Dövlət İdarəçilik Akademiyasında "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir

 

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, akademiyanın tarixçi müəllimlərinin və elmi ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə DİA-nın rektor əvəzi, professor Əlikram Abdullayev akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ilə bağlı Azərbaycan cəmiyyətində geniş müzakirələr aparıldığını bildirərək, onun elmi-nəzəri, siyasi-məntiqi əhəmiyyətindən danışmışdır. Vurğulanmışdır ki, 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ölkəmizə qarşı qərəzli ittihamlar, həmçinin tarixi gerçəkliyin saxtalaşdırılması kitabda elmi cəhətdən əsaslandırılmış müddəalarla təkzib edilir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq siyasəti akademik tərəfindən ifşa edilərək, Qarabağın dağlıq hissəsi ilə bağlı mənzərə tutarlı dəlillərlə şərh edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov kitabın elmi əhəmiyyətindən danışaraq, burada Azərbaycanın qədim və müasir dövrlərinin xəritələrinin əks olunduğunu xüsusi vurğulamışdır. Y.Mahmudov bildirmişdir ki, akademik Ramiz Mehdiyev kitabda ermənilərin antropoloji baxımdan Cənubi Qafqaz xalqları üçün xarakterik olmadığını dəlillərlə göstərmişdir.

Digər natiqlər də kitabda toxunulan məsələlərin aktuallığından danışaraq, bu elmi araşdırmanın Ermənistan ilə aparılan informasiya müharibəsində, diplomatiya sahəsində və elmi müzakirələrdə əhəmiyyətli rol oynayacağını diqqətə çatdırmışlar.

 

 

Azərbaycan.- 2011.- 29 iyun.- S.  7.