ABŞ Dövlət Departamenti
Kazan görüşündə gözlənilən nəticənin
əldə edilmədiyini bildirmişdir
ABŞ Dövlət Departamentinin iyunun 27-də təşkil etdiyi gündəlik brifinqdə müzakirə olunan beynəlxalq məsələlərdən biri də Azərbaycan və Ermənistan dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın Kazan şəhərində keçirdikləri görüş olmuşdur. Birləşmiş Ştatların görüşün nəticələri ilə bağlı münasibətini açıqlayan Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland jurnalistlərə bildirmişdir ki, Kazan görüşündə Azərbaycan və Ermənistan prezidentləri Əsas Prinsiplər üzrə razılıq əldə edə bilməmişlər. Buna baxmayaraq, Rusiya Prezidenti Dmitri Medvedevlə birgə bəyanatda hər iki Prezident qeyd etmişdir ki, bir sıra məsələlər üzrə anlaşılmanı artıra bilmişlər. Tərəflər Əsas Prinsiplər üzrə işi davam etdirmək haqqında razılıq əldə etmiş və gələcəkdə müəyyənləşdiriləcək tarixdə bir daha görüşmək qərarı vermişlər. "Lakin Kazan görüşündə gözlənilən nəticə əldə edilməmişdir" deyən Dövlət Departamentinin rəsmisi fikrini yekunlaşdırmışdır.
Xatırladaq ki, Kazan görüşü ərəfəsində ABŞ Prezidenti Barak Obama ölkəsinin Dağlıq Qarabağ məsələsinin həllində marağının ifadəsi kimi Azərbaycan və Ermənistan prezidentlərinə zəng edərək onları Əsas Prinsiplər üzrə razılıq əldə etməyə çağırmışdı.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi
müxbiri
Vaşiqnton
Azərbaycan.- 2011.- 29 iyun.- S.
11.