Azərbaycan Prezidenti İlham Əliyev
Bakı Metropoliteninin "Dərnəgül"
stansiyasının açılışında iştirak
etmişdir
İyunun 29-da Bakının 7-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin növbəti - "Dərnəgül" stansiyasının açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Paytaxt ictimaiyyətinin nümayəndələri, Bakı Metropoliteninin əməkdaşları dövlət başçısını və xanımını hərarətlə qarşıladılar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.
Baş nazirin müavini Abid Şərifov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və "Azərtunelmetrotikinti" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Şaiq Əfəndiyev dövlət başçısına məlumat verdilər ki, Bakı Metropoliteni fəaliyyət göstərdiyi 44 il ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 32,9 kilometr yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilmişdir. Metropolitenin inkişafı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu öndərin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrədək Bakı Metropolitenində cəmi 6 stansiya və 8,8 kilometr metro xətti var idi. 1969-cu ildən sonra isə metropolitenin 14 stansiyası və 21,1 kilometr metro xətti inşa edilərək istismara verilmişdir.
Bildirildi ki, Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına metropoliten xətləri inkişaf etdirilmiş, "Nəsimi", "Azadlıq prospekti" stansiyaları və "28 May" stansiyasının ikinci çıxışı istismara verilmişdir. "İçərişəhər" stansiyası tamamilə yenidən qurulmuşdur. Metronun "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında da inşaat işləri davam etdirilir. İctimai sərnişindaşımada müstəsna rolu olan Bakı Metropoliteninin davamlı inkişafı Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı" əsasında reallaşır.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, "Dərnəgül" stansiyası paytaxt metrosunun sayca 23-cü stansiyasıdır. Metronun "Dərnəgül" də daxil olmaqla üç stansiya və bir depodan ibarət olan üçüncü növbəsinin şimal sahəsinin tikintisinə 1989-cu ildən başlanmışdır. Tikinti işləri 1990-cı illərin əvvəlində dayandırılmış, 2006-cı ilin noyabrında bərpa olunmuşdur. Artıq Bakı Metropoliteninin şimal hissəsində "Nəsimi", "Azadlıq prospekti" stansiyaları istismara verilmişdir. "Azadlıq prospekti" stansiyasının davamı olaraq Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində inşa edilən "Dərnəgül" 7-ci mikrorayon yaşayış massivini əhatə edir.
Bildirildi ki, stansiyanın yerüstü sahəsini əhatə edən 10,2 hektarlıq ərazidə yeni park salınmış, abadlıq və yaşıllaşdırma işləri görülmüş, sel suları üçün kanalizasiya sistemi tikilmiş, su kəməri çəkilmiş, suvarma sistemi yaradılmışdır. Sakinlərin istirahəti üçün 34 oturacaq, xarici işıqlandırma sistemi üçün 120 işıq dirəyi quraşdırılmış, asfalt örtüyü salınmışdır. Stansiyanı elektrik enerjisi ilə 10 kilovoltluq yarımstansiya təmin edəcəkdir.
Qeyd olundu ki, stansiyanın girişləri informasiya monitorları ilə təmin edilmişdir. Stansiyaya daxil olmaq üçün iki yeraltı keçid və dörd giriş-çıxış vardır.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya stansiyada quraşdırılmış sensorlu interaktiv sorğu köşkü barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, displeydə Azərbaycan, ingilis və rus dillərindən birini seçdikdən sonra sərnişin yola sərf edəcəyi vaxt, keçid stansiyası, gedəcəyi stansiyanın ətrafındakı obyektlər barədə ətraflı məlumat alacaqdır.
Dövlət başçısına bildirildi ki, yeni stansiyanın buraxılış kompleksinin ümumi uzunluğu 1548, stansiya kompleksinin ümumi uzunluğu isə 302 paqonometrdir. Müasir üslubda inşa olunmuş stansiya bədii-memarlıq tərtibatı ilə diqqəti cəlb edir. Obyektdə platforma döşəməsinin və yol divarlarının ornamentlərinin işlənməsində Azərbaycan memarlıq ənənələri əsas götürülmüşdür. Stansiyada üzlənmə işləri görülərkən Ukrayna, Türkiyə və Hindistandan gətirilən təbii mərmər və qranitdən istifadə olunmuşdur. Sütunsuz tağvarı sərnişin platforması Almaniyanın "Durlum" şirkətinin istehsalı olan yüksək estetik görünüşə malik, yığma lövhəli asma tavan tipli sistem vasitəsilə işıqlandırılır.
Dövlət başçısı və xanımı Bakı Metropoliteninin inkişafına ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısını əks etdirən filmə baxdılar. Filmdə ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Bakı Metropoliteninin keçdiyi əsaslı inkişaf yolu barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, Prezident İlham Əliyev Bakı Metropoliteninin yeni inkişaf mərhələsinə təkan vermişdir. Filmdə həmçinin bu ilin avqustundan metro tikintisində ilk dəfə yeni tunellərin qazılmasında və inşasında istifadə ediləcək Almaniya istehsalı olan ən müasir tunelqazma maşınları barədə də ətraflı söhbət açıldı. Qeyd olundu ki, bu, işin keyfiyyətlə və daha sürətlə yerinə yetirilməsinə imkan yaradacaqdır.
Məlumat verildi ki, ilk dəfə olaraq Bakı Metropolitenində "SOS" həyəcan sistemi tətbiq edilmişdir. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Bakı Metropoliteninin və sərnişinlərin təhlükəsizliyi üçün quraşdırılan yeni sistem barədə də ətraflı məlumat verildi. Bildirildi ki, ötən ilin sonunda Bakı Metropoliteninə ayrılan vəsait hesabına 3 minədək kamera quraşdırılmışdır. Bütün stansiyalarda olduğu kimi, "Dərnəgül"də də tunel və stansiyaları tam əhatə edən və birbaşa server mərkəzinə ötürülən videomüşahidə, sərnişinsayan və sifəttanıma sistemləri tətbiq olunmuşdur. Bu sistemlər metropolitenin, eləcə də sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə imkan yaradır.
Vurğulandı ki, "Dərnəgül" stansiyasında platformadan kassa zalına çıxış üçün Almaniya istehsalı olan üç eskalator quraşdırılmışdır. Stansiyanın platformasında yeni tipli elektron interval saatları da müasirliyi ilə seçilir.
Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını yeni stansiyanın açılışı münasibətilə təbrik edərək dedi:
- Təbrik edirəm sizi! "Dərnəgül" stansiyasının açılışı çox gözəl hadisədir. Bakıda yeni növbəti metro stansiyası istismara verilir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl, yaraşıqlı, rahat stansiyadır. Burada ən qabaqcıl texnologiyalar tətbiq olunub. Təhlükəsizlik məsələləri tam şəkildə həllini tapıb. Stansiyanın dizaynı da gözəldir. Stansiya qısa müddət ərzində tikilib istifadəyə verilib. Beləliklə, Bakıda metro stansiyalarının sayı 23-ə çatıbdır.
Son illər ərzində şəhərimizdə metro tikintisi çox sürətlə gedir. Demək olar ki, hər il yeni stansiya açılır. İki il bundan əvvəl biz metronun "Azadlıq prospekti" stansiyasının açılışını qeyd etmişik. "Dərnəgül" stansiyası artıq görülən o işlərin məntiqi davamıdır. 2008-ci ildə "Nəsimi" stansiyası tikilibdir. Növbəti illər ərzində yeni stansiyaların tikintisi də nəzərdə tutulur.
Bütövlükdə qəbul edilmiş proqrama uyğun olaraq, 2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir. Çox böyük proqramdır. Qısa müddət ərzində əlavə 6 stansiyanın tikilməsi əlbəttə ki, böyük peşəkarlıq, maliyyə resursları tələb edir. Hesab edirəm ki, yeni alınmış avadanlıqdan istifadə olunması nəticəsində biz bu proqramı icra edəcəyik.
2015-ci ildən sonra proqramımızın ikinci mərhələsi, yeni stansiyaların tikintisi başlanacaqdır. Sadəcə olaraq, bu proqramı biz hissələrə böldük ki, daha da real, konkret və qısamüddətli olsun. Ancaq metro tikintisi üzrə böyük proqram, əlavə, bəlkə onlarla stansiyanın tikintisini nəzərdə tutur. Bu Proqram 2030-cu ilə qədər icra edilməlidir və şəhərimizin hər bir yerində gözəl metro stansiyası tikilməlidir. Bunun böyük əhəmiyyəti vardır. Çünki metro ən rahat və ən ucuz nəqliyyat növüdür. Yeni yanaşma ilə, yeni gözəl dizaynın tətbiq edilməsi nəticəsində metro stansiyaları, eyni zamanda, memarlıq baxımından da şəhərimizə yaraşıq verir.
Metro tikintisi çox çətin məsələdir, çox böyük texniki imkanlar, peşəkarlıq və maliyyə resursları tələb edir. Biz isə bu işi görməklə şəhər sakinlərinin rahatlığını təmin etmək istəyirik. Yəqin, Bakı sakinləri onu da yaxşı bilirlər ki, metro tikintisi elə sahədir ki, oraya qoyulan vəsait, demək olar, geri qayıtmır. Birincisi, ona görə ki, metro tarifləri, yəni gediş haqları çox aşağıdır. Dünyada ən ucuz tariflər bizdədir. Digər tərəfdən, ona görə ki, metro tikintisi, demək olar, həmişə daha çox sosial xarakter daşıyır. Ona görə ki, buraya qoyulan vəsait və növbəti illərdə yeni stansiyaların tikilməsinə qoyulacaq vəsait insanların rahatlığı üçündür.
Azərbaycanda sosial məsələlər uğurla həll edilir. O cümlədən şəhər nəqliyyatı məsələləri həll olunur. Yeni gözəl yollar tikilir, avtobuslar alınır. İndi gözəl və çox rahat taksi maşınları alınıbdır. Dünyanın ən inkişaf etmiş şəhərlərində belə taksi maşınlarına rast gəlmək olar. İstəyirəm ki, tezliklə onların sayı artsın ki, şəhər sakinləri keyfiyyətli nəqliyyat vasitələri ilə təmin edilsinlər.
Bizim gördüyümüz işlər bundan ibarətdir. Bu, reallıqdır, real işdir. Bir müddət bundan əvvəl mənim rəhbərliyimlə keçirilmiş müşavirədə səslənən fikirlər bu gün reallaşır. Müşavirədən sonra qəbul edilmiş proqram icra edilir. Bizim bütün proqramlarımız konkret xarakter daşıyır. Hər bir proqram konkret iş cədvəli əsasında qurulub. Hər bir proqramın arxasında maliyyə resursları və texniki imkanlar vardır.
Bu gün burada nümayiş etdirilən, metro tikintisi üçün nəzərdə tutulan yeni avadanlıq dünyada ən birinci, ən yüksək keyfiyyətə malik olan avadanlıqlardır. Bu avadanlıqdan istifadə imkan verəcəkdir ki, biz tunel işlərini daha da sürətlə, yüksək keyfiyyətlə və zövqlə aparaq. Ona görə mən hesab edirəm ki, bugünkü açılış onu göstərir ki, son bir neçə il ərzində tikilmiş stansiyalar və görülmüş işlər, artıq sistemli xarakter daşıyır.
Növbəti stansiyaların açılışı 2013-cü ildə nəzərdə tutulur. 2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcəkdir və ondan sonra hər il biz yeni stansiyaların tikintisinə də nail olacağıq. Dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulub. Peşəkarlıq vardır. Mən çox şadam ki, metro tikintisini Azərbaycan inşaatçıları aparırlar. Bu da yaxşı göstəricidir. Bu, çox çətin məsələdir. Metro tikmək, - burada metro inşaatçıları bunu təsdiq edə bilərlər, - bəlkə də ən çətin məsələdir.
Mən çox şadam ki, bizdə olan məktəb və peşəkar kadrlar, bu kadrların yenidən hazırlanması, onların peşə qabiliyyətinin təkmilləşdirilməsi prosesi də uğurla gedir. Biz gərək addımlarımızı dünyada gedən proseslərə həmişə uyğun şəkildə ataq. O cümlədən dünyanın ən qabaqcıl texnologiyalarını Azərbaycana gətirməliyik və gətiririk.
Sizi bu hadisə
münasibətilə təbrik edirəm. Bu stansiyanın
tikintisində iştirak etmiş bütün vətəndaşlara
minnətdarlığımı bildirmək istəyirəm. Bu
ərazidə yaşayan sakinləri də təbrik edirəm
ki, artıq onlar üçün yaxşı, gözəl
şərait yaradılıb. Bilin ki, bundan sonra da işlər davam edəcəkdir. Bir
daha təbrik edirəm.
Əməkdar müəllim
Zəriş MƏLİKOVA dövlət
başçısına minnətdarlıq edərək dedi:
- Hörmətli əziz
Prezidentimiz İlham Əliyev! Biz Sizi Binəqədi rayonuna gəlməyiniz
münasibətilə bir daha təbrik edirik, rayonumuzun
bütün sakinləri adından, sadə xalqın
adından, gənclərin adından salamlayırıq. Mehriban
xanıma dərin minnətdarlığımızı
bildiririk. İşinin gərgin olmasına baxmayaraq,
vaxtından bir qədər Binəqədi rayonunun sakinlərinə
- bizə ayırdığına görə ona da minnətdarlığımızı
bildiririk.
Ümumiyyətlə, Siz
xalqınıza o qədər bağlısınız,
yaxınsınız ki, bu, eyni zamanda, Binəqədi
camaatına da aiddir. Siz Prezident seçiləndən hər dəfə
Binəqədiyə gəlişinizi böyük bayram kimi
gözləyirik və qarşılayırıq. Bir az da gec
olanda, sözün düzü, darıxırıq. Hər gəlişinizlə
bizə böyük sevinc bəxş edirsiniz. Siz Binəqədi
rayonunda 12 məktəb binasını əsaslı təmir
etdirdiniz. Dörd məktəb binası, 14 əlavə korpus
tikdirib övladlarımızın ixtiyarına verdiniz. Bunlar
böyük uğurlardır. Buna görə biz Sizi həmişə
dəstəkləyirik, arzulayırıq, təbrik edirik.
Özümüzü də xoşbəxt hesab edirik ki, məhz
belə Prezidentin olduğu respublikada yaşayırıq.
Bu gəlişiniz də bizə
bayramdır. Bu gəlişinizlə, görün bizə nə
böyük töhfə verirsiniz. Metronun "Azadlıq
prospekti" stansiyasının ardınca "Dərnəgül"
stansiyası açılır. Bütün bunlara görə
Sizə minnətdarıq.
"Vətən"
uşaq-gənclər futbol mərkəzinin yeni tədris-təlim
bazasının açılışını yada salmaq istəyirəm.
Hər gün oradan işə gedəndə ona fəxrlə
baxırıq ki, bax, bu, Prezidentimiz İlham Əliyevin bizə
verdiyi böyük töhfələrdən biridir. Eyni zamanda,
uşaq bağçalarının təmiri, musiqi məktəbində
əlavə korpusun tikintisi bizi sevindirir, ruhlandırır,
xalqımıza daha yaxşı xidmət etməyə həvəsləndirir.
Biz ziyalılar da
çalışacağıq ki, Sizin hər bir göstərişinizi
səylə yerinə yetirək, müstəqil
respublikamızın həm daxilində, həm də xaricində
apardığınız siyasəti dəstəkləyək,
ardınızca gedə bilən gənclər yetişdirək.
Mehriban xanımın da
respublikamız üçün gördüyü işlər
əvəzsizdir. Bütün qadınlar ona bir xanımlıq
nümunəsi kimi baxır, örnək götürməyə
çalışır. Respublikada iki mindən çox məktəbin
tikilməsində, əlbəttə, Heydər Əliyev
Fondunun böyük, əvəzsiz rolu vardır. Siz
böyük öndərin layiqli
davamçılarısınız. Bu münasibətlə Sizə
işlərinizdə böyük uğurlar, Azərbaycan qədər
günəşli, isti, səmimi uğurlar arzulayıram.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun. Binəqədi rayonunun və Binəqədi
qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə
bağlı əlavə proqramlar icra edilir, burada yollar, su xətləri
çəkilir. Ona görə açılışlar hələ
çox olacaq, hələ çox görüşəcəyik.
Bakıdakı M.Əfəndiyev
adına
2 nömrəli şəhər
klinik xəstəxanasının şöbə müdiri, tibb
elmləri üzrə fəlsəfə doktoru Nizami MEHDİZADƏ
Prezident İlham Əliyevin paytaxtımızın
inkişafına göstərdiyi yüksək diqqət və
qayğıya görə təşəkkürünü
bildirərək dedi:
- Cənab Prezident, hörmətli
Mehriban xanım. Sizin hər gəlişiniz bizim
üçün toy-bayramdır, böyük əhval-ruhiyyə
yaradır. Nə üçün? Çünki Sizin hər gəlişiniz
rayonumuzun ərazisindəki problemlərin həll edilməsi ilə
nəticələnir. Bu, insanların maddi rifahının,
sosial şəraitinin yaxşılaşdırılması
yolunda atılan addımlardır. Mən bu haqda çox
danışa bilərəm. Ancaq bunların hamısı
göz qabağındadır. Ölkəmizdə aparılan
bütün bu abadlıq işləri, regionların
sosial-iqtisadi inkişafı haqqında proqramlar və
respublikamızdakı kommunikasiyaların yeniləşdirilməsi,
yenilərinin tikilməsi, yenidən qurulması xalq
üçün çəkilən zəhmətin çox
cüzi, xırda bir hissəsidir.
Sizin verdiyiniz bütün fərman
və sərəncamlar həmişə
sosialyönümlü olmuşdur. Məsələn, elə
dünən "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"nın həyata
keçirilməsi üzrə Tədbirlər Planının
(2011-2015-ci illər) təsdiqi bunun bariz nümunəsidir.
Sizin bizim rayonla bağlı
verdiyiniz göstərişlər, gəlişləriniz
zamanı qaldırılan problemlər çox yüksək səviyyədə
yerinə yetirilmişdir.
Mən bir məsələni
xatırlatmaq istəyirəm: Ümummilli lider Heydər Əliyev
vaxtilə qardaş Türkiyə şahinləri Bakı səmasında
müəyyən manevrlər edən zaman, bütün
insanlarımız sevinc içində ikən belə bir
söz demişdir: "Zaman gələcək Azərbaycan səmasında
Azərbaycanın özünün şahinləri manevr edəcəklər
və siz o günü görəcəksiniz".
Mən Sizə minnətdaram
və Sizin çox gərgin əməyiniz, davamlı, məntiqli
siyasətiniz, ordumuza olan çox böyük
qayğınız nəticəsində ulu öndərimizin həmin
arzusu bu gün yerinə yetirilmişdir. Bütün dünya
iyunun 26-da gördü ki, müstəqil Azərbaycan dövləti,
doğrudan da, az bir zamanda böyük inkişaf yolu
keçmişdir. Azərbaycanın Silahlı Qüvvələri
Cənubi Qafqazın ən qüdrətli ordusudur. Bu ordu
ölkənin ərazi bütövlüyünü bərpa
etməyə qadirdir və Ali Baş Komandanın rəhbərliyi
altında istənilən anda bunu etməyə hazırdır.
Mən buna görə Sizə çox böyük təşəkkür
edirəm.
Belə bir deyim var, Allah Sizi
qorusun! Çünki biz hələ Sizinlə birlikdə ulu
öndərimizin müasir Azərbaycanı görmək istədiyi
səviyyəyə çatdırmaq üçün çox
iş görməliyik. Azərbaycanı daha möhtəşəm
zəfərlərə Sizinlə bir yerdə
çatdırmalıyıq. Sağ olun, xoş gəlmisiniz.
Mən bir neçə kəlmə
də Mehriban xanımın gördüyü işlər barədə
danışmaq istəyirəm. Mən muğamsevərlərdənəm
və axırıncı dəfə keçirilən
müsabiqəni əvvəldən axıradək canlı dinləmişəm.
Orada demişəm ki, Mehriban xanım Azərbaycan
muğamının inkişafı üçün çox əvəzsiz
işlər görüb. Ucqar rayonlardan istedadlı
uşaqların tapılıb üzə
çıxarılmasında, qısa müddət ərzində
peşəkar xanəndə kimi yetişməsində və
klassik muğamımızın yaşamasında Mehriban
xanımın xidmətləri ölçüyəgəlməzdir.
Buna görə, Mehriban xanım, Sizə ürəkdən
"sağ olun" deyirəm. Allah Sizi də qorusun! Mən əminəm
ki, hələ Sizinlə çox qələbələrə
bir yerdə imza atacağıq. Sağ olun.
Prezident İlham ƏLİYEV:
Qabaqda hələ işlər çoxdur. Amma bütün sahələrdə
çox sürətli inkişaf vardır. İndi siz hərbi
parad haqqında söhbət açdınız. Doğrudan
da, bizim ordumuz, nəinki bu bölgədə, nəinki Cənubi
Qafqazda, dünya miqyasında güclü orduların
sırasındadır. Həm peşəkarlıq
baxımından, həm döyüş qabiliyyəti,
döyüş potensialı, texnika baxımından dünya
miqyasında güclü orduların sırasındayıq. Biz
bunu qısa müddət ərzində təşkil edə
bilmişik.
İndi bəzi hallarda məsələ
ilə yaxından
Mən bu imkanın
yaranmasında Azərbaycan xalqının zəhmətini,
istedadını qeyd etmək istəyirəm. Bütün
ölkəmizdə yaradılan və yaranmaqda olan gözəl
yenilikləri Azərbaycan xalqı edibdir. İyirmi ildir ki, biz
müstəqil xalq kimi yaşayırıq. Özümüzə
və dünyaya sübut edə bilmişik ki, biz müstəqil
xalq kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik. Dünyanın
ən sürətli inkişaf templərinə nail ola bilərik
və dünyanın ən müasir texnologiyalarını gətirə
bilərik.
Baxın, bizdə nəqliyyat
sahəsində ən qabaqcıl təcrübə tətbiq
olunur. Görün, necə gözəl yollar çəkilir.
Şəhər nəqliyyatı, metro tikintisi. İndi metro
tikintisi, eyni zamanda, onu göstərir ki, ölkə sürətlə
inkişaf edir. İnkişaf etməyən ölkədə
metroya pul qoyulmur. Metroya ancaq o ölkələrdə pul qoyulur
ki, orada sürətli inkişaf vardır. Çünki biz də,
misal üçün, müstəqilliyimizin ilk illərində
daha çox iqtisadi məsələlərə fikir verirdik. Gəlir
gətirən sahələrə vəsait qoyulurdu. Amma indi bizdə
imkan və iradə var ki, bütün sahələr inkişaf
etdirilsin, o cümlədən sosial məsələlər də.
Problemlər çoxdur. Hələ həllini gözləyən məsələlər vardır. Amma ən önəmlisi ondadır ki, hər bir istiqamət üzrə bizdə konkret proqramlar vardır. İstər ordu quruculuğu olsun, istər mədəniyyət sahəsi, metro tikintisi, nəqliyyat, sosial məsələlər, sahibkarlıq, iqtisadi inkişaf, yoxsulluğun azaldılması - hər bir istiqamətdə nəticələr vardır. Bu, reallıqdır. Bu, söz deyil, niyyət deyil, kağızda olan proqram deyildir. Bu, reallıqdır. Bu reallıqları biz yaratmışıq, siz yaradırsınız. Hələ görüləsi işlər çoxdur.
Bir daha sizi
bu gözəl hadisə münasibətilə təbrik edirəm.
Sizə cansağlığı arzulayıram.
***
Sonda ictimaiyyətin nümayəndələri,
Bakı Metropoliteninin əməkdaşları Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə
şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2011.- 30 iyun.- S. 1, 2.