Azərbaycan güclü dövlətdir
və onun güclü ordusu vardır
- Əziz əsgərlər,
zabitlər, generallar!
Əziz hərbçilər,
əziz dostlar!
Sizi və bütün Azərbaycan
xalqını Silahlı Qüvvələr Günü
münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinə yeni
uğurlar arzulayıram!
Bugünkü hərbi parad
müstəqilliyimizin 20-ci ildönümünə həsr
edilibdir. İyirmi il ərzində Azərbaycan müstəqil
dövlət kimi böyük və şərəfli yol
keçmişdir. İyirmi il ərzində ölkəmiz
sürətlə inkişaf etmişdir və bu gün bölgədə
çox güclü mövqelərə malikdir. Ölkəmizdə
bütün istiqamətlərdə - iqtisadi sahədə,
sosial məsələlərin həllində böyük
uğurlar əldə edilmişdir. O cümlədən ölkəmizdə
ordu quruculuğu prosesi uğurla getmişdir.
Bu gün Azərbaycanda nizami
ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə
Ordumuzda xidmət edənlərin
əksəriyyəti gənclərdir. Mən çox şadam
ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda
tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə
ölkəmizi onlar idarə edəcəklər. Mən
çox şadam ki, orduda xidmət edən gənclər Vətənə
bağlı olan insanlardır.
Biz müharibə və atəşkəs
dövrlərində itkilər vermişik, şəhidlərimiz
olubdur. Biz Vətən, torpaq uğrunda həlak olmuş
bütün şəhidlərin ruhu qarşısında
baş əyirik. Allah onlara rəhmət eləsin! Onların
qanı yerdə qalmayacaq və yerdə qalmır. Şəhidlər
ölmür, onlar qəlbimizdə əbədi yaşayır!
Ordumuzun maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində
böyük işlər görülmüşdür. Bu
gün keçirilən paradda hərbi
potensialımızın kiçik bir hissəsi nümayiş
etdiriləcəkdir. Biz müasir silahlar, sursatlar, hərbi
texnika alırıq və bu proses davam etdiriləcəkdir. Son
illər ərzində hərbi potensialımız yüksək
dərəcədə artmışdır. Biz müasir tipli
döyüş təyyarələri, döyüş və hərbi
nəqliyyat helikopterləri alırıq. Artilleriya
qurğuları, zirehli texnika, rabitə vasitələri,
pilotsuz təyyarələr alınır və ordumuzun hərbi
gücü artır.
Eyni zamanda, Azərbaycanda 6 il
bundan əvvəl yaradılmış Müdafiə Sənayesi
Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların
buraxılması prosesi uğurla gedir və biz bu sahədə
də böyük nailiyyətlərə çata bilmişik.
Bu gün Azərbaycan
Ordusunun təchizatı o cümlədən daxildə istehsal
olunan məhsullar hesabına formalaşır. Azərbaycanda
müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal
olunur və bu nailiyyətlər bu gün bu paradda göstəriləcəkdir.
Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar,
pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika,
pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda
istehsal olunur. Azərbaycanda istehsal olunan hərbi texnika yüksək
səviyyədədir. Beynəlxalq sərgilərdə
nümayiş etdirilən Azərbaycan hərbi texnikası
dünya miqyasında da böyük qiymətə malikdir.
Bir sözlə, ordumuzun hərbi
imkanlarını, potensialını gücləndirmək
üçün nə lazımdırsa Azərbaycan dövləti
onu edir. Bizim hərbi xərclərimiz ildən-ilə
artır. 2003-cü ildə hərbi büdcəmiz 160 milyon
dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara,
bu il isə 3 milyard 300 milyon dollara çatmışdır.
Bir neçə il bundan əvvəl qarşıya qoyduğum
vəzifə, - yəni ki, Azərbaycanın hərbi xərcləri
Ermənistanın bütün xərclərinə bərabər
olsun, - artıq reallaşıb. Bu gün Azərbaycanda hərbi
xərclərə sərf olunan vəsait Ermənistanın
bütün büdcəsindən 50 faiz artıqdır. Biz
müharibə şəraitində yaşayırıq.
Müharibə hələ bitməyib, müharibənin birinci
mərhələsi başa çatıbdır və
müharibə şəraitində yaşayan ölkə ilk
növbədə ordu quruculuğuna diqqət göstərməlidir.
Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi
təyinatlı xərclər birinci yerdədir və
torpaqlarımız işğaldan azad olunmayana qədər bu,
belə olacaqdır. Sülh müqaviləsi bağlanarsa,
işğala son qoyulandan sonra, əlbəttə ki, bu qədər
xərcə bəlkə də ehtiyac olmayacaqdır. Ancaq eyni
zamanda, ondan sonra da istənilən şəraitdə ordumuz
daim yüksək hazırlıq nümayiş etdirməlidir.
Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi
və modernləşdirilməsi üçün biz
bütün imkanlardan istifadə edəcəyik.
Biz ölkəmiz
üçün ən ağrılı problem - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin həlli üçün
çalışırıq. Azərbaycan torpaqları uzun illərdir
ki, işğal altındadır. Azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
aparılmışdır. Bir milyondan artıq azərbaycanlı
öz doğma torpağında qaçqın-köçkün
vəziyyətinə düşmüşdür.
Torpaqlarımızın 20 faizi işğal altındadır. Əfsuslar
olsun ki, bu ədalətsizlik hələ də davam edir. Halbuki
Azərbaycanın ərazi bütövlüyü dünya
birliyi tərəfindən tanınır və son zamanlar verilən
yeni bəyanatlar, mötəbər beynəlxalq təşkilatlar
tərəfindən verilən qərarlar, qəbul edilmiş qətnamələr
bir daha Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir. Buna baxmayaraq, məsələ öz həllini
hələ ki tapmır. Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının - dünyanın ən
mötəbər qurumunun 4 qətnaməsi, digər beynəlxalq
təşkilatların oxşar qərar və qətnamələri
icra edilmir.
Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir. Azərbaycanın
ərazi bütövlüyü danışıqlar mövzusu
deyil, olmayıbdır və olmayacaqdır. Biz
çalışırıq ki, məsələ tezliklə beynəlxalq
hüquq normaları əsasında öz həllini tapsın və
Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun
üçün biz diplomatik səylərimizi davam etdirəcəyik.
Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin
torpağını zəbt etməmişik, heç bir
başqa ölkənin torpağında bizim gözümüz
yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan
torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır, tarixi Azərbaycan
torpağıdır. Bu, həmişə belə olub, bu
gün də belədir. Sadəcə, müvəqqəti
olaraq işğal altına düşübdür. Ancaq bu
işğal çox çəkə bilməz. Mən tam əminəm
ki, Azərbaycanın ərazi bütövlüyü istənilən
yolla bərpa ediləcəkdir. Bunu etmək üçün
biz daha da güclü olmalıyıq. Azərbaycanda
bütün sahələrdə aparılan islahatlar, ölkəmizin
inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi
nəticəsində istədiyimizə nail ola biləcəyik.
Biz 20 ildir ki, müstəqil
ölkə kimi yaşayırıq. Bizim taleyimiz öz əlimizdədir.
Azərbaycan xalqı öz taleyinin sahibidir. İyirmi il ərzində
Azərbaycan xalqı bütün dünyaya sübut edə
bilib ki, biz müstəqil dövlət kimi yaşaya və
inkişaf edə bilərik. İqtisadi inkişaf templərinə
görə Azərbaycan dünya miqyasında lider dövlətdir.
Son illər ərzində dünya miqyasında heç bir
başqa ölkədə Azərbaycandakı qədər
görülən işlər və əldə edilmiş
nailiyyətlər olmamışdır. Bütün bu nailiyyətlər
statistika göstəricilərindən də bilinir. Son 7 il ərzində
bizim dövlət büdcəmiz 16 dəfə
artmışdır və Ermənistanın dövlət
büdcəsindən 10 dəfə çoxdur. Hərbi xərclərimiz
20 dəfə artmışdır, yoxsulluq 5 dəfə
azalmışdır, bir milyona yaxın yeni iş yeri
açılmışdır. Azərbaycanda böyük sənaye
müəssisələri yaradılmışdır.
Aparılan iqtisadi islahatlar nəticəsində ölkə
iqtisadiyyatının şaxələndirilməsi prosesi
uğurla gedir və bu gün Azərbaycanda dayanıqlı
iqtisadiyyat formalaşır.
Sosial məsələlərin
həlli işində biz böyük yol keçmişik.
Sosial müdafiə məsələlərinin həlli
üçün imkanlarımız və iradəmiz vardır.
İldən-ilə artırılan maaşlar, pensiyalar, sosial
ödəmələr, sosial infrastrukturun yaradılması, iki
mindən artıq məktəbin, yüzlərlə tibb
ocağının, onlarla Olimpiya kompleksinin tikilməsi bu
gün Azərbaycanın reallıqlarıdır.
Ölkəmiz 20 il ərzində
böyük yol keçmişdir. Əhalinin maddi rifahı
yüksəlmişdir, ölkə iqtisadiyyatı inkişaf
etmişdir, beynəlxalq mövqelər möhkəmlənmişdir.
Bu gün Azərbaycan dünya birliyi tərəfindən bərabərhüquqlu
və etibarlı tərəfdaş kimi tanınır. Bizim
mövqeyimiz regional məsələlərdə bir çox
hallarda həlledici rol oynayır. Bizim təşəbbüslərimiz
nəinki iqtisadi və infrastruktur layihələrinin həyata
keçirilməsi üçün həlledicidir, eyni zamanda,
geniş mənada qitədə olan təsirimiz artmaqdadır. Bizim
siyasətimiz xoşniyyətlidir. Biz qonşularla mehriban
münasibətlərdə yaşamaq istəyirik və buna
nail ola bilmişik.
Bütün ölkələrlə münasibətlərimizi qarşılıqlı maraq, qarşılıqlı hörmət əsasında qururuq və bu işlərdə böyük uğurlara nail ola bilmişik. Azərbaycan bütün ölkələrlə, bütün qurumlarla münasibətləri qarşılıqlı hörmət əsasında qurur və bu münasibətlər gündən-günə möhkəmlənir.
İyirmi il ərzində ölkəmizin inkişafı hər bir sahədə, hər bir istiqamətdə özünü göstərir. Paytaxtımız - qədim Bakımız bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bölgələrimiz canlanır, inkişaf edir. Hər yerdə tikinti, hər yerdə quruculuq, hər yerdə abadlıq, cəmiyyətdə ruh yüksəkliyi vardır. Cəmiyyətdə ölkəmizin bugününə və gələcəyinə böyük inam vardır. Nəinki Azərbaycanın daxilində, bizimlə əməkdaşlıq edən ölkələr də Azərbaycanın parlaq gələcəyinə inanırlar. Bizim iqtisadi gücümüz vardır. Bu, reallıqdır. İqtisadi güc bizə imkan verir ki, istənilən məsələ ilə bağlı müstəqil mövqeyimizi ortaya qoyaq.
Azərbaycan 20 il ərzində, sözün əsl mənasında, müstəqil dövlətə çevrilibdir. Biz müstəqil siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqının iradəsinə əsaslanır. Bu siyasətin kökündə, mərkəzində Azərbaycan vətəndaşıdır. Biz elə etməliyik ki, ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan müsbət meyillər bundan sonra daha da güclənsin. Bundan sonrakı illər ərzində görüləcək işlər çoxdur. İyirmi il ərzində əldə edilmiş nailiyyətlər, siyasətimizin düzgün olması və artıq yaradılmış möhkəm təməl imkan verir ki, biz bundan sonra da onilliklər, yüzilliklər ərzində müstəqil, güclü dövlət kimi yaşayaq, siyasətimizi aparaq, Azərbaycan xalqının maddi rifahını yüksəldək və ölkəmizin dünyadakı mövqelərini daha da gücləndirək. Mən əminəm ki, belə də olacaq və biz qarşıda gördüyümüz və qarşıya qoyduğumuz bütün hədəflərə çatacağıq. Hər halda, 20 illik təcrübə onu göstərir ki, biz istədiyimizə həmişə nail olmuşuq və bundan sonra da nail olacağıq.
Bu gün
böyük bayramdır. Azərbaycanda ordu günü qeyd
edilir. Bir daha demək istəyirəm ki, builki hərbi parad
müstəqilliyimizin 20-ci ildönümünə həsr
edilibdir. Güclü dövlətin güclü ordusu
olmalıdır. Azərbaycan güclü dövlətdir və
Azərbaycanın güclü ordusu vardır! Azərbaycan
Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!
(Dövlətimizin
başçısının nitqi diqqətlə dinlənildi
və alqışlarla qarşılandı).
AzərTAc
Azərbaycan.- 2011.-29
iyun.- S. 1.