Azərbaycan nümayəndə heyəti Tehranda keçirilmiş Beynəlxalq konfransda iştirak etmişdir

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-mayor Eldar Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-26-da Tehranda keçirilmiş "Terrorçuluqla beynəlxalq mübarizə" konfransında iştirak etmişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İran Prezidenti Mahmud Əhmədinejadla görüşü olmuşdur.

Konfransda çıxış edən E.Mahmudov terrorçuluqla mübarizənin Azərbaycan Respublikası üçün vacib və aktual məsələlərdən olduğunu, dövlət müstəqilliyimizin bərpasından dərhal sonra ölkəmizin təcavüzkar separatizm, transmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq və ekstremizm kimi ağır təhdidlərlə üz-üzə qaldığını bildirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin zəbt olunduğunu qeyd edən nazir, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik sahəsinin dövlətimizin nəzarətindən çıxdığını diqqətə çatdırmışdır. Nazir demişdir ki, 1989-1994-cü illər ərzində Ermənistanın yeritdiyi dövlət terrorçuluq siyasəti çərçivəsində Azərbaycana qarşı 373 terror aktı törədilmiş, nəticədə 2 minə yaxın insan həlak olmuş, onların çox hissəsi döyüş bölgəsindən xeyli uzaqda, bir hissəsi isə atəşkəsdən sonra həyata keçirilmişdir.

Bu sırada metropoliten, sərnişin avtobus və qatarları, dəniz bərəsi və helikopterin partladılması kimi dəhşətli aksiyalar yer almışdır. Azərbaycan müxtəlif növ təhlükələrlə zəngin mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, hazırda təhlükəsizlik baxımından nəinki Cənubi Qafqazın, eləcə də Müstəqil Dövlətlər Birliyinin ən sabit ölkəsidir. Bu fenomen Azərbaycanın ümummilli lideri Heydər Əliyevin milli təhlükəsizlik istiqamətindəki qətiyyətli və düşünülmüş siyasi kursu nəticəsində əldə edilmişdir. Ulu öndərimizin müəyyən etdiyi prioritetlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində özünə layiqli yer tutmuş və xarici həmkarlar arasında etibarlı tərəfdaş nüfuzu qazanmışdır. Ölkəmizdə güclü antiterror müdafiəsi məqsədi ilə müvafiq qanunvericilik bazası formalaşdırılmış, həmçinin dövlət proqramları və konsepsiyaları qəbul olunmuş, milli antiterror qərargahı yaradılmışdır. Görülmüş təşkilat-praktiki və əməliyyat tədbirləri sayəsində son illər ərzində Azərbaycanda 9 terrorçu-ekstremist qrup zərərsizləşdirilmişdir.

Terrorçuluq və ekstremizmlə, hər cür cinayətkar fəaliyyətlə barışmaz mübarizə aparan Azərbaycan Respublikasının bu sahədə prinsipial mövqelərinin aşağıdakı bir neçə təməl üzərində qurulduğunu qeyd edən nazir, ilk növbədə, ölkəmizin dünyanın bütün dövlət və regionlarında beynəlxalq hüquq prinsiplərinə uyğun sülhün bərqərar olunmasının və ziddiyyətlərin dinc yolla həllinin, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin qorunmasının tərəfdarı olduğunu, separatçılıq, zorakılıq və ekstremizmin əleyhinə çıxdığını söyləmişdir.

Bununla yanaşı, terrorçuluqla mübarizə üzrə də bütün hallarda beynəlxalq hüququn tanınmış norma və prinsiplərinin rəhbər tutulmasının vacibliyindən danışan E.Mahmudov əlavə etmişdir ki, terrorçuluq, ekstremizm və radikallaşma üzərində qələbənin ən düzgün yolu bu halların əsl kökü olan müharibələrə və ikili standartlara son qoyulmasında və ədalətli sülhə nail olmaqdadır.

Nazir, həmçinin bildirmişdir ki, digər təhlükəli təzahür İslamın həqiqi mənasının terrorçu və ekstremistlər tərəfindən qəsdən təhrif olunması və bundan şüar kimi istifadə edilməsidir. Ümumiyyətlə, hesab edirik ki, müxtəlif regionları, din və mədəniyyətləri təmsil edən xalqların dialoqu çox vacibdir. Son illər ölkəmiz bu istiqamətdə böyük təcrübə qazanmışdır. Azərbaycanda vaxtaşırı dinlərarası və mədəniyyətlərarası dialoqlar üzrə beynəlxalq tədbirlər keçirilir. Həmin dialoqlar çərçivəsində hüquq-mühafizə və xüsusi xidmət orqanları arasında praktiki əməkdaşlıq və səmərəli informasiya mübadiləsi regional və qlobal təhlükəsizlik üçün etibarlı təminatdır.

Azərbaycan Respublikasının bütün ölkələrlə qarşılıqlı münasibətlərə və onun inkişafına böyük önəm verdiyini söyləyən nazir ümidvar olduğunu bildirmişdir ki, dünyanın daha da sabitliyi və təhlükəsizliyi birgə və real səylər nəticəsində mümkündür.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.- 2011.- 29 iyun.- S.  7.