Yanis Reirs: "Azərbaycan sürətlə inkişaf edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

 

"Biz çox istərdik ki, Baltik Assambleyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirəyə çıxarılsın və bu məsələyə ədalətli qiymət verilsin".

Bu fikirlər iyunun 28-də Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə Baltik Assambleyası sədrinin müavini, Latviya parlamentinin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Yanis Reirsin görüşündə səslənmişdir.

İşçi qrupun rəhbəri Rövşən Rzayev qonağa Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya edir. Avropanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də NATO ilə sıx əməkdaşlıq edir. Avropaya inteqrasiya məsələsində Latviyanın təcrübəsinin öyrənilməsinə ehtiyac vardır. Ona görə də hesab edirik ki, qarşılıqlı səfərlər, təcrübə mübadiləsi hər iki tərəf üçün çox əhəmiyyətlidir.

R.Rzayev və işçi qrupun üzvü Fuad Muradov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, rəsmi Bakının bu məsələ ilə bağlı haqlı və ədalətli mövqeyi, Dağlıq Qarabağın azərbaycanlı icmasının vəziyyəti barədə qonağa ətraflı məlumat vermişlər. Məsələnin Baltik Assambleyasında müzakirəyə çıxarılmasının əhəmiyyəti xüsusi qeyd olunmuşdur.

Yanis Reirs demişdir ki, Azərbaycan sürətlə inkişaf edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Rəsmi Bakının Avropaya inteqrasiya siyasətini də yüksək qiymətləndiririk və düşünürəm ki, bu sahədə çox uğurlu nəticələr əldə edəcəksiniz. Latviya bu işdə Azərbaycana hər cür dəstək verməyə hazırdır.

Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolu, beynəlxalq təşkilatlarda, o cümlədən GUAM və Baltik Assambleyası çərçivəsində birgə əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29 iyun.- S.  7.