Azərbaycanın Mətbuat Şurası ilə Özbəkistanın Müstəqil Çap KİV-ləri və İnformasiya Agentliklərinin İnkişafına Dəstək İctimai Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

 

Səmərqənddə keçirilən "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" mövzusundakı konfransda iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Daşkənddə müxtəlif görüşlər keçirmişlər. Mətbuat Şurası ilə Özbəkistanın Müstəqil Çap KİV-ləri və İnformasiya Agentliklərinin İnkişafına Dəstək İctimai Fondu (İF) ilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Sənədi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və İF-in sədri Abdulaziz Abdullaev imzalamışlar.

Sənədə uyğun olaraq Azərbaycan ilə Özbəkistan arasında çoxtərəfli əməkdaşlığı dərinləşdirmək məqsədi ilə təcrübə mübadiləsinin aparılması, birgə konfrans, "dəyirmi masa" və seminarların keçirilməsi, Azərbaycanın və Özbəkistanın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı, ictimai həyatı ilə bağlı jurnalistlər arasında müxtəlif müsabiqələrin, digər birgə layihələrin təşkili, Azərbaycan mətbuatında Özbəkistan, Özbəkistan mətbuatında isə Azərbaycanla əlaqədar ən müxtəlif materialların çap olunması nəzərdə tutulur.

Əflatun Amaşov AzərTAc-ın müxbiri ilə söhbətində demişdir ki, bu ilin payızında Bakıda türkdilli ölkə jurnalistlərinin qurultayının keçirilməsi nəzərdə tutulur və görüşlərdə bu tədbirə Özbəkistandan da beş jurnalist dəvət etdik. Ümidvaram ki, bundan sonra bu sahədə də əlaqələrimiz yüksək səviyyəyə qalxacaqdır. Bu sənədin imzalanmasından sonra biz həm Daşkənddə, həm də Bakıda tez-tez görüşməyi qərara aldıq.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 

Azərbaycan.- 2011.- 29 iyun.- S. 11.