Ordu quruculuğunun çətin
yolları
1918-ci ilin mayında siyasi durumun son dərəcə gərgin vaxtında Cənubi Qafqazın üç dövləti müstəqilliyini elan etdi. Yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini qorumaq üçün ordusu, silah-sursatı yox idi. Vaxt itirmədən iyunun 4-də Batumda Osmanlı dövləti ilə danışıqlar aparıldı və iki dost ölkə arasında müqavilə imzalandı. Yeni yaranmış Azərbaycan hökumətinin xahişini nəzərə alan Osmanlı hökuməti hərbi yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırdı. Bu kreditə Türkiyənin hərbi naziri Ənvər paşa imza atdı. O, hər dəfə Cümhuriyyət rəhbərlərilə görüşündə tövsiyə edirdi ki, Azərbaycanın birinci növbədə Milli Ordusu yaradılmalı, dövlətin güclü ordusu olmalıdır.
Əlisilahlı oğulları olmayan Vətəninin qaranlıq taleyi uzaqlarda yaşayan artilleriya generalı Əliağa Şıxlinskini də narahat edirdi. Hərb elminin görkəmli alimi sayılan Şıxlinski görürdü ki, müstəqilliyini qazansa da, ölkəsi hər tərəfdən düşmənlərlə əhatələnib. Deməli, Vətənə dönmək, millətin hərbi gücünü yaratmaq lazım idi. Əliağa Şıxlinski artilleriya tarixində ilk dəfə toplardan gözlə görünməyən hədəfə atəş açmaq texnikasını kəşf etmiş və topların təkmilləşdirilməsi işinə bir sıra dəyərli yeniliklər gətirmişdi. Şıxlinski yeganə azərbaycanlı idi ki, ilk dəfə Fransanın generallara məxsus fəxri "Legion ordeni" və zabitlərə verilən "Legion xaçı" ilə təltif edilmişdi. Qərarı qəti idi, Azərbaycana dönmək, Milli Ordu quruculuğuna töhfəsini vermək.
Azərbaycanda vəziyyət o qədər gərgin idi ki, ölkənin şərqində kommunist diktaturası yaradan Şaumyan Bakı sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma keçmişdi. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi.
Beləliklə, müstəqilliyin ilk günlərindən silahlı qüvvələrin təşkilinə başlanıldı. Milli Ordunun ilk hərbi birləşmələri general-leytenant Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun tərkibində bolşevik-daşnak hərbi qüvvələrinə qarşı döyüşlərdə və Bakının azad olunmasında fəal iştirak etdi, Cümhuriyyətin düşmənlərinə qarşı Qarabağda, Lənkəranda uğurlu döyüş əməliyyatları apardı, daşnak-bolşevik hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımlarının qarşısını aldı. Bu, Azərbaycan Milli Ordusunun ilk uğuru hesab olunurdu.
Beləliklə, 1918-ci il iyunun 26-da Cümhuriyyət hökumətinin qərarı ilə Milli Ordunun formalaşdırılmasına başlanılmış və əsasən azərbaycanlılardan ibarət olan Müsəlman korpusu-Əlahiddə Azərbaycan Korpusu yaradılmış, bununla da Azərbaycan Milli Ordusunun əsası qoyulmuşdur. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edilir və 1894-1899-cu il təvəllüdlü Azərbaycan vətəndaşları hərbi xidmətə çağırılır. Elə həmin il sentyabrın 1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında da qərar qəbul olunur. Hökumətin fərmanı ilə dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlınski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş qərargah rəisi təyin edilir. Tez bir zamanda qoşun hissələrinin formalaşmasına, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına başlanılmış, xidməti vəzifəsinə, hərbi və ixtisas hazırlığına, xidmət müddətinə, xidmət dövründə əldə etdiyi nəticələrə və qoşun növlərinə görə hərbi qulluqçulara fərdi qaydada verilən rütbələr təyin edilmişdir. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarınadək davam etmiş, 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət olmaqla formalaşmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyi missiyasını da ilk zamanlar Milli Ordu öz üzərinə götürdü və bu missiyanı şərəflə yerinə yetirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində Milli Ordu çətin və şərəfli döyüş yolu keçmişdi. Böyük Azərbaycan şairi Məhəmməd Hadi Cümhuriyyətin orqanı olan "Azərbaycan" qəzetində "Milli bayrağımıza", "Ey əsgər", "Türk Ordusuna", "Azərbaycan Ordusuna", "Əsgər şərqisi" adlı şeirlərilə çıxış edir, Milli Ordunu Vətənin xilaskarı kimi öyürdü. "Azərbaycan" qəzetinin qadın yazarları da bu işdə fəal iştirak edir, anaları səsləyirdilər ki, vətənimizi, millətimizi qorumaq üçün oğullarınızı Milli Orduya göndərin. Şəfiqə Əfəndizadənin, Umgülsümün məqalə və şeirləri Milli Ordu quruculuğuna, vətənimizin azadlığına həsr olunurdu. Onlar xalqı əmin edirdilər ki, millətimizin istiqlalı yalnız güclü Milli Ordumuzun yaradılmasındadır. Məhəmməd Hadinin çağırışlarından birində deyilir:
Damarında varsa əgər türk qanı,
Silahınla məhv edərək düşmanı.
Köksünü gər, saxla Azərbaycanı,
Haydı, qardaş sınırlara koşalım!
1918-ci il iyulun sonlarında S.Şaumyanın rəhbərlik etdiyi Bakı Deputatları Soveti istefa verməyə məcbur olsa da, ardınca eser-menşevik və daşnaklardan ibarət "Sentrokaspi" diktaturası adlanan mürtəce qurum yaradılmışdı. Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma keçərək qanlı döyüşlər hesabına Azərbaycanın paytaxtı Bakını eser-menşeviklərin, daşnakların və başqa yadellilərin işğalından təmizlədi. Bu döyüşlərdə 4 mindən çox Azərbaycan əsgəri şəhid olsa da, düşmən susduruldu. Paytaxtın azad edilməsindən az sonra Azərbaycan hökuməti sentyabrın 17-də Bakıya köçdü.
Lakin Azərbaycanın müstəqilliyini gözü götürməyənlərin və qəbul etmək istəməyənlərin sayı getdikcə artır, şimal sərhədlərində vəziyyət getdikcə pisləşirdi. Digər tərəfdən də I Dünya müharibəsinin gedişi ürəkaçan nəticələr vəd etmirdi. Bu savaşda Azərbaycan Osmanlı dövlətinin qələbəsini arzulasa da, hadisələr ürəkaçan deyildi: 1918-ci il oktyabrın 30-da imzalanan Mudros müqaviləsinə görə, məğlub olmuş Osmanlı qüvvələri Bakını tərk etdilər. Bundan az sonra İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri Bakını tutdular və general Tomson Azərbaycan ərazisinə daxil oldu. Azərbaycanın müstəqilliyini tanımaq istəməyən Tomson 1918-ci il noyabrın 17-si səhər tezdən Bakının Azərbaycan və türk ordularından təmizlənməsi barədə bəyanat verdi. İngilis generalı Corc Milnin "Qafqazda və Orta Asiyadakı hadisələr haqqında məlumatlar" adlı hesabatında Azərbaycandakı hadisələr təsvir və təhlil edilir. Sənəddə 1918-ci ilin martında Bakıda bolşevik-daşnak qüvvələrinin dinc türk-müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlar, "Sentrokaspi diktaturası"nın siyasəti, Bakının azad edilməsi, Qafqazda, xüsusən Bakıda ingilis ordu hissələrinin qarşısında duran vəzifələr, Britaniyanın Azərbaycanda maraqları, general Tomsonun, Biçeraxovun fəaliyyəti təsvir olunurdu.
Məlum aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən çox çəksə də, xalqımızın qəlbində yaşayan azadlıq atəşini söndürməyə müvəffəq olmadı. Nəhayət, 1991-ci ildə Azərbaycan zorla əlindən alınmış azadlığını yenidən bərpa etdi, üçrəngli bayrağını göylərə ucaltdı, Milli Ordusunu yaratdı, Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılır. Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində hər gün daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.-26
iyun.- S. 3.