Dövlət başçılarının
geniş tərkibdə
danışıqları
İyunun 28-də təkbətək
görüş başa
çatdıqdan sonra
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Fələstin Dövlətinin
Prezidenti Mahmud Abbasın nümayəndə
heyətlərinin iştirakı
ilə geniş tərkibdə danışıqları
olmuşdur.
Azərbaycan dövlətinin
başçısı İlham ƏLİYEV görüşün
iştirakçılarına müraciətlə dedi:
- Hörmətli Prezident!
Sizi bir daha Azərbaycanda salamlamaq və dəvətimi qəbul edib ölkəmizə səfər etdiyinizə görə təşəkkür etmək istəyirəm. Bu, çox mühüm və tarixi səfərdir. Bu, Fələstin Dövlətinin Prezidentinin Azərbaycana ilk səfəridir. Sizi Azərbaycanda görməyimə çox şadam. Elə indicə bizim regional vəziyyət, Fələstin-İsrail münaqişəsi ilə bağlı çox səmimi, açıq və konstruktiv danışıqlarımız oldu. Biz bu problemə qarşılıqlı anlayış nümayiş etdiririk. Bayaq qeyd etdiyim kimi, biz sizi beynəlxalq təşkilatlarda dəstəkləməkdə davam edəcəyik və üzərimizə düşən nədirsə, onu edəcəyik. Biz, eyni zamanda, ikitərəfli əlaqələrimizi genişləndirməyə ümid edir və ona yeni miqyas vermək niyyətindəyik. Hesab edirəm ki, daha çox mədəniyyət sahəsində ünsiyyətlərimizi artırmaq, o cümlədən iqtisadi əməkdaşlıq, potensial investisiya layihələri və təbii ki, siyasi dialoqu gücləndirmək üçün yaxşı imkanlar vardır. Əminəm ki, səfəriniz zamanı müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini geniş müzakirə etmək və əlaqələrimizin sürətlə inkişafını görmək üçün daha çox imkanımız olacaqdır. Sizin ölkəmizə səfəriniz əlaqələrimizin mühüm təməl daşıdır. Əminəm ki, səfərdən sonra biz daha çox müsbət irəliləyişin şahidi olacağıq.
Bir daha Azərbaycana xoş gəlmisiniz.
***
Fələstin Dövlətinin
Prezidenti Mahmud ABBAS səmimi qəbul üçün minnətdarlığını
bildirərək dedi:
- Təşəkkür
edirik, cənab Prezident!
Biz Bakıda - Azərbaycanda olmağımızdan böyük
şərəf hissi duyuruq. Bəlkə də bu, bizim üçün ilk səfərdir. Lakin gələcəkdə
çalışacağıq ki, bu səfərlərin
sayı artsın.
Təbii
ki, Sizə ən uyğun vaxtda zati-alilərinizi Fələstində görməyimizə
şad olarıq.
Cənab Prezident!
Öncə qeyd etdiyiniz
kimi, biz bütün məsələləri, xüsusilə
də ölkəmizin
BMT-yə tamhüquqlu
üzv dövlət olması ilə bağlı apardığımız
fəaliyyəti və
danışıqları müzakirə
etdik.
AzərTAc
Azərbaycan.- 2011.-29 iyun.- S.
3.