Nakam ömrün yadigarları
Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyan Hüseyn Cavid qəlbinin dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan bir mütəfəkkir idi. Həmişə haqq tərəfdarı olan bu şəxsiyyət ötən əsrdə ölkəmizi bürümüş haqsızlığın - repressiyanın qurbanı oldu. Bir taleyə dəymiş zərbələr bütün ailənin sarsıntısına çevrildi. Şairin oğlu Ərtoğrol çox erkən dünyasını dəyişdi. 21-22 yaşında ağır xəstəlikdən bir daha ayağa durmamış Ərtoğroldan yadigar qalan not yazılarına, musiqi parçalarına, rəsm əsərlərinə nəzər yetirən mütəxəssislər onun çox böyük istedada malik olduğunu qətiyyətlə təsdiqləyirlər. Əgər yaşasaydı, bəlkə də Ərtoğrol ya dünya şöhrətli musiqiçi, ya da rəssam olardı. Akademik Mahmud Kərimova məxsus sözlərdir: "Ərtoğrol Azərbaycan mədəniyyəti tarixində bir ulduz kimi parladı, təəssüf ki, tez söndü".
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən "Çaşıoğlu" nəşriyyatı tərəfindən Ərtoğrol Cavidin on cilddən ibarət kitabı çap edilib. Layihənin müəllifi və tərtibçisi Gülbəniz Babaxanlıdır.
Yeni nəşrin ilk cildləri (I-II) "Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid" adlanır. Bu cilddə Ərtoğrol Cavidin qədim toy adətlərimizdən başlamış bölgələrdə həyata keçirilən düyünlər, el şənlikləri haqqında apardığı araşdırmalar toplanıb. I cilddə, demək olar ki, Azərbaycanın bütün bölgələrinin toy adətləri barədə maraqlı fikirlər öz əksini tapıb. Hətta toyla bağlı müxtəlif adət-ənənələrdən (duvaqqapma, xınayaxdı, nişanqoyma, gəlinapardı və s.) söz açan müəllif toylarda səslənən havaların, oxunan mahnıların spesifikliyinə də toxunub.
Kitabın sonrakı altı cildi isə "Azərbaycan dastanları və Ərtoğrol Cavid" adlanır. Çox gənc yaşlarında özünü yetkin bir folklorşünas kimi təsdiqləyən Ərtoğrol Cavidin bu cildlərə daxil olan yazılarını oxuduqca onun necə istedad və qabiliyyətə malik olması barədə aydın təsəvvür yaranır. Gülbəniz Babaxanlı yazır: "Tədqiq etdiyi folklor materialının bədii dilinə münasibətdə özünü istedadlı bir dilçi kimi göstərən Ə.Cavid istər leksik, istər morfoloji, istərsə də fonetik cəhətdən öz dəyərləndirilməsini gerçəkləşdirmişdir. Bu zaman onun "Kitabi-Dədə Qorqud" dastanlarının leksikası ilə apardığı müqayisə və paralellər də maraq doğurur". Baxmayaraq ki, ötən əsrin əvvəllərində qələmə alınan bu rəylərin üstündən 70 ildən artıq vaxt keçib, amma Ərtoğrolun yürütdüyü bir çox fikir və mülahizələr bu gün də folklorşünaslığımız üçün əhəmiyyətlidir.
Kitabın sonuncu - IX və X cildləri "Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid" adlanır. Ədəbiyyatşünaslar haqlı olaraq bir fikri təsdiqləyirlər ki, Hüseyn Cavidin qanından, ruhundan doğulmuş Ərtoğrol özü də böyük ilhama malik şair, istedadlı yaradıcı şəxsiyyət imiş. Hətta bu cildlərə yazılan ön sözdə də onu "Dahi şairin şeirşünas oğlu" adlandırıblar. Aparılan araşdırmalar göstərir ki, Ərtoğrol həqiqətən incə zövqə malik ədəbiyyatşünas, folklor bilicisi olmaqla yanaşı, həm də istedadlı şeirşünas kimi fəaliyyət göstərirmiş. Onun Molla Cumanın, Miskinli Vəlinin şeirləri üzərində apardığı tədqiqat bunu bir daha təsdiqləyir. Aşıq şeirinin müxtəlif növlərinin poetik xüsusiyyətlərinə dərindən bələd olan Ərtoğrol Cavid divani, dübeyti, təxmis, təcnis, müxəmməs kimi janrları təhlil edərək onların hər birinin forma əlamətlərini səlis şəkildə araşdırıb. O, nağılları, dastanları, bayatıları, bütövlükdə şifahi xalq ədəbiyyatının nümunələrini təkcə toplamaqla kifayətlənmirdi. Ərtoğrol Cavid, mütəxəssislərin də qeyd etdiyi kimi, istedadlı mətnşünas idi. O, tədqiqatlarında bu işini də uğurla həyata keçirirdi. Topladığı folklor nümunələrində bərpaçılığını da əsirgəmirdi. Xüsusilə Molla Cumanın yaradıcılığı ilə bağlı apardığı araşdırmalar bu gün də folklorşünaslığımızın qiymətli tədqiqatlarından sayılır.
Aşıq Ələsgər və onun poetik çevrəsi haqqında ən qiymətli araşdırmanın da müəllifi məhz Ərtoğrol Caviddir. Həqiqətən də bu tədqiqatları oxuduqca gənc bir araşdırmaçının bu qədər dərin istedada, uzaqgörənliyə malik olmasından heyrətlənməyə bilmirsən. Nəzərdən keçirdiyi poetik örnəkləri elə bir səviyyədə qiymətləndirib ki, bu gün də yeni və təzə görünür.
Əslində, bu on cild şifahi xalq ədəbiyyatı haqqında sanballı dərslikdir. Ondan həm ali məktəbin tələbələri, ədəbiyyatşünaslar, folklorla maraqlananlar, eləcə də aşıq sənətinin nümayəndələri istifadə edə bilərlər. Bu cildlər sadəcə bilgi vermir, həm də insanın əxlaqi dəyərlərinin formulunu göstərir. Bu gün çərçivələrdən kənara çıxan, xoşagəlməz hallarla müşahidə olunan toy və yas mərasimlərimizin əvvəli necə olub? Aşıqlar necə oxuyublar? Bu tip sualların ətraflı və mükəmməl cavabını Ərtoğrol Cavidin cildlərində tapmaq olur.
Yeni nəşrin bütün cildlərində ümummilli lider Heydər Əliyevin Ərtoğrolla bağlı bir fikri öz əksini tapıb: "1942-ci il idi. Naxçıvanda idim. Dedilər ki, Hüseyn Cavidin oğlu burdadır. Onda onu əsgərlikdən buraxmışdılar... Bir dəfə küçədə Ərtoğrolu mənə göstərdilər. Əsgər geyimində idi, üzü çox solmuşdu, amma sifəti çox gözəl bir oğlan idi". Əlbəttə, Hüseyn Cavid kimi bir azman sənətkarın ailəsində dünyaya gələn, Üzeyir Hacıbəylidən dərs alan, bütün bu xoşbəxtliklə bərabər dövrün ağrı-acılarını canında gəzdirən gənc solğun görünsə də, içinin aydınlığı, zənginliyi, ümummilli lider Heydər Əliyevin təbirincə desək, bu solğunluğun içində əks olunmalı idi. İndi əlimizdəki bu on cilddə Ərtoğrol Cavidin yalnız folklorumuzla bağlı araşdırmaları toplanıb. Bu, hələ son deyil. Ərtoğrol Cavid həm də musiqişünas və rəssam idi. Onun çoxyönlü fəaliyyəti araşdırıldıqca, bu böyük istedad sahibindən bizə yadigar qalan yaradıcılıq nümunələri bir yerə toplandıqca, kim bilir gələcək cildlərin sayı neçə olacaq.
Ərtoğrol rəssam idi. Onun rənglər dünyasının əlvanlığından, ifadə etdiyi mənalardan hələ danışılacaq. Ərtoğrol şair idi. Onun bu sahədəki istedadına da işıq tutulacaq. Ərtoğrol musiqiçi idi. Ondan yadigar qalan melodiyaların daxili cazibəsindən yazılacaq. Ərtoğrol böyük vətəndaş idi. Bütün yaradıcılığına bu yöndən yanaşılmalıdır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-26 iyun.- S. 8.