Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Dünya Gömrük Təşkilatının maliyyə komitəsinə üzv seçilmişdir

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Dünya Gömrük Təşkilatının (DGT) Belçika Krallığının Brüssel şəhərində yerləşən baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 117-ci və 118-ci sessiyaları keçirilmişdir.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Sessiyanın işinə DGT-yə üzv olan 177 dövlətin gömrük xidmətlərinin nümayəndələri, bəzi beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri qatılmışlar.

DGT-nin baş katibi Kunio Mikuriya hesabat məruzəsi ilə çıxış etmiş, Gömrük Əməkdaşlıq Şurasının ötənilki sessiyasından keçən müddətdə DGT tərəfindən gerçəkləşdirilən tədbirlər barədə iclas iştirakçılarına ətraflı məlumat vermişdir.

Sessiya çərçivəsində təşkilata seçkilər keçirilmişdir. Azərbaycan Gömrük Xidməti bu qurumun maliyyə komitəsinə üzv seçilmişdir.

 

 

Azərbaycan.- 2011.-26  iyun.- S.  7.