Latviya Azərbaycan ilə həm Şərq Tərəfdaşlığı
Proqramı çərçivəsində,
həm də ikitərəfli formatda əlaqələrin inkişafında
maraqlıdır
Azərbaycanda səfərdə olan Baltik Assambleyası sədrinin müavini, Latviya parlamentinin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Yanis Reirs və onu müşayiət edən şəxslər iyunun 28-də Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ilə görüşmüşlər.
Z.Səmədzadə Azərbaycan ilə Latviya arasındakı dostluq əlaqələrinin tarixindən danışmış, müstəqilliyimizi bərpa etdikdən sonra münasibətlərimizin yeni müstəvidə daha da genişləndiyini bildirmişdir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, əldə olunmuş uğurlar barədə qonaqlara ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, müstəqilliyinin ilk illərində Azərbaycan çoxlu problemlərlə üzləşmişdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onların bir çoxu öz həllini tapmış və Azərbaycan inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin həyata keçirdiyi neft strategiyası nəticəsində "Əsrin müqaviləsi" imzalanmış, Dövlət Neft Fondu yaradılmışdır. Bunun nəticəsində xarici şirkətlərin Azərbaycana marağı, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi daha da artmışdır. Bu gün Azərbaycan öz iqtisadi inkişafına görə regionda lider dövlətdir və bölgədə həyata keçirilən irimiqyaslı layihələrin birbaşa iştirakçısı və təşəbbüskarıdır. Azərbaycanın valyuta ehtiyatları 30 milyard ABŞ dollarını keçmişdir, xarici dövlət borcu isə ümumi daxili məhsulun təqribən 8 faizini təşkil edir. İstehsal olunan ümumi daxili məhsulun 80 faizdən çoxu özəl sektorun payına düşür.
Azərbaycan beynəlxalq əlaqələrini də genişləndirir, siyasi, iqtisadi, mədəni və digər sahələrdə dünyanın inkişaf etmiş ölkələri, eləcə də Latviya ilə sıx əməkdaşlıq edir. Biz bütün sahələrdə əlaqələrimizin genişlənməsində maraqlıyıq.
Azərbaycana 3 il əvvəl səfər etdiyini vurğulayan Yanis Reirs demişdir ki, Bakı bu illər ərzində çox dəyişmişdir. Biz güclü inkişafın şahidi olduq. Azərbaycan ilə Latviya arasında oxşar xüsusiyyətlərin olduğunu vurğulayan qonaq demişdir ki, müstəqillik yolunda mübarizəmiz də oxşar olmuşdur. Biz bu gün səhər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdik. Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların məzarlarını ziyarət etdik.
Qonaq demişdir: "Biz Azərbaycanda gedən prosesləri diqqətlə izləyirik. Azərbaycanlı dostlarımızın əldə etdikləri uğurlar bizi çox sevindirir. Həm Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrimizin inkişafında maraqlıyıq. Avropanın enerji təhlükəsizliyi məsələsində də Azərbaycanın mühüm rol oynadığı aydın görünür. Biz bu sahədə də həyata keçirilən layihələri dəstəkləyirik".
Sonra görüşdə, ölkələrimiz
arasında əlaqələrin
inkişafında parlamentlərin
rolu xüsusi qeyd edilmiş, qarşılıqlı səfərlərin
əhəmiyyətindən danışılmış, regionda
və dünyada gedən ictimai-siyasi proseslər, Dağlıq Qarabağ münaqişəsinin
həlli yolları və Azərbaycanın problemin həllində ədalətli
mövqeyi ətrafında
geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-29
iyun.- S. 7.