Hesablama Palatasının sədri
Qazaxıstanın Ali Audit Qurumunun yaranmasının 15-ci
ildönümünə həsr olunmuş beynəlxalq
konfransda iştirak etmişdir
Qazaxıstan Respublikasının Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsi Astana şəhərində Komitənin yaradılmasının 15 illiyinə həsr edilmiş "Dövlət maliyyə nəzarəti - iqtisadi sabitliyin aləti" mövzusunda Beynəlxalq elmi-praktik konfransla öz yubileyini qeyd etmişdir.
Konfransda INTOSAI-ın sədri, Cənubi Afrika Respublikasının baş auditoru T.Nombembe, ECOSAI-ın sədri, İran Ali Audit Məhkəməsinin prezidenti M.Əsədi, Türkiyə Respublikasının sayıştay başkanı R.Akyel, Qırğızıstan Hesablama Palatasının sədri S.Moldokulov, Estoniyanın Milli Audit Ofisinin baş auditoru M.Oviir və digər ölkələrin AAQ-lərinin rəhbərləri, Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarının nümayəndələri, habelə Qazaxıstan Respublikası parlamentinin və hökumətinin yüksək vəzifəli rəsmiləri iştirak etmişlər.
Hesablama Palatasından AzərTAc-a bildirmişlər ki, yubiley tədbirində Qazaxıstan Respublikasının Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsinin sədri O.Oksikbayevin dəvəti ilə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Heydər Əsədov da iştirak etmişdir.
H.Əsədov və digər konfrans iştirakçıları hazırkı şəraitdə hər bir ölkənin iqtisadi inkişafında və maliyyə sabitliyinin əldə olunmasında AAQ-lərin rolunun gündən-günə artırılması zəruriliyini vurğulayaraq, bu sahədə qarşıda duran aktual problemlər üzrə fikirlərini bölüşmüşlər. Bu baxımdan Qazaxıstan Respublikasının Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsinin nailiyyətləri yüksək qiymətləndirilmiş və bu ölkənin iqtisadiyyatının son illər müşahidə olunan davamlı iqtisadi artımında Hesablama Komitəsinin də xüsusi payının olması vurğulanmışdır.
Konfransın
sonunda iqtisadi sabitliyin möhkəmləndirilməsinin vacib
elementi kimi dövlət maliyyə idarəetmə sisteminin səmərəliliyinin
artırılmasında AAQ-lərin rolu haqqında Qətnamə
qəbul edilmişdir.
Azərbaycan.- 2011.- 29 iyun.- S. 11.