Astanada İslam Konfransı Təşkilatı
Xarici İşlər Nazirləri Şurasının 38-ci
sessiyasında qurumun adı dəyişdirilərək
İslam Əməkdaşlıq Təşkilatı
adlandırılmışdır
İyunun 28-də Astanadakı Müstəqillik Sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyası öz işinə başlamışdır.
Tədbirdə təşkilatın üzvü olan ölkələrin xarici işlər nazirlərinin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edir.
Ölkəmizi bu sessiyada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə nümayəndə heyəti, həmçinin TürkPA-nın baş katibi Ramil Həsənov təmsil edirlər.
Sessiyada Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov Tacikistandan Şuranın sədrlik səlahiyyətlərini qəbul etmişdir. Bu münasibətlə Qazaxıstanı təbrik edən Tacikistan xarici işlər nazirinin müavini Nizomiddin Zaxidov bu işdə onlara uğurlar arzulamışdır.
İKT-nin baş katibi Ekmələddin İhsanoğlu qazax xalqını müstəqilliyin 20 illiyi münasibətilə təbrik etmiş, Yaxın Şərq və ərəb dünyasındakı problemləri ön plana çəkmişdir. Onun sözlərinə görə, məhz bu problemlər ölkələrin inkişafına mane olur. Liviya, Suriya, Yəmən, həmçinin Əfqanıstan, İraq və digər ölkələrdə sülhün və sabitliyin qorunması, dinc əhali arasında tələfata son qoyulması, milli birliyə nail olunması vacibdir.
E.İhsanoğlu Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfdən işğal olunmuş Azərbaycan torpaqlarının hələ də geri qaytarılmaması səbəbindən əhalinin əziyyət çəkdiyini qeyd etmiş, demişdir ki, ərazilərin azad olunması həlli vacib olan məsələlərdəndir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev təklif etmişdir İKT-nin rolunu yüksəltmək məqsədilə qurumun İqtisadi İnkişaf Strategiyasını hazırlamaq və on müsəlman ölkəsinin forumunu yaratmağa ehtiyac vardır.
Qazaxıstan Prezidenti qurumun üzvü olan ölkələr arasında ticarət, investisiya, texnoloji, sosial, təhsil və digər sahələrdə xüsusi proqramlar hazırlanmasının vacibliyinə də toxunmuşdur. Prezident demişdir ki, İKT-nin üzvü olan ölkələr dünya enerji ehtiyatlarının 70 faizinə nəzarət edir, amma bu ölkələrin əksəriyyətində həyat səviyyəsi aşağıdır. Nursultan Nazarbayev İKT-nin fəaliyyəti, gənclərin dini dəyərlərə, islam mədəniyyətinə marağını artırmaq məqsədi ilə e-islam internet şəbəkəsinin yaradılmasını da təklif etmişdir.
Sessiyada İslam Konfransı Təşkilatının adı dəyişdirilərək İslam Əməkdaşlıq Təşkilatı adlandırılmış, qurumun yeni emblemi təsdiq olunmuşdur.
Sessiya öz işini davam
etdirir.
Tədbirdə Azərbaycanın
Qazaxıstandakı səfiri Zakir Həşimov iştirak
etmişdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.- 2011.- 29 iyun.- S.
6.