Prezident İlham Əliyev Binəqədi
rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma
işləri ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, 2001-ci ildə istifadəyə verilən parkda ötən ilin dekabr ayından yenidənqurma işlərinə başlanılmışdır. Bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan Heydər Əliyev adına Parkın giriş qapısı 10 sütundan ibarətdir. Giriş qapısının hündürlüyü 12,5 metr, uzunluğu isə 80 metrdir. Parkın girişində 25 metr hündürlükdə bayraq dirəyi ucaldılmışdır.
Bildirildi ki, burada Heydər Əliyev İctimai Mərkəzi də fəaliyyət göstərəcəkdir. Mərkəzin iki mərtəbədən ibarət olacaq binasının birinci mərtəbəsində foye, xarici dil mərkəzi, konfrans zalı, audio-vizual, multimedia mərkəzləri, fotostudiya, istirahət və əyləncə mərkəzi, ikinci mərtəbədə isə kompyuter otağı, kitabxana və mətbuat mərkəzi, muzey, şahmat klubu və s. yerləşəcəkdir.
Parkda müxtəlif tədbirlər keçirmək üçün açıq meydança və fəvvarə tikilir. Həmçinin burada "Ana və uşaq" kafesi, istirahət köşkləri, uşaq əyləncə meydançası, əlil uşaqların reabilitasiyası mərkəzi inşa olunacaqdır. Parkın ərazisinə Almaniya istehsalı olan tamet döşənəcək, burada yaşıllıqlar salınacaqdır.
Prezident İlham Əliyev parkın eskiz layihəsinə, yenidənqurmadan sonrakı görünüşünü əks etdirən şəkillərə baxdı, müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2011.- 30 iyun.- S.
3.