"Azərbaycanda dövlət qulluğu sektorunda islahatların dəstəklənməsi" Azərbaycan Almaniya layihəsinin dəstəyi ilə beynəlxalq "dəyirmi masa" başa çatmışdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Bakıda keçirilən "Obyektiv işəqəbul vasitəsilə dövlət qulluğunda şəffaflığın təmini" mövzusunda beynəlxalq "dəyirmi masa" iyunun 25-də işini davam etdirmişdir.

AzərTAc xəbər verir ki, "Azərbaycanda dövlət qulluğu sektorunda islahatların dəstəklənməsi" Azərbaycan-Almaniya layihəsinin dəstəyi ilə keçirilən tədbirin ikinci günündə iştirakçılar iki qrup çərçivəsində müzakirələrə qatılmışlar. Müzakirələr səmərəli dövlət qulluğu sistemi, dövlət qulluğunda liderlik və karyera, əməyin ödənilməsi, mükafatlandırma, işəqəbul sistemləri və digər mövzular ətrafında aparılmışdır.

Estoniyalı ekspert xanım Ulle Purge yararlı dövlət qulluqçusu necə olmaq olar, dövlət qulluğuna qəbuldan təlimə, liderlik və karyeraya doğru mövzusunda öz ölkəsinin təcrübələri barədə iştirakçılara məlumat vermişdir.

Makedoniyalı ekspert Tatjana Arsova və digər çıxış edənlər isə dövlət qulluğu sahəsində mükafatlandırma sistemləri - şəffaflıq və keyfiyyətli xidmətin əldə edilməsi barədə danışmışlar.

Beynəlxalq "dəyirmi masa" mövzular ətrafında müzakirələrlə yekunlaşmışdır.

İki gün davam edən "dəyirmi masa"da Albaniya, Estoniya, Gürcüstan, Hindistan, İrlandiya, Koreya Respublikası, Litva, Makedoniya, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Uqandanın dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin GİZ-in, BMT-nin İnkişaf Proqramının (UNDR) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.- 26 iyun.- S.  5.