Azərbaycanın və Rusiyanın daxili işlər nazirlikləri arasında saziş imzalanmışdır

 

Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyev iyunun 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri general-polkovnik Ramil Usubovun və ordu generalı Raşid Nurqaliyevin görüşü nazirliklərarası ikitərəfli münasibətlərin möhkəmlənməsi işində növbəti əhəmiyyətli addım olmuşdur.

AzərTAc DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə əməkdaşlığın vəziyyəti və perspektivləri, beynəlxalq terrorizm və ekstremizmin digər zorakı təzahürləri, mütəşəkkil transmilli cinayətkarlığın narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, nəzarətdən çıxmış miqrasiya, yüksək texnologiyalar sahələrində cinayətlər kimi daha təhlükəli növlərindən irəli gələn çağırış və təhdidlərə qarşı razılaşdırılmış mübarizənin prioritet məsələləri hərtərəfli müzakirə edilmişdir.

İctimai asayişin mühafizəsi və sərhəd regionlarında hüquq pozuntularının qarşısının alınması ilə bağlı problemlərə xüsusi diqqət yetirilmişdir.

Nazirlər razılıq hissi ilə bildirmişlər ki, son vaxtlar iki nazirlik arasında xeyli möhkəmlənmiş ənənəvi sıx peşəkar əlaqələr məqsədyönlü şəkildə yeni siyasi məzmunla, müasir forma və metodlarla zənginləşir.

Bundan əlavə, görüşdə qabaqlayıcı operativ informasiya mübadiləsinin, onun vaxtında və hərtərəfli təhlilinin, fəal şəkildə həyata keçirilməsinin təmin olunmasının vacibliyi vurğulanmış, nəqliyyat və energetika infrastrukturları obyektlərinin cinayətkar müdaxilələrdən etibarlı qorunması ilə bağlı problemin xüsusi əhəmiyyətindən danışılmışdır.

Nazirlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Rusiya Federasiyası Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalamışlar. Bildirilmişdir ki, mərhələli xarakter daşıyan bu sənədin müddəaları əməli qarşılıqlı fəaliyyətin mövcud hüquqi bazasını əhəmiyyətli dərəcədə tamamlayır və onun səmərəliliyinin artmasına xidmət edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 29 iyun.- S.  6.