Azərbaycan və Fələstin
prezidentləri mətbuata bəyanatlarla çıxış
etmişlər
İyunun 28-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas mətbuata bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
İlk növbədə, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fələstin Dövlətinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Mən dəvətimi qəbul etdiyinizə və Azərbaycana gəldiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır.
Əlaqələrimiz inkişaf edir. Xalqlarımız arasında əlaqələrin böyük tarixi vardır. Əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıbdırlar. Münasibətlərimizin indiki mərhələsində ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanlar vardır. Biz istəyirik ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin və bu inkişaf hər bir istiqamətdə özünü göstərsin.
Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Bir neçə ay bundan əvvəl Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi öz işinə başlamışdır. Bu da çox mühüm hadisədir. Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində, ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar müəyyən ediləcəkdir.
Biz çox istəyirik ki, iqtisadi sahədə də yaxşı əməkdaşlıq edək və əminəm ki, səfər zamanı bu məsələlər də nəzərdən keçiriləcəkdir. Hesab edirəm ki, səfər zamanı iqtisadi əməkdaşlığın dərinləşməsi və investisiya qoyuluşunun təşkili üçün konkret təkliflər irəli sürüləcəkdir.
Humanitar sahədə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Mədəniyyət sahəsində, təbii ki, ənənəvi əlaqələrin yeni formaları haqqında düşünmək olar. Bir sözlə, hesab edirəm ki, Sizin səfəriniz zamanı ikitərəfli əlaqələrin bütün istiqamətləri müzakirə mövzusu olacaq və biz yaxşı nəticələrə nail olacağıq.
Bu gün biz, eyni zamanda, regional məsələlər və dünyada gedən proseslər haqqında fikir mübadiləsi apardıq. Sizinlə çox geniş şəkildə Fələstin-İsrail danışıqlarının indiki mərhələsi ilə əlaqədar fikir mübadiləsi apardıq. Bir daha demək istəyirəm ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıbdır.
Dünya miqyasında Fələstin Dövlətinə verilən dəstək və bu dəstəyin artması onu göstərir ki, Sizin diplomatiyanız, siyasi təşəbbüsləriniz, şəxsən Sizin fəaliyyətiniz dünya miqyasında çox böyük rəğbətə malikdir.
Bu gün, eyni zamanda, regionda baş verən hadisələr haqqında fikir mübadiləsi apardıq. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son mərhələsi haqqında Sizə məlumat verdim. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulubdur. Bir milyondan artıq qaçqınımız, köçkünümüz vardır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılar doğma torpaqlarında etnik təmizləmə siyasətinə məruz qalmışlar. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Məktəblər, xəstəxanalar, muzeylər, tarixi abidələrimiz, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb.
Beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə göstərilir ki, Ermənistanın işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatların mövqeyi də oxşardır. İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT buna oxşar qərar və qətnamələr qəbul etmişlər.
Beləliklə, məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər möhkəmdir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək.
Bir daha, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bir daha qeyd etmək istəyirəm ki, biz bu səfərə çox böyük əhəmiyyət veririk. Bu səfər ölkələrimizin tarixində birinci səfər kimi qalacaqdır. Amma, əlbəttə ki, bundan sonra da səfərlər olmalıdır, həm nazirlər səviyyəsində, həm də biznes qurumları bir-biri ilə daha da yaxşı işləməlidirlər. Əminəm ki, biz Sizinlə bundan sonra görüşəcəyik.
Bir daha xoş gəlmisiniz.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın bəyanatı
- Çox sağ olun, cənab Prezident İlham Əliyev! Təşəkkür edirəm!
Bu qardaş ölkənin ziyarətinə dəvət etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Hökumətinizə, xalqınıza, ölkənizə Fələstin probleminin həllinə, onun öz istiqlaliyyətini, azadlığını əldə etməsi və müstəqil dövlət yaratması
üçün göstərdiyiniz dəstəyə, yardıma görə təşəkkür edirəm. Paytaxtı müqəddəs Qüds olan, o Qüds ki,
biz onu İslamın üç müqəddəs yerlərindən
biri hesab edirik. Onlardan birincisi - Qüds şəhəri,
ikincisi - Mədinə, üçüncüsü - Məkkədir.
Cənab Prezident! Biz Sizin
hökumətlə hazırda əlaqələrin
qurulmasının başlanğıcındayıq.
Bütün sahələrdə əməkdaşlığın
qurulmasının başlanğıcındayıq. Ümid
edirəm ki, gələcəkdə bu əlaqələri
inkişaf etdirmək üçün Sizin
yardımınızı görəcəyik.
Cənab Prezident, bizə
göstərdiyiniz yardıma və Fələstin səfirliyi
üçün binanın verilməsinə görə təşəkkürümü
bildirmək istəyirəm. Eyni zamanda, səfirin özü
üçün yaşayış binası və lazımi dəstəyə
görə təşəkkürümü bildirirəm. Bunu
biz özümüz də yüksək qiymətləndiririk,
xalqımız da yüksək qiymətləndirir.
Biz Azərbaycan
Respublikasına fəxrlə baxırıq. Bilirik ki, 1918-ci ildə
ilk demokratik respublika burada qurulmuşdur. Bu, o deməkdir ki, Siz
demokratiya yolunda yaşlılardan hesab olunursunuz, Siz
başqalarına demokratiya öyrədirsiniz. Bu, böyük
işdir. Eyni zamanda, bilirik ki, 1918-ci ildən etibarən Azərbaycan
qadını səsvermə hüququna malikdir. Siz demokratiya
yolu ilə irəliləyirsiniz. Bizim aramızda ümumi
oxşarlıqlar vardır. Biz də, eyni zamanda, demokratiya yolu
ilə gedirik. Bizdə də qadın səs verir, seçir və
seçilir. Onlar hər yerdə öz layiqli yerlərini
tuturlar, eyni zamanda, bələdiyyələrdə. Burada məqsəd
odur ki, gender bərabərliyi təmin olunsun. Qadın
hüququnun bərabərliyi məsələsində biz sizdən
müəyyən dərəcədə öyrənirik.
Biz cənab Prezident ilə Fələstin
məsələsini müzakirə etdik. Bu, siyasi məsələdir.
Cənab Prezident ilə danışıqlar zamanı əmin etdim
ki, birinci, ikinci və üçüncü yolumuz sülh
yoludur, sülh danışığından keçir. Biz
deyirik ki, bütün yollar sülhə aparır. Dünya bu məsələdə
bizimlə razılaşır. Əgər İsrail hökuməti
beynəlxalq səviyyədə 1967-ci il sərhədlərinə
qayıtsa, biz onlarla sülhə gəlmək
üçün danışıqlara getməyə
hazırıq. Amma çox təəssüflər olsun ki,
bunu bacarmadıq. Ona görə də dedik ki, gəlin BMT-yə
müraciət edək. Qoy onlar bizə desin ki, 63 ildən
artıq işğal altında yaşayan xalq nə etməlidir?!
Biz ən azı istiqlaliyyət arzu edirik. Biz bu iş üzərində
işləyirik. Əgər uğur qazanmasaq, onda BMT-yə
müraciət edəcəyik.
Eyni zamanda, bizim daxili problemlərimiz
də vardır. Amma biz bu məsələ üzərində
işləyirik. Allahın köməyi ilə biz milli birlik
haqqında sənəd imzalamışıq, bəzi
addımlar atmışıq. Bu milli birlik sayəsində indi
Fələstin hökumətinin yaradılması istiqamətində
çalışırıq. Allahın köməyi ilə ən
yaxın zamanda biz bu məsələdə məqsədlərimizə
çatarıq.
Burada müştərək
problemlər vardır. Sizdə də, bizdə də. Sizin də
torpaqlarınız işğal altındadır. Sizdə də,
bizdə də qaçqınlar vardır. Sizin
haqqınızda BMT-nin məlum dörd qətnaməsi
vardır - 822, 853, 874 və 884 saylı qətnamələr.
BMT-nin bu dörd qətnaməsinin hamısı sülhə
çağırır. Bizim haqqımızda isə BMT-nin 15 və
daha artıq qərarı vardır. Bu qətnamələr də
sülhə çağırır. Amma biz səbir edirik ki,
bu problemlərə sülh vasitəsilə son qoyulsun. Biz bu
sülhün səmərəsindən istifadə edə bilək.
Biz son vaxtlar Kazanda olan
görüşü izlədik. Bu problemin həll olunması
üçün Rusiya, Fransa və ABŞ-ın mövqeyini də
izlədik. Bu da dünyanın bu problemə olan
marağının göstəricisidir. Amma biz deyirik ki, bu
problemləri bu gün həll etmək sabah həll etməkdən
daha yaxşıdır. Ona görə də heç kim
sabahkı həllə təminat verə bilməz. Arzu edirik
ki, Dağlıq Qarabağ problemi, qaçqınlar problemi həll
olunsun. Biz beynəlxalq qanunlardan artıq heç nə tələb
etmirik. Bizim problemlərimiz müştərəkdir. Arzu edirik
ki, onlar həll olunsun. Arzu edirik ki, sülh bu torpaqlarda bərqərar
olsun. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində
yaşasınlar.
Qonaqpərvərliyinizə
görə təşəkkür edirəm. Ümid edirik ki, cənab
Prezident onun üçün münasib olan vaxtda Fələstini
ziyarət edəcəkdir. Arzu edirik ki, bu ziyarətlər, bu səfərlər
təkrar olunsun.
Diqqətinizə görə
təşəkkür edirik.
AzərTAc
Azərbaycan.- 2011.-29
iyun.- S. 3, 4.