiş, əksəriyyəti general ali rütbəsinə qədər yüksəlmiş, dövrünün ən nüfuzlu mükafatlarını almış və beləliklə, Azərbaycan oğlunun hərbi peşəkarlıq sahəsində nəyə qadir olduğunu dəfələrlə sübut etmişlər. Amma bununla belə, tarixi faktlar göstərir ki, çar Rusiyasının tərkibində olduğumuz zaman müsəlman xalqlarını və o cümlədən azərbaycanlıları ordu sıralarına hərbi xidmətə çağırmırdılar. Bunun isə nə qədər mənfi nəticələr verdiyini hərb tarixini araşdıran tədqiqatçılar dəfələrlə qeyd etmişlər.

1918-ci il mayın 28-də öz istiqlaliyyətini elan edən Azərbaycan Xalq Cümhuriyyəti ilk gündən Silahlı Qüvvələrin təşkilinə başlamışdı. O zaman yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Həmin korpus azərbaycanlılardan ibarət idi. Onun yaradılması barədə dekret Zaqafqaziya komissarlığı tərəfindən 1917-ci il dekabrın 11-də verilmişdi. Korpusun komandiri vəzifəsinə general-leytenant Əliağa Şıxlinski təyin edilmişdi.

1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində korpusun qərargahı Tiflisdə yerləşirdi. Bütün təşkilati işlərə də buradan rəhbərlik edilirdi. Həmin dövrdə Müsəlman korpusunun formalaşması bir sıra ciddi çətinliklərlə qarşılaşmışdı. Bunlardan biri təchizat məsələsi ilə bağlı idi. Düzdür, həmin çətinliyin aradan qaldırılmasında müsəlman milli şuraları hər cür kömək göstərirdilər. Hələ Ə.Şıxlinski komandir təyin edilməzdən əvvəl Tiflis Müsəlman Şurası milli qoşun hissələrinin təşkili üçün müəyyən qədər zəruri əşyalar toplamış, müsəlman ictimai təşkilatlarının fəalları imkan daxilində satınalma yolu ilə silah-sursat əldə edərək komandanlığa təhvil vermişdilər. Lakin mövcud imkanlardan istifadə edilsə də, korpusun silah və sursatla təminatında əsas ümid Qafqazdakı Rusiya ordusunun tərksilah olunmasına və onun əmlakının milli qoşun hissələri arasında paylanmasına bağlanmışdı. Bunun həyata keçirilməsi üçün azərbaycanlılar, gürcülər və ermənilərdən təşkil olunmuş millətlərarası Hərbi Şura ilə Qafqaz cəbhəsi qoşunlarının ümumi qərargahı bir sıra sənədlər imzalamışdılar. Bu sənədlərə əsasən, ləğv edilmiş hərbi hissələr öz əmlaklarını yerlərdə yaradılan hissələrə təhvil verməli idilər. Lakin bu qərar çox vaxt dinc yolla həyata keçirilmirdi. Məsələn, Zaqafqaziya komissarlığının razılığı ilə Qafqaz cəbhəsinin ləğv olunmuş 5-ci və 7-ci diviziyalarının tərkibinə daxil olan hissələr bölgəni tərk etsələr də, onlar əmlaklarını müsəlman hissələrinə təhvil verməkdən imtina edirdilər. Belə hissələrin bəzilərinə qarşı güc tətbiq edilirdi. Lənkəranda formalaşdırılan milli qoşun dəstəsi müsəlman şurasının fəalları ilə birlikdə bolşeviklərin təsiri altında olan 4-cü və 7-ci sərhəd alaylarını tərksilah etmişdi. Yelizavetpolda yerləşən 219 saylı alay öz əmlakını tatar alayına verməli idi. Onlar bundan imtina etdikdə Gəncə Müsəlman Şurasının fəalları qətiyyət göstərərək həmin alayın ərzaq və ləvazimat anbarlarını ələ keçirmişdilər. Rusiya hərbi hissələrinin ölkəmizi kütləvi şəkildə tərk etməsi isə 1918-ci il yanvarın 8-10-da Şamxor stansiyasının yaxınlığında baş vermişdi. Rusiya hərbçiləri bolşeviklərin təsiri altında silahları təhvil verməkdən imtina edəndə tərəflər arasında silahlı toqquşma baş vermişdi.

Müsəlman milli qoşun hissələrinin təşkilində qarşıya çıxan ən böyük çətinliklərdən biri də kadr və səfərbərlik məsələsi idi. Bir tərəfdən çağırış işinin lazımi səviyyədə qurulmaması, digər tərəfdən isə azərbaycanlıların uzun illər boyu hərbi xidmətə çağırılmaması həmin çətinliyin başlıca səbəblərini təşkil edirdi. Bununla belə, Müsəlman korpusunun tərkibinə könüllü yazılan azərbaycanlılar da az deyildi. O zaman Bakıda könüllülərin toplanması işinə süvari zabiti İsgəndərbəyli rəhbərlik edirdi. Bundan başqa, korpusun zabit heyətində azərbaycanlıların sayını artırmaq üçün Qafqaz cəbhəsində xidmət edən zabitlərimiz hərbi xidmətə çağırılırdı. Düzdür, həmin adamlar çox deyildilər, ancaq korpusun komandanlığı bu kadrlardan daha səmərəli istifadə edir, onları komanda vəzifələrində yerləşdirirdilər. Bu zabitlərin arasında sonradan cümhuriyyət ordusunda general-mayor rütbəsinədək yüksəlmiş Həbib bəy Səlimov, Süleyman bəy Əfəndiyev, Murad Gəray Tlexas, Əmənulla Mirzə Qacar və başqaları var idi. Müsəlman korpusunda generallardan Ə.Şıxlinski, X.Talışinski, general-mayor Ağausubov da xidmət edirdi. Həmin dövrdə Azərbaycanda milli zabit kadrların hazırlanması sahəsində də müəyyən addımlar atılırdı. Müsəlman korpusunun komandanlığı Bakıda bütün tələblərə cavab verən hərbi məktəb açmağı planlaşdırırdı. Korpusun komandiri Ə.Şıxlinski və qərargah rəisi polkovnik Mençukov 1918-ci ilin fevralında Qafqaz cəbhəsi qoşunlarının baş komandanlığına göndərdiyi raportda aşağı rütbəli milli zabitlərin çatışmaması ilə əlaqədar Bakıda 1-ci müsəlman diviziyasının nəzdində hərbiyyə məktəbinin açılmasına razılıq verilməsini xahiş etmişdilər. Həmin məsələ üzrə komandanlığın razılığı alınmışdı. Ancaq təşkilati məsələlərin uzanması və bölgədə baş verən hərbi-siyasi proseslər nəticəsində Milli Hərbiyyə məktəbinin fəaliyyətə başlaması yalnız Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra mümkün olmuşdu.

Bir fakt xüsusi qeyd olunmalıdır ki, milli hərbi hissələrin yaradılması Bakıda hakimiyyəti ələ keçirməyə çalışan bolşevikləri ciddi narahat edirdi. Buna görə də 1918-ci il fevralın 24-də 1-ci müsəlman nişançı alayının təşkili üçün general-mayor X.Talışinskinin rəhbərliyi ilə Azərbaycana gəlmiş qərargah zabitləri dərhal həbs olundular. Bu xəbər əhali arasında çox böyük narazılıqla qarşılandı. Xalqın narazılığının geniş miqyas aldığını görən bolşeviklər X.Talışinski ilə gələn müsəlman zabitləri həbsdən azad etməyə məcbur oldular. Azərbaycanda cərəyan edən siyasi hadisələr, bolşevik-daşnak irticasının güclənməsi Müsəlman korpusunun tezliklə formalaşmasını tələb edirdi.

1918-ci ilin mart soyqırımılarından sonra Bakıda şəriksiz hakimiyyətə sahib olan S.Şaumyan və onun əlaltıları sovet Rusiyasının maliyyə və texniki yardımı ilə əsasən bolşevik və daşnak silahlılarından ibarət 20 minə yaxın böyük bir hərbi qüvvənin formalaşdırılmasına nail oldular. Təşkilati işlər başa çatdırıldıqdan sonra bu qüvvələr Azərbaycanda milli azadlıq hərəkatını yatırtmaq üçün Gəncəyə hücum etmək əmri aldı. 1918-ci il mayın 21-də Müsəlman korpusunun Hacıqabul ətrafına gətirilmiş hərbi birləşmələrinin həmin qüvvələrlə ilk toqquşması oldu. Daşnak-bolşevik qoşunları burada müdafiəni yarmaqla Gəncəyə doğru irəliləmək fürsəti əldə etdilər. Azərbaycan xalqını daha böyük faciə və qırğınlardan qurtarmaq üçün istiqlal mübarizəsinin liderləri Osmanlı Türkiyəsindən yardım almaq qərarına gəldilər. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra türk hərbi qüvvələri daşnak-bolşevik qoşunlarının qarşısını almaqla bərabər, Müsəlman korpusunun da formalaşdırılması üçün əlverişli zəmin yaratdılar.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı. Həmin qərarla hökumət bu hərbi birləşməyə sahibliyini hüquqi cəhətdən təsdiqlədi. 80 ildən sonra isə ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi təsis edildi. Bir faktı qeyd edək ki, ordu quruculuğuna rəhbərlik üçün o zaman ilk hökumət kabinetinin tərkibində hərbi nazirlik də nəzərdə tutulmuşdu və X.Sultanov hərbi nazir vəzifəsinə təsdiq edilmişdi. Lakin kabinetin buraxılması ilə bu vəzifə də ləğv edilmiş və hökumətin qərarı ilə Azərbaycanda hərbi quruculuq prosesinə rəhbərlik Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. General-leytenant Əliağa Şıxlinski yenə də korpusun komandiri vəzifəsini daşımışdı.

O dövrdə ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün hökumət bir sıra tədbirlər həyata keçirdi. İyun ayının əvvəllərində Gəncə hərbi məktəbi fəaliyyətə başladı. Hökumətin qərarı ilə çağırışçılar üçün yaş senzi 19 yaşa endirildi. Səfərbərlik işinin təşkili, bu sahədə mövcud olan problemlərin həlli üçün Daxili İşlər Nazirliyinin sərəncamına 5 min rubl vəsait ayrıldı. Hökumətin qərarı ilə Yelizavetpol Əxzi Əsgər, yəni, əsgərliyə çağırış idarəsi Azərbaycan Əxzi Əsgər İdarəsi adlandırıldı.

Hərb tarixini araşdıranlar yazırlar ki, Nuru paşanın başçılıq etdiyi türk hərbi qüvvələri Azərbaycanı tərk edəndə cümhuriyyət ordusu zəruri döyüş hazırlığı səviyyəsinə malik deyildi. Ona görə də bu sahəni gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirlik yenidən bərpa olundu. İlk vaxtlar rəhbərlik Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə tapşırıldı. Nazir müavini vəzifəsinə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və nazirliyin formalaşdırılması işi ona həvalə olundu. Bununla da ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı. Qısa müddətdə nazirliyin aparatı yaradıldı, noyabrın 15-də ordunun ümumi qərargahı təsis edildi.

Mudrost barışığının şərtlərinə görə, müttəfiq dövlətlər adından Bakıya göndərilən ingilis qüvvələrinin komandanı general Tomson hələ Azərbaycana gəlməmiş türk qoşunları kimi, Azərbaycan qoşunlarının da 1918-ci il noyabrın 17-dək Bakıdan çıxarılmasını tələb etdi. O, müstəqil Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi. Ona görə də 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I-II cildlər, Bakı, 2005). Nazirlik yeddi ay orada fəaliyyət göstərdi.

1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə S.Mehmandarov hərbi nazir, Ə.Şıxlinski isə hərbi nazirin müavini təyin edildilər. Ordu quruculuğunda müsbət dəyişikliklər baş verdikcə mövcud idarəetmə strukturları da təkmilləşdirilirdi. Ümumi qərargahın tərkibində topçu, istehkamat idarələri yaradıldı. Nazirliyin rəhbərliyi hərbi xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirdi. Ordunun qanunvericilik bazasını qısa müddətdə işləyib hazırlamaq mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə keçmiş rus imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları müvəqqəti olaraq qüvvədə saxlanıldı. Bura hərbi nizamnamələr, döyüş təlimatları, hərbi xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Təbii ki, bu qanunvericilik aktlarında milli ordunun tələbləri ilə uyğun gəlməyən cəhətlər ləğv edilirdi.

Azərbaycan dili orduda dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərini Azərbaycan dilində öyrənmək tələb olunurdu. Bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilirdi. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda xüsusi kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb olundu. Hərbi qulluqçuların geyim formasında milli üsluba uyğun dəyişikliklər edildi.

Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış Milli Hərbiyyə məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi. 1919-cu ilin sonunda isə həmin məktəbin bazasında hərbiyyə məktəbi açıldı. Bundan başqa, milli hərbi kadrlar hazırlayan istehkamçılar, hərbi dəmiryolçular, feldşer məktəbləri də fəaliyyətə başladı.

1919-cu ilin yanvarında hərbi nazirlikdə müvəqqəti Hərbi Şura yaradıldı. Həmin şura hərbi qanunvericilik və idarəetmə sahəsində mühüm məsələlərin müzakirəsi və müvafiq qərarlar qəbul edilməsi ilə məşğul olurdu.

1919-cu ilin yayında və payızında milli ordu hissələrinin formalaşdırılması böyük sürətlə davam edirdi. İngilis qoşunlarının Azərbaycan ərazisini tərk etməyə başlaması ilə 1919-cu il iyunun sonunda Hərbi Nazirliyin hərbi orqanları yenidən Bakıya köçürüldü. Zaqatala və Bakı piyada alaylarının formalaşdırılması başa çatdırıldı. Milli ordunun qoşun hissələri 1919-cu ilin avqust-sentyabr aylarında Lənkəran əməliyyatında iştirak edərək ölkənin cənub bölgəsində respublikanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı döyüş tapşırığını uğurla yerinə yetirdi. 1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri də Bakı istehkamçılar hissəsi idi. Bu strukturun yaradılmasında başlıca məqsəd şimaldan, xüsusən dənizdən ehtimal olunan Denikin təhlükəsinin qarşısını almaq və bütünlüklə Bakı şəhərinin etibarlı müdafiəsini təşkil etmək idi (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I-II cildlər, Bakı, 2005). Sentyabr ayında Bakı hərbi limanının təyyarə dəstəsinin, zirehli avtomobillər taqımının, mövqe batareyasının formalaşdırılmasına başlanıldı.

Hərbi Nazirlik bütün bu təşkilati işləri həyata keçirməklə 1919-cu ilin sonlarında Azərbaycan ordusunun şəxsi heyətinin sayını 40 min nəfərə çatdırmağı nəzərdə tuturdu. Buna nail olmaq üçün 1920-ci ilin ilk günlərindən etibarən çox geniş quruculuq işlərinin aparılması planlaşdırılırdı.

1919-cu ilin yayında əvvəlcə Qarabağda, sonra Lənkəranda və Zəngəzurda vəziyyətin kəskinləşməsinə baxmayaraq, Hərbi Nazirlik ordu quruculuğu işindəki ahəngdarlığı saxlamağa çalışırdı. Həmin ilin martında Azərbaycan ordusunun qərargahı yaradıldı. 1920-ci ilin mart ayında ordunun qüvvələri bütünlüklə Qarabağ əməliyyatına və Ermənistanla sərhəd xəttində irimiqyaslı erməni təcavüzünə qarşı mübarizəyə səfərbər olundu. Nəticədə şimal sərhədinin müdafiə sisteminin zəifləməsi bolşevik işğalı üçün daha əlverişli şərait yaratdı. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ölkədə gedən ordu quruculuğu işini yarımçıq qoydı. 1920-ci ilin aprelində cümhuriyyət ordusunun hissələri ləğv edildi, milli ordu üçün yaradılmış maddi-texniki baza isə talan olundu.

Cümhuriyyət dövründə milli ordunun yaradılmasında hərb tariximizin görkəmli xadimləri Səməd bəy Mehmandarovun və Əliağa Şıxlinskinin misilsiz xidmətləri olmuşdur. S.Mehmandarov nazir olduğu dövrdə Azərbaycanda 40 minlik nizami ordu yaradılmışdı. Onun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Azərbaycan ordusunun döyüş taktikasına rəhbərlik etmək üçün xüsusi hərbi qərargah təşkil olunmuşdu. Litva tatarlarından olan general-leytenant K.Sulkeviç hərbi qərargahın rəisi təyin edilmişdi. Birinci dünya müharibəsinin qurtarması ilə əlaqədar rus ordusundan vətənə dönmüş 15 minə yaxın azərbaycanlı general S.Mehmandarovun ətrafında toplaşmışdı. Bakıda istehkamçı və hərbi feldşer məktəbləri açılmışdı. Gəncədə hərbiləşdirilmiş dəmiryol məktəbi fəaliyyətə başlamışdı. Dahi bəstəkar Üzeyir Hacıbəyov ordu üçün milli Azərbaycan marşı bəstələmiş, orden və medallar üçün müsabiqə elan edilmişdi. Bir faktı xatırladaq ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun V.İ.Leninə yazdığı məktubunda S.Mehmandarovun və Ə.Şıxlinskinin hərbi qərargahda işləmək üçün Moskvaya göndərilmələri qeyd olunmuşdu. 1921-ci ilin payızında Bakıya qayıdan Səməd bəy Azərbaycanda Hərbi Dəniz Komissarlığında məsləhətçi vəzifəsində işləmiş, 1924-cü ildən 1927-ci ilin sonlarına qədər Azərbaycandakı hərbi təhsil ocağında və Zaqafqaziya Hərbi Piyada məktəbində dərs demişdi. Onun yetirməsi olan azərbaycanlı hərbçilər sonralar sovet ordusu sıralarında general rütbəsinədək yüksəlmişlər. S.Mehmandarov Bakı Zabitlər Evi nəzdində 1924-cü ildən fəaliyyət göstərən Hərbi Elmi Cəmiyyətin sədri olmuşdur. Görkəmli sərkərdə 1928-ci ildə istefaya buraxılmış, 1931-ci ilin fevralında Bakıda vəfat etmişdi.

Azərbaycanın digər görkəmli hərbi xadimi Ə.Şıxlinski zabit kimi xidmətə 1886-cı ildə başlamışdı. O, "Müqəddəs Stanislav", "Müqəddəs Anna", "Müqəddəs Vladimir" ordenlərinə layiq görülmüşdü. Bunlarla yanaşı, Ə.Şıxlinski hər bir zabitin arzuladığı dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə də təltif edilmişdi. Ona 1917-ci ildə general-leytenant rütbəsi verilmişdi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Əliağa Şıxlinski Bakıya gəlmiş və Hərbi Nazirlikdə işə başlamışdı. Görkəmli sərkərdənin yüksək bacarığı sayəsində Naxçıvanda, Qarabağda və Zəngəzurda dinc azərbaycanlıları qıran daşnak Andronikin quldur dəstələri dağıdılmışdı. 1919-cu il iyunun 28-də Baş nazir Nəsib bəy Yusifbəylinin əmri ilə Azərbaycan ordusunun təşkilində göstərdiyi xidmətlərə görə Ə.Şıxlinskiyə tam general rütbəsi verilmişdi. 1921-ci ilin payızında Ə.Şıxlinski Hərbi Dəniz Komissarlığında çalışmış, hərbi məktəbdə artilleriyadan dərs demiş, 1925-ci ildə isə həmin məktəbin rəis müavini işləmişdi. Onun tərtib etdiyi "Rusca-azərbaycanca qısa hərbi lüğət" Bakıda nəşr edilmiş və hərbi kadrlar üçün əsas vəsaitlərdən biri olmuşdu. Ə.Şıxlinskinin xatirələri 1944-cü ildə çap olunmuşdur. Görkəmli sərkərdə 1943-cü il avqustun 18-də Bakıda vəfat etmişdir.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu 23 ay ərzində həm çətin, həm də şərəfli döyüş yolu keçmişdir.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2011.-26 iyun.- S.  3.