Taqanroqdan Berlinədək...
Axır ki, bir dəfə söhbətimiz baş tutdu. Böyük bir polkun komandiri olmuş, qvardiya polkovniki ilə dil tapmaq heç də asan deyildi. Nəhayət, sözümüz alındı. Neçə qat bükülmüş iri bir vərəqi ehmalca stolun üstünə sərdi. Çalın-çarpaz xətlərə baxdıqca yavaş-yavaş üzü nurlandı. Dodağında məmnun bir təbəssüm oyandı.
- Bu, Berlinin xəritəsidir, - dedi - 416-cı Taqanroq diviziyasının hücumu təsvir olunur.
Müxtəlif zolaqlar boyunca bir qırmızı xətt burula-burula şəhərin düz mərkəzinə doğru uzanır. Uzandıqca da arxada 416 rəqəmli al bayraqlar düzülür. İlk belə bayraq aprelin 21-də Sleziya vağzalına sancılıb.
Faşist yuvasına müzəffər yürüş başlanır. Xilaskar ordunun gur selində Mehdi Mahmudovun komandir olduğu 1054-cü polkun toplarının aramsız atəşini aydınca eşidir. Düşmən yuvalarının bir-bir necə tar-mar olduğunu gözəlcə görür. Kayzer Vilhelm sarayı, Reyxsbank, Unter-den-Linden küçəsi, Opera teatrı, Pariv şosesi, ReyxstaqE Və nəhayət, Berlinin ürəyi - Brandinburq darvazası. Bu da tunc atlar qoşulmuş məşhur simvolik zəfər arabası. İgidlərin qüdrətinə o da heyran qalıb. Üzərində mayın 2-də şanlı diviziyamızın döyüşçülərinin ucaltdıqları Qırmızı bayraq dalğalanır.
Mehdi kişi astaca dikəldi, əlini ağappaq saçlarında gəzdirib eynəyini düzəltdi. Məşhur "Katyuşa" mahnısının bir neçə misrasını avazla oxudu. Kefi durulmuşdu. Xatirələr qoynunda üzürdü.
Xəritəni səliqə ilə qatlayıb yana qoydu. Onu çoxdan tərtib edib, böyük tirajla nəşr olunub.
Qəribə tarixi var bu xəritənin.
Polkovnik Berlindən yenicə qayıtmışdı.
Xilaskar-veteran kimi ADR-in 25 illik bayramında iştirak
etmişdi. O illərin, o yerlərin xatirələri qəlbi
coşdururdu. Elə o aylarda hardasa bir məqalə oxuyur.
Müharibənin son günlərindən, Berlinin
alınmasından söhbət gedirdi. Cəbhələrdən,
ordu və diviziyalardan çoxunun adı çəkilirdi.
Lakin doğma 416-nın hünəri barədə bircə kəlmə
də yox!
Niyə axı belə olsun?!
Nə üçün Azərbaycanın adı gələndə
çoxunun dili tutulur? Rəngi dümağ ağardı.
Müqəssiri dönə-dönə
"yağladı". Hirsi soyumadı. Cəld ayağa qalxıb
var-gəl eləməyə başladı. Beləcə bir
neçə gün özünə gələ bilmədi. Və
elə həmin günlərdə gecə-gündüz
çalışaraq bu xəritəni tərtib etdi. İndi
budur, baxırsan, Azərbaycan oğullarının Berlin
hünəri göz qabağındadır.
Mehdi Mahmudov peşəkar hərbçi
olub. Naxçıvandan Bakıya təzəcə gəlmişdi.
Hərbi məktəbə sağlam, səriştəli gəncləri
seçirdilər. Mehdinin də sənədlərini hərbi
məktəbə göndərdilər. Bu arada hərbi komissar
K.Voroşilov əmr verdi ki, məktəbə gələn gənclər
gərək bir il əsgəri xidmətdə olsunlar. Beləliklə,
Mehdi Mahmudov 17-ci suvari polkunda əsgəri xidmətə
başladı.
Hələ cəbhə
yoluna alışmamış Minsk ətrafındakı
döyüşdə ağır yaralandı. Çoxlu qan
itirmişdi. Bir də gözünü açanda gördü
ki, Maqnitoqorskda hərbi hospitalda yatır. Aradan düz səkkiz
ay keçəndən sonra - 1942-ci ilin fevralında ayağa
qalxdı. Bir səhər onu evə buraxdılar. Özü də
necə? İkinci dərəcəli əlil kimi. Bu zərbə
ona döyüş yarasından ağır təsir etdi. Gecə-gündüz
fikri-xəyalı cəbhədə idi. Deməli, hər
şey bitdi. Daha döyüşə gedə bilməz,
heç cür cəbhəyə buraxmazlar onu. Çox
ölçüb-biçəndən sonra Bakıda tibb
institutuna daxil oldu.
Günlərin birində
Nizami küçəsində polkovnik Züvanovla
rastlaşdı. Tiflisdə hərbi məktəbdə dərs
demişdi ona. Köhnə dost kimi görüşdülər.
Bir xeyli ordan-burdan danışandan sonra Mehdi qəlbini
açdı.
- Döyüşə getmək
istəyirəm - dedi. - Götürmürlər.
- Təzə diviziya təşkil
eləyirəm, çalışaram səni öz yanıma
götürüm.
Əvvəlcə 223-cü
atıcı diviziyanın qərargahında əməliyyat
şöbəsi rəisinin köməkçisi oldu. 1942-ci
ilin sentyabrında isə 1054-cü polka qərargah rəisi təyin
edildi.
Beləliklə, Mehdi Mahmudov
məşhur 416-cı diviziya ilə doğmalaşdı,
qaynayıb-qarışdı. Yenidən qanlı-qadalı
döyüş yolları başlandı. Hər bir obyekt,
yaşayış məntəqəsi, hər qarış
torpaq uğrunda amansız vuruşlar gedirdi.
1943-cü il avqustun 30-da
Taqanroq azad edildi. Neçə-neçə igid
döyüşçü ilə birlikdə Mehdi Mahmudovun sinəsinə
Qırmızı Bayraq ordeni taxıldı.
Vuruşa-vuruşa gəlib
Dneprə çatdılar. Berlinə yürüşün
taleyi bir növ burada həll olunurdu. Sərt külək əsirdi.
Gah narın qar qırma kimi üz-gözə doluşur, gah da
sısqa yağış göz açmağa qoymurdu.
Saqqız kimi palçıqda addım atmaq olmurdu. Altı
qopmasın deyə döyüşçülər çəkmələri
iplə, kisə parçası ilə sarıyırdılar.
Maşınlar, traktorlar ilişib qalır, tərpənə
bilmirdi. Elə vaxt olurdu ki, Mehdi bir topa otuz, hətta qırx at
qoşurdu. Yenə çəkib çıxara bilmirdilər.
Komandir gah bu, gah da digər
topun yanına qaçır, döyüşçülərə
ürək-dirək verirdi.
- Əlli tərpənin,
qoçaqlar, az qalıb. Ürəkli olun, ürəkli. Nəyin
bahasına olursa-olsun çayı keçmək
lazımdır. Tapşırıq belədir.
1944-cü il fevralın
doqquzudur. Böyük Lepetixa rayonunda bərə
quraşdırıldı. Balaca qayıqların köməyi
ilə birinci divizion Dnepri keçməyə başladı.
Fevralın 14-də 24 topun
gur atəşi düşməni lərzəyə saldı.
Almanlar xeyli tank, zirehli maşın, digər texnika və
çoxlu döyüşçü itirdilər. Faşistlərin
əli Dneprdən biryolluq üzüldü.
Diviziya Nikolayev uğrunda mərdanə
vuruşdu. Odessaya sevinc gətirdi.
Qoşunlarımız Oder
çayına yaxınlaşırdı. Yol Zonenberqdən
keçirdi. Müdhiş mənzərə hamını
sarsıtdı. Həbsxananın həyətində meyit əlindən
tərpənmək olmurdu. İnsan qanından
irili-xırdalı gölməçələr
yaranmışdı. Son anda faşistlər siyasi məhbusları
və hərbi əsgərləri güllələmişdilər.
Deyirdilər ki, səkkiz yüz nəfərdən yalnız
dördü xilas ola bilib. Mehdi Mahmudov qanlı faciə barədə
hərbi şuraya məlumat verdi.
Rəşadətin
Küstrin səhifəsi elə bundan sonra yarandı.
Küstrin Berlinin darvazası sayılır. Faşist
yuvasına cəmi yetmiş kilometr yol qalır.
416-cı diviziya Visladan Oderədək
altı yüz kilometrlik yolu gecə-gündüz
vuruşa-vuruşa on səkkiz günə qət etmişdi.
Oder
Teleqramla bütün
döyüşçüləri
Mehdi Mahmudov deyirdi ki, hər
gün düşmənin səkkiz-on həmləsini dəf
etmək lazım gəlirdi.
1054-cü polkun altı
batareyası dəmir yolunun şimalında düzünə atəş
açmaq üçün mövqe düzəldirdi.
Fevralın yeddisində səhər hava bir qədər
aydınlaşdı. Təpəliklərin arasından 27 tank
göründü. Arxasınca piyada batalyonları hücum
etdi. Hitlerçilərin başqa bir batalyonu cənub tərəfdən
13 tankın köməyilə həmləyə atıldı.
Düşmən hər yandan axışıb gəlirdi.
Şiddətli vuruşma başlandı. Faşistlər
aviasiyanı köməyə çağırdılar. Bu
zaman bizim toplar dilə gəldi. Sərrast atəş
açılır, neçə-neçə tank
yanırdı. Düşmən istər havada, istərsə də
yerdə bizdən sayca üstün olsa da,
döyüşçülərimizin inadlı müqaviməti
onların əzmini qırdı, sıralarını
parçaladı.
EMartın 12-də qəhrəmanlığın
yeni səhifəsi yazıldı: gərgin döyüşlərdən
sonra Küstirin qalası alındı.
Ali Baş Komandanın təbrik
əmrində neçə-neçə igid
döyüşçü ilə yanaşı Mehdi Mahmudovun
da adı çəkilirdi. Moskva qalibləri elə həmin
gün yaylım atəşi ilə salamladı.
Bu da Berlin. Şəhər cəsur
döyüşçülərin ayaqları
altındadır. Qalib əsgərlər düşmən
paytaxtında qürurla addımlayırlar. Son
döyüşlər gedir. Hər gün neçə-neçə
binaya qələbə bayrağı sancılır.
Bu da məşhur Brandenburq
darvazası! Berlində tarixi vuruşun son atəşi burada
açılır. Zəfər və hünər yolunun son
nöqtəsi burada qoyulur. Mayın ikisidir. Al bayraq vüqarla
dalğalanır. Qaliblərin təntənəli mitinqi
keçirilir. Bu vaxt döyüşçülər Mehdi
Mahmudovu xərəkdə aparırdılar. Bu onun
dördüncü ağır yarası idi. Xeyli qan itirdiyindən
bənizi ağappaq ağarmışdı. Qələbənin
al şəfəqləri isə hər yana nur
saçırdı.
Mətin, iradəli Mehdi
Mahmudov sağaldı, həyata qayıtdı. Əlində
Berlinin xəritəsi məktəbliləri, müəssisələri
gəzdi, neçə-neçə gəncin təlim-tərbiyəsi
ilə məşğul oldu. Sonuncu dəfə həmin xəritəni
də götürüb Moskvaya qələbə paradına
getdi.
Ömrünü ailəsiz,
övladsız başa vursa da, onun rəşadətli
döyüş yolundan çoxlu xoş xatirələr
qaldı.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.-26
iyun.- S. 4.